Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Vaşinqton Türkiyəni itirməkdə olduğunun fərqində deyil”

16.02.18, 10:34
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Elxan Şahinoğlu: “Tramp administrasiyasının Türkiyə siyasəti düzəlməyəcək”

Toğrul İsmayıl: “Hazırda Türkiyə ilə qarşı-qarşıya gəlmək ABŞ üçün arzuedilməzdir”


Türkiyə Silahlı Qüvvələri (TSQ) “Zeytun budağı” əməliyyatı çərçivəsində bu günə kimi 1551 terrorçunu məhv edib.
Bu barədə TSQ-nin Baş Qərargahı məlumat yayıb. Məlumata görə, əməliyyatın 28-ci günündə terrorçulardan azad edilən yaşayış məntəqələrinin sayı 63-ə çatıb. Qeyd edilir ki, “Zeytun budağı” əməliyyatı planlandığı kimi uğurla davam etdirilir.
Terrorçulardan azad edilən yaşayış məntəqələrinin sayı isə 52-yə çatıb.
Qeyd edək ki, Türkiyə Hərbi Qüvvələrinin Afrində Duraklı, Karri, Yuxarı Divan, Şarbanlı və Şedya kəndlərini nəzarət altına almaları barədə məlumat verilmişdi.
Suriyanın Afrin bölgəsinin Darmık dağı ətrafında terrorçuların müəyyən edilən yeni mövqeləri aviazərbələr, “Fırtına” topları və tanklarla hədəf alınmağa başlanıb. Bombalanan ərazilər Türkiyənin Suriya ilə sərhədində yerləşən Kilisin bəzi kəndlərindən də görünüb.
Əraziyə xeyli hərbi texnikanın da cəlb edildiyi deyilib.
TSQ və ASO PYD-PKK ilə yeni şiddətli döyüşə başlayıb. Döyüşlər Afirinin Cindərəs bölgəsində gedir.
Qeyd edək ki, “Zeytun budağı” əməliyyatının 27-inci günü terrorçu qrupların yuva qurduğu Cindərəs bölgəsində şəhər mərkəzinə gedən yollar nəzarətə alınmış, məhəlli-lokal savaşlar üzrə peşəkar olan özəl birliklər yerləşməyə başlamış, uyğun şərait yetişən kimi əməliyyatların başlayacağı bildirilmişdi.

Terrorçulardan məğlubiyyət etirafı

“Tayms” qəzetinə danışan Huanq Li adlı çin əsilli ingilis YPG-çi deyib ki, Türkiyə böyük ölkədir, sanki bir savaş maşınıdır. O, YPG-nin qüdrətli türk ordusu qarşısında çarəsiz olduğunu bildirib: “Onların tankları, qırıcıları, PUA-ları və başqa mühüm silahları var. Türk ordusunu dayandıra bilməyəcəyik. Gec də olsa, bu savaşda qalib gələcəklər”.
RT kanalı Afrində hazırlanmış reportajında bildirlir ki, PYD/PKK terrorçuları türk ordusunun hədəfi olmamaq üçün mülki geyimdə gəzdiklərini etiraf ediblər. Reportajda jurnalist əli silahlı terrorçulardan niyə mülki geyimdə gəzdiklərini soruşub. PKK üzvü isə belə cavab verib: “Türkiyə Silahlı Qüvvələri Afrində hərbi formalı yaraqlıları vurur. Buna görə də mülki geyimdə sadə vətəndaşların arasında gəzirik. Bu geyimlərlə zeytun sahələrində gizlənirik”.
Qeyd edək ki, Afrin əməliyyatı başlayandan bu vaxta qədər türk ordusu bir mülki şəxsin belə ölümünə səbəb olmayıb.
Suriyada terror təşkilatı PKK/YPG-nin komandirlərindən olan Siban Hamo, YPG və Əsəd ordusunun Türkiyə dəstəkli Azad Suriya Ordusuna qarşı hərbi əməkdaşlıq etdiklərini açıqlayıb.
Siban Hamo Afrinin mərkəzində rejim mediası üçün mətbuat konfransı keçirib. Terrorçu Hamo diktator Bəşər Əsəddən kömək istədiklərini bildirib. “Suriya ordusunun Türkiyənin hücumuna qarşı Afrində məsuliyyətlərini yerinə yetirməsini istədik. Suriya qüvvələrinin Afrini müdafiə etmək üçün bura gəlməsində problem görmürük” deyə Hamo qeyd edib.
Xatırladaq ki, Bəşər Əsədin terror təşkilatı PKK/YPG-ni ABŞ-la əməkdaşlığa görə xain elan etmişdi.

Rəsmi görüşlər nəticə verəcəkmi?

ABŞ Müdafiə naziri Ceyms Mettisin türkiyəli həmkarı Nurəddin Canikliyə PKK terror qruplaşmasına qarşı mübarizədə PYD və YPG-dən istifadə ilə bağlı gülünc təklifinin pərdəarxası üzə çıxıb.
“Xəbərtürk” qəzeti Türkiyə diplomatik mənbələrinə istinadən bu planın təkcə Türkiyəyə yox, həm də İrana qarşı olduğunu yazıb: “ABŞ Saleh Müslim, Mustafa Qarasu və İrana yaxın olan başqa terrorçuların PKK-dan təmizlənməsi üçün plan hazırlayıb. Vaşinqton artıq bu istiqamətdə təmizlik işlərinə başlayıb. İrana yaxın olan terrorçuların ötən aylardan etibarən Suriyaya girişi rəsmən qadağan edilib. Mettisin irəli sürdüyü bu versiyanın əsl məqsədi PKK-nı bitirmək deyil, bu təşkilatın içindəki İran tərəfdarlarını yox etməkdir”.
Qeyd edək ki, Ceyms Mettis türkiyəli həmkarı Nurəddin Canikli ilə görüşü zamanı “PKK terror qruplaşmasına qarşı mübarizədə PYD və YPG-dən istifadə etmək olar” deyib. Türkiyə tərəfi isə bu təklifin absurd olduğunu bildirib
ABŞ Dövlət katibi Reks Tillersonun Türkiyə səfəri isə etiraza səbəb olub. “Doğan” xəbər agentliyi bir qrup şəxsin etiraz məqsədi ilə Tillerson-Çavuşoğlu görüşünün keçirildiyi “Ankara Palas” önündə toplaşdığını yazıb.
Etirazçılara polis müdaxilə edib, gözyaşardıcı qazdan istifadə edilib.
Qeyd edək ki, “Ankara Palas”da Reks Tillersonla Türkiyənin XİN rəhbəri Mövlud Çavuşoğlu arasındakı görüşdən sonra birgə mətbuat konfransı keçiriləcək.

“Reuters” xəbər agentliyi Türkiyənin Ankaraya gələn ABŞ dövlət katibi Tillersona terror təşkilatı YPG və Mənbiçə bağlı iki tələb irəli sürdüyünü yazıb. Agentlik adını çəkmədiyi bir türk mənbəsinə istinadən Türkiyənin Tillersondan terror təşkilatı YPG-nin Fərat çayının şərqinə çəkilməsini və Mənbicə Türkiyə ilə ABŞ-ın ortaq əsgəri birliyinin yerləşdirilməsini tələb etdiyini bildirib. Mənbə ABŞ-ın bu təklifi dəyərləndirəcəyinə söz verdiyini qeyd edib.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib ki, Vaşinqton Türkiyəni itirməkdə olduğunun fərqində deyil: “Deməli ABŞ müdafiə naziri Mettis türkiyəli həmkarı ilə görüşdə deyib ki, gəlin PKK ilə PYD-ni bir-biri ilə savaşdıraq. Guya söhbət iki fərqli terrorçu qrupdan gedir. Harada görünüb ki, təşkilat özü ilə mübarizə aparsın. Liderləri də, amalları da eynidir”. Onun sözlərinə görə, ikinci qəribə fikri ABŞ-ın dövlət katibi Reks Tillerson səsləndirib: “Ankaraya ayaq basmadan öncə səfərdə olduğu Beyuitda deyib ki, məgər biz Suriyadakı kürdlərə ağır silahlar vermişik, indi onu geri alaq? Söhbət Türkiyənin tələbindən gedir ki, suriyalı kürdlərə verdiyiniz silahı geri alın. Geri almaq qalsın bir yana, hələ terrorçulara əlavə maliyyə yardımı ayırıblar.
Belə görünür ki, Tramp administrasiyasının Türkiyə siyasəti düzəlməyəcək. Tillerson da gəldiyi kimi gedəcək. Vətəndaş Həmrəyliyi Partiyasında Türkiyənin Afrin əməliyyatı barədə konfrans düzənləndi. Məruzəçi olduğum bu tədbirdə də söylədim ki, Afrin əməliyyatı uzandıqca Amerika Türkiyənin problemlərini artırmağa çalışacaq”.

Türkiyədə fəaliyyət göstərən Toğrul İsmayıl isə diqqətə çatdırıb ki, son dövrlər ABŞ PYD və YPQ-yə xeyli silah göndərib: “Üstəlik, Vaşinqton Suriya əməliyyatlarında əsas üstünlüyü bu qüvvələrə verir. Bu qüvvələr isə Ankara üçün PKK-nın davamı hesab olunur. Belə bir məqamda ABŞ-Türkiyə münasibətlərinin kəskinləşdiyini müşahidə edirik. Türkiya Silahlı Qüvvələri “Zeytun budağı” əməliyyatına başlayıb və onun növbəti hədəfi Menbiçdir. ABŞ-da zamanında Menbiçdə olan PYD və YPG qüvvələrini Fərat çayının şərq hissəsinə keçəcəyini qeyd etmişdi. Ancaq bu hələ də baş vermir. Hazırda kürd qüvvələri Menbiç və onun ətrafında varlığını davam etdirir. Üstəlik, bu mərhələdə ABŞ bəyan etdi ki, 30 minlik qüvvə hazırlanacaq. Bu da Ankaranın səbr kasasını doldurdu. Hazırda ABŞ-Türkiyə münasibətləri ən gərgin dövrünü yaşayır. Tillerson isə bu fonda münasibətləri yumşaltmaq istəyir. Bu istiqamətdə görülən işlərə baxaq. ABŞ tərəfi bu məsələdə ya yalan danışır, ya da ağlasığmaz ideyalarla çıxış edir. Məsələn, PYD-ni PKK-ya qarşı savaşdırmağı təklif edir. Türkiyənin məqsədi kimisə kiməsə qarşı savaşdırmaq deyil. Məqsəd terror təşkilatlarına silah ötürülməsini dayandırmaq və onları dəstəkləyənlərin fəaliyyətinə son qoymaqdır. Bu mövzuda PKK ilə PYD-ni savaşdırmaq çox gülməlidir. ABŞ YPG və PYD-yə ağır silahlar vermədiyini iddia edir. Amma Türkiyə Afrin əməliyyatı çərçivəsində ağır silahlar ələ keçirib. Bu, ABŞ-ın terror təşkilatlarına ötürdüyü silahlardır. Bu cür məsələlər gündəmdədir və NATO-da müttəfiq olan iki dövlətin bölgədə qarşı-qarşıya gəlməsi xoşagəlməz hadisədir.
Burada bir məqam da var. Əgər Türkiyə Menbiç əməliyyatına başlasa, sonu necə olacaq? Bu barədə ciddi düşünülməlidir. Problem də bu məsələdədir. Onsuz da ötən həftə Suriyada vəziyyət kritik olub. ABŞ Əsəd qüvvələrini bombalayıb, nəticədə rus hərbçilər də öldürülüb. Suriya İsrail təyyarəsini vurub, ötən gün isə İsrail qırıcılarını atəşə tutub. Eləcə də bölgədə İsrail-İran qarşıdurması müşahidə olunur. Yəni hər kəs bir-birinə qarşıdır. Bu faktiki olaraq bölgədə vəziyyətin nə dərəcədə kritik olduğunu açıq göstərir”.
O əlavə edib ki, Tillersonun səfəri çərçivəsində Türkiyə ilə hansısa razılaşma əldə ediləcək: “Mən ümid edirəm ki, iki tərəf sonda ortaq məxrəcə gələcək. Hazırda Türkiyə ilə qarşı-qarşıya gəlmək ABŞ üçün arzuedilməzdir. Mən demirəm ki, ABŞ və ya Türkiyə öz maraqlarından imtina edəcək. Sadəcə olaraq bir sıra məsələlərdə razılaşma əldə edilə bilər”.

Əli

Bu xəbər oxundu
- - -