Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Ermənistanın taleyi Putinin səhhətindən asılıdır”

16.02.18, 10:45
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Akop Badalyan: “1996-da Yeltsinin siyasətindən “kəndlilər və arvadlar” narazıydısa, indi milyarderlər Putinə sual verirlər”

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə deyib ki, Putin “soyuqlayıb”, amma işi davam etdirir. Kreml son zamanlar, demək olar, bütün ictimai tədbirləri ləğv edib, amma saytda görüşlər haqda məlumatlar gedir.
Görünür, Putin ancaq Kreml divarları arasında görüşlər keçirir. Rusiya KİV-ləri qeyd edib ki, Putin son günlər həqiqətən də nasaz görünürdü. O, xırıltıyla danışırmış, sanki özündə deyilmiş – görüşlərin birində eyni şeyi bir neçə dəfə soruşub.
Erməni analitik Akop Badalyanın “Lragir” portalında yayımlanan yazısında belə deyilir.
Müəllif Rusiya prezidentinin səhhəti ilə bağlı yayılan məlumatlara istinad edərək bunun Ermənistan üçün yaxşı heç nə vəd etmədiyini bildirir:
“Putinə nə olub? Onun sağlamlığı məsələsi Qərb mətbuatında geniş müzakirə olunur və açıq deyilir ki, Putin iş qabiliyyətini itirib.
Ekspertlər deyirlər ki, Kreml marta nəzərdə tutulan prezident seçkiləri ərəfəsində Putinin sağlamlığı ilə bağlı problemi etiraf etmək istəmir. Bununla belə, Kreml boynuna alıb ki, Putin “soyuqlayıb”, görünür, Putinin passivliyini gizlətmək artıq mümkün deyil.
Doğrudanmı, Rusiya prezidenti soyuqlayıb, yaxud sağlamlıq problemi daha ciddidir?
Məlum olduğu kimi, Putin samboçudur, bu isə idmanın risklərlə dolu təhlükəli növüdür. Putin bir-iki il qabaq Türkiyəyə yollanmışdı və aldığı zədədən zorla əyləşə bilirdi.
Gəncliyində aldığı zədələr 70 yaşlı Putində özünü büruzə verirmi? Diqqətçəkəndir ki, 1996-cı ildə seçkiqabağı dövrdə seçkilərdən 3 il sonra idarəçilik səngərini gənc Putinə təhvil vermiş Yeltsinin də sağlamlıqla bağlı problemi var idi. Yeltsin seçkiqabağı dövrdə, sonralar təhlükəsizlik xidməti başçısının etiraf etdiyi kimi, infarkt, ya da iflic keçiribmiş. Amma o zaman bu haqda danışmırdılar.
Putinin indiki seçkilərini Yeltsinin doğrudan da güclü rəqibi – Züqanov – olan 1996-cı il seçkiəriylə tutuşdurmaq olmaz. Rusiya o zamanlar daha açıq və demokratik idi və xalq həm Yeltsindən, həm də liberallardan narazıydı.
Putin bloger Navalnının seçkilərə qatılmasına imkan verməyib. Hazırda onun ən ciddi rəqibi Sobçakdır, lakin durum 1996-dakından xeyli qəlizdir – beynəlxalq sanksiyalar və təcrid siyasəti öz işini görür. 1996-da Yeltsinin siyasətindən “kəndlilər və arvadlar” narazıydısa, indi milyarderlər Putinə sual verirlər.
Ağ Ev “Kreml siyahısı”nı dərc edərək milyarderləri Putini “ağır-əziz tutmağa” vadar etməklə Putinin köməyinə gəlib. Bir yandan, bu adamlar Putinə görə sanksiya təhlükəsi altında görünüb, o biri yandan isə, güman etmirəm ki, Qərbə “tövbə etməyə” yüyürsünlər, çox güman ki, Putinin ətrafında toplanacaqlar.
Bu, Rusiyada hərc-mərclik və özbaşınalığa yol verməmək üçün seçkiqabağı dövrdə Qərbə də lazımdır. Çünki Putin yoxdursa, onda sual yaranır – kim?
Qərbin vəzifəsi isə Rusiyanı dağıtmaq deyil, onu öz qaydalarıyla oynamağa məcbur etməkdir. Putinin “xəstəliyi” bu mənada Vaşinqtonun “Kreml siyahısı” görkəmində “təcili yardım” kimi də diqqətçəkən görünür.
Daha bir məqam var – mədəni-psixoloji. Rusiyada Şotlandiya rejissoru Armando İanuççinin “Stalinin ölümü” filminin göstərilməsini yasaqlayıblar. Nə zamansa hamıdan qüdrətli Stalin bu filmdə nifrət məktubunu oxuyarkən bir anda çarəsiz, iflic olmuş bədənə dönür. Bu zaman bunadək cəmi iki saat əvvəl Stalinin qarşısında dəhşətdən mil kimi duran, cansız bədənini görərkən isə hakimiyyət uğrunda boğuşan çevrəsinin davranışı diqqətçəkəndir.
Görünür, filmin yasağı da bununla şərtlənib, çünki Rusiya hökumətində bugünki münasibətlərin rentgeni kimi qavrana bilər.
Putinin yenidən seçilməsi praktik olaraq şübhəyə düçar deyil. Məsələ onun yenidən seçilməsinin çevrəsində və sonrakı hadisələrdə hansı məzmun alacağında, Putinin köhnə zədələrinin özünü nə qədər tez-tez büruzə verəcəyindədir. Hadisələr gerçək sxem üzrə, yoxsa filmin ssenarisi üzrə inkişaf edəcək?
Ermənistan bu gedişata təsir edə bilməz, lakin bu proseslərin hamısı Ermənistana mütləq təsir edəcək. Və İrəvanın ən müxtəlif ssenarilərə hazırlaşması gərəkdir”.

Bu xəbər oxundu
- - -