Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Ankaranım Vaşinqtondan gözlədikləri...

16.02.18, 12:50
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Belə bir deyim var: “Filankəs yerin altını da, üstünü də bilir”. Bunu zəmanəmizdə bir dövlət kimi ABŞ-a şamil etmək olar. Çünki Birləşmiş Ştatlar çox qüdrətlidir. Yerin altından tutmuş kosmosadək bir çox uğurlara imza atıb. Bu baxımdan, dünyanın idarə edilməsində onun rolunu əsas sayırlar. Heç şübhəsiz, ABŞ bu rolunu dövlət maraqlarının təmin olunması üçün istifadə edir. Təbii ki, bu, başqa dövlətlərin mövqeyi ilə üst-üstə düşdükdə hər iki tərəf üçün faydalı olur. Əks təqdirdə isə aləm qarışır. Bu zaman ya həmin dövlətlər dağılır, ya da hakimiyyətə keçid bir qrup gətirilir. Son illər beynəlxalq aləmdə baş verənlər buna əyani sübutdur. Məsələn, İraq, Suriya və Liviyanın dağınıq halı, Misirdə hakimiyyət çevrilişini göstəmək olar.
Amma ABŞ-la Türkiyənin Suriyadakı maraqları heç üst-üstə düşmür. Bu azmış kimi, Ağ evin Suriyada yürütdüyü hərbi-siyasi xətt, ondan doğan fəaliyyət Türkiyənin ərazi bütövlüyü və təhlükəsizliyi üçün təhdid mənbələrindən biridir. Belə bir şərait iki ölkə arasında gərginliyin artmasına, münasibətlərin pisləşməsinə səbəb olur. Başqa sözlə, ABŞ Türkiyənin ərazi bütövlüyünü parçalamaq istəyən terorçu PKK qruplaşmasının Suriyadakı qolları sayılan YPG və PYD-yə, habelə bu terrorçu dəstələrin formalaşdırdığı “Suriya Demokratik Qüvvələri”nə silah verir, hərbi təlim keçir, onları kəşfiyyat məlumatları ilə təchiz edir. Bununla da ABŞ-ın bu terrorçuların arxasında pərdələnərək Türkiyəni zəiflətmək istədiyini ehtimal etmək olar. Lakin ABŞ rəsmiləri Türkiyəni bunun əksinə inandırmağa çalışırlar. Fevralın 15-də ABŞ-ın dövlət katibi Reks Tillerson Türkiyəyə səfər edib və ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanla 3 saat 15 dəqiqə görüşüb.
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə R.Tillersonun keçirdiyi birgə mətbuat konfransında iki ölkə arasında mövcud problemlər vurğulanıb. İki ölkənin xarici siyasət idarələrinin rəhbərləri Ankara-Vaşinqton münasibətlərində soxsaylı problemlərin olduğunu etiraf edilib. “ABŞ rəsmiləri indiyədək verdikləri vədə əməl etməyib. İlkin olaraq, Menbicdən YPG-nin çıxması lazımdır. Biz bununla ABŞ-ın verdiyi sözə əməl etməsini görəcəyik”, -deyə M.Çavuşoğılu vurğulayıb.
O, ABŞ rəsmilərinin əvvəllər verdikləri sözlərə əməl etmədikərini diqqətə çatdırıb. Bu görüşün nəticəsini isə bir aydan sonra görmək mümkün olacaq.
Reri gəlmişkən, Reks Tillersonun Ankaraya səfəri başlamamışdan əvvəl Türkiyə və ABŞ rəsmiləri çıxışları ilə ikitərəfli əməkdaşlığa və bölgədəki vəziyyətə dair mövqelərini açıqlamışdılar. Rəsmilər bununla da müzakirə ediləcək məsələlərin anonsunu vermişdilər.
Beləliklə, Rəcəb Tayyib Ərdoğan partiyasının parlament fraksiyasının genişləndirilmiş toplantısında ABŞ-ın terrorçuluğa qarşı mübarizə və sabitliyin təmin olunması üçün PYD və YPG-yə 550 milyon dollar ayıracağına münasibət bildirərkən deyib: “Strateji ortağımızın, müttəfiqimizin terrorçulara silah yardım etməsi azmış kimi indi də maliyyə dəstəyi verir. Bunun qarşılığını verəcəyik. Guya onlar İŞİD-ə qarşı mübarizə aparırlar. Siz İŞİD-lə necə mübarizə aparırsınız? Onlar hanı, haradadır? Biz bölgədə kimin kim olduğunu aydın şəkildə bilirk. Bu gün heç kim İŞİD adından istifadə edə bilməz. İŞİD teatrının sonu çatıb”. Türkiyə prezidenti bununla ABŞ-a İŞİD-lə bağlı məsələnin mahiyyətini bildiklərini çatdıraraq Türkiyə ilə “İŞİD-İŞİD” oyununun əbəs olduğuna eyham vurub. O, ABŞ-la Türkiyənin NATO-da ortaq olduqlarını vurğulamış, Vaşinqtonun terrorçularla mübarizədə müttəfİqinə qarşı fəaliyyət göstərdiyini dolayı yolla çatdırmışdı. Türkiyənin ABŞ-dan istədiyi məsələlərdən biri də Münbicdən terrorçuların çıxarılmasıdır. Çünki Vaşinqton həmin bölgədəki PYD və YPG silahlılarını himayə edir, təlim keçir. Hətta səfərdən üç gün əvvəl Türkiyə XİN başçısı Mövlud Çavuşoğlunun da bəyanatı kəskin və incik doludur: “ABŞ bizə verdiyi vədləri yerinə yetirməyib. Xalqımızın və hökumət olaraq bizim ABŞ-a inamımızın itməsi təbiidir. ABŞ lazımi addımları atmazsa, bu əməliyyatı Münbiçdə davam etdirəcəyik. Bizim Vaşinqtondan gözlədiklərimiz açıq-aşkar və qətidir. ABŞ-la əlaqələrimiz ya düzələcək, ya da tamamilə pozulacaq”. Reks Tillerson Türkiyənin təhlükəsizliklə bağlı qayğılarını bildiklərini və bu istiqamətdə onu dəstəklədiklərini bildirib. O, YPG-yə ağır texnika vermədiklərini söyləməklə ABŞ PYD və YPG-yə verdiyi silah-sursatla bağlı Türkiyənin iddialarının doğru olmadığını söyləmək istəyib. Ancaq Türkiyə ağır texnika demir. Ümumiyyətlə, bu terrorçu qruplaşmalara verilən silahların kimə qarşı istifadə ediləcəyini Vaşinqtondan soruşur. İşə o yerə çatıb ki, ABŞ Türkiyəyə inanılması mümkün olmayan təkliflər və vədlər verir.
Fevralın 14-də ABŞ-ın müdafiə naziri Ceyms Mettis türkiyəli həmkarı Nurettin Canikli ilə görüşdə bildirib: “YPG ilə PKK-nı savaşdıra bilərik”. ABŞ və Türkiyə rəsmilərinin bu kimi çıxışları Tillersonun Ankara ziyarətinin gərgin keçəcəyini ehtimal etməyə əsas verirdi. Danışığın davam etmə vaxtının uzun çəkməsi də bunu təsdiqləyir. Bu həm də onu göstərir ki, ABŞ-la Türkiyənin bölgə ilə bağlı toqquşan çox ciddi maraqları var.
Türkiyə prezidenti ilə amerikalı qonaq arasında müzakirənin aşağıdakı mövzuları əhatə etdiyi bildirilir: terrorçular siyahısına salınan PKK-ya (onun qollarına) maliyyə və silah yardımı dayandırılsın, Türkiyənin təhlükəsizliyi ilə bağlı bütün addımları atmaq üçün niyyəti qətidir, Türkiyənin səbrini sınaqdan keçirmək nə ABŞ-a, nə də başqa müttəfiqlərə sərfəli olar, bölgədə sabitliyin təmin edilməsi üçün tərəfdarınız Türkiyədir və başqa tərəfdar axtarmayın, İŞİD-ə qarşı mübarizəmiz, PKK-ya qarşı mücadiləmiz davam edəcək, Türkiyəyə qarşı örtülü embarqonu rəsmi Ankara müttəfiqliyin pozulması olaraq qəbul edəcək. Yeri gəlmişkən, Türkiyənin baş naziri Binəli Yıldırım bildirib ki, ABŞ Türkiyəyə qarşı embarqo tətbiq edir. Ancaq bu sanksiyalar hələlik müxtəlif adlar altında pərdələnməkdədir.
Deməli, kimin necə düşünməsindən asılı olmayaraq, Suriya və İraqda baş verən hadisələr fonunda Türkiyənin də ərazi bütövlüyü və təhlükəsizliyinin təhdid edildiyi açıq-aşkar görünür. Bəzilərinin Türkiyədəki mövcud hakimiyyətə mənfi münasibəti, yaxud ABŞ-ofilliyi (ABŞsevərlik) bu gerçəkliyi görməyə mane olur. Türkiyəni ərazi bütövlüyü və təhlükəsizliyi ilə bağlı məsələdə ABŞ, NATO-dakı müttəfiqləri deyil, İran və Rusiya dəstəkləyir. Ancaq onların da bu istiqamətdə yollarına davam edəcəyi ehtimalı çox deyil. Məsələn, Rusiya ilə ABŞ Suriya və bölgə üzrə məsələlərə dair razılaşsalar, yaxud Vaşinqton Tehranın üzünə xoş baxarsa, dəstək davam edəcəkmi? Təəssüf ki, buna qəti olaraq müsbət cavab vermək mümkün deyil. Bəşşar Əsədlə PKK-çılar razılaşarlarsa, vəziyyət necə olar? Qeyd edək ki, Suriya PKK-nın başçısı Abdullah Öcalana uzun müddət sığınacaq verib. ABŞ-Rusiya-İran və PKK anlaşsa, vəziyyət necə olacaq? Təbii ki, bu suallar Türkiyəni gözləyəsi ehtimal edilən məsələlərdir. Ona görə də ABŞ dövlət katibinin səfəri nəticəsində bəzi şübhələrin aradan qalxacağı, Vaşinqtonun terror təhlükəsinə açıq-aşkar çıxacağı gözlənilirdi. Ən azı, bölgədəki müttəfiqini dəstəkləmək istəyən dövlətin rəsmisi belə edərdi. Bundan başqa, bu ziyarətin Vaşinqton-Ankara arasındakı gərginliyin azalacağına təsir göstərəcəyi ehtimal olunurdu. Türkiyənin bundan sonra məlum problemləri müttəfiqi ilə birlikdə həll edəcəklərinə dair bəyanatını veriləcəyini düşünənlər də yox deyildi. Daha doğrusu, Reks Tillersonun bu istiqamətdə çıxış edəcəyi, müttəfiqlərinin ərazi bütövlüyü və təhlükəsizliyini təhdid edən maneələri məhv etmək üçün əməkdaşlıq və müttəfiqliyi genişləndirəcəkləri barədə bəyanatın veriləcəyi gözlənilsə də, bu, baş vermədi. Deməli, belə çıxır ki, Türkiyə ərazi bütövlüyü və təhlükəsizliyini təhdid edən amillərə qarşı mübarizəni təkbaşına aparmalı olacaq. Bu məsələdə ABŞ, İran, Rusiya, Avropa İttifaqı ölkələri, ərəb dövlətlərinin mövcud şəraitlə bağlı görə biləcəyi yeganə iş özünü qorumaqda Türkiyəyə əlavə, süni maneələr yaratmamaq ola bilər. Bunu edəcəklərmi?
Hələlik Afrində antiterror əməliyyatı davam edir, ABŞ hərbçiləri PKK-çılarla birlikdə Münbiçdədirlər. Rəsmi Ankara Vaşinqtona YPG-nin Münbiçdən çıxarılaraq Fərat çayının şərqində yerləşdirilməsini, ABŞ və Türkiyə hərbçilərinin bölgədə birlikdə fəaliyyət göstərməsini təklif edib. ABŞ rəsmiləri isə bu təklifləri araşdıracaqlarını bildirib. Təəssüf ki, Birləşmiş Ştatlar bu davranışı ilə heç də ədalətli görünmür.
Tillersonun səfərini isə belə xarakterizə etmək olar: Türkiyə bölgədəki, xüsusən də Suriyadakı proseslərlə bağlı qəti mövqeyini, Ankaranı narahat edən problemlərin incəliklərini və ABŞ-dan umduqlarını dövlət katibinin diqqətinə çatdırıb. Tillerson da Türkiyəni əvvəllər səsləndirdikləri, bəlkə də yeniləri də əlavə olunan vədlərlə yola verməyə çalışıb.

Sədrəddin İsmayılov
Report

Bu xəbər oxundu
- - -