Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Zaman Ermənistanın əleyhinə işləyir

19.02.18, 9:19
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Erməni politoloq Sarkis Arsuruni deyib ki, Ermənistan hökuməti Dağlıq Qarabağ münaqişəsinin uzanmasına imkan verməməli, əksinə münaqişənin qısa vaxtda həlli üçün mümkün qədər çox çalışmalıdır:”Zaman bizi gözləmir”.
Qonşuların iqtisadi, mədəni və siyasi inteqrasiyası üçün əsas amillərdən biri, tranzit marşrutlarının birləşdirilməsi və onların tranzit potensialından qarşılıqlı yararlanmasıdır. Qonşular arasında yüksək potensiala malik iqtisadi əməkdaşlığın zəif olması istər-istəməz siyasi münasibətlərə, qarşılıqlı inama və hətta ikitərəfli humanitar əlaqələrə xələl gətirəcək.
WorlMedia ANAJ-a istinadən yazır ki, bu istiqamətdə ciddi addımlar atan İran İslam Respublikasının qonşularından biri Azərbaycandır. Tranzit layihələrinin istismara verilməsi, eləcə də karbohidrogen nəqlilə bağlı nəhəng layihələrin icrası bu ölkənin İran və digər qonşuları ilə əlaqələrini gücləndirməsi üçün planlı addımlarındandır. Belə layihələrdən biri olan Bakı-Tbilisi-Qars dəmir yolu ötən ilin oktyabrında istismara verilib. Daha bir müştərək layihə olan Astara-Astara dəmir yolu da fevralın 8-də yük qatarının Rusiyadan İran istiqamətində sınaq hərəkətinə başlaması ilə icra fazasına qədəm qoyub.
Qeyd edək ki, Azərbaycanın bu addımları hər hansı digər ölkədən daha çox Ermənistan tərəfindən izlənilir. Amma bu izləmələr rəsmi Yerevana heç bir fayda verməyəcək. Nə qədər ki, Ermənistan işğalçılıq siyasətini davam etdirir, o, hər gün daha çox təcrid olunacaq.
Erməni politoloq Sarkis Arserunini 1in.am saytında dərc olunmuş məqaləsində yazır: “Fevralın 8-də Rusiyadan ilk yük qatarının İran istiqamətində yola düşməsi bu faktı təsdiq edir ki, Rusiya-Azərbaycan-İran tranzit marşrutlarının birləşdirilməsi artıq reallıqdır. Bu hesabla, üç ölkə arasında üçtərəfli ittifaq formalaşmaqdadır. Bu birlik Ermənistanın təcrid prosesini daha da sürətləndirəcək”.
“Azərbaycan rəsmiləri “Şimal-Cənub” dəhlizinin iqtisadi nailiyyətləri ilə yanaşı, siyasi əhəmiyyətini də vurğulamadan çəkinmir. Çünki bu layihə Ermənistanı çıxılmaz vəziyyətə salacaq. Başqa bir vacib məqam isə Ermənistanın öz cənub qonşusu (İran İslam Respublikası) üçün də əhəmiyyətinin azalmasıdır. Son illərdə rəsmi Tehran Ermənistanın strateji əhəmiyyətindən danışsa da, bu ölkə tədricən Rusiyanın vassalına çevrilib və Tehran da bunu yaxşı görür. Görünən odur ki, ölkəmiz milli qürurunu gündən-günə itirir və regional layihələrdən kənarda qalır”, - deyə məqalədə bildirilir.
Sarkis Arsuruninin fikrincə, bu vəziyyət Ermənistanın “Dağlıq Qarabağ münaqişəsində əldə etdiyi uğurlara” da kölgə salacaq: “İki ölkənin vəziyyəti cəbhə xəttindəki “atəş mübadiləsi”lə deyil, onların iqtisadi göstəricilərilə müqayisə olunur. Ermənistanın qonşu ölkələr tərəfindən mühasirəyə alınması onu müxtəlif iqtisadi layihələrdən məhrum edib, Rusiyadan asılılığını artırıb. Beləliklə, iki ölkənin iqtisdi durumunun qeyri-bərabərliyi göz qarşısındadır”.
Erməni analitik məqaləsini belə tamamlayır: “Yüksək gəlirləri olan Azərbaycan yoxsul Ermənistana qarşı daim bir təhlükə olacaq. Bu vəziyyət Ermənistan dövlətinin düşüncəsiz siyasətindən qaynaqlanır. Ermənistan hökuməti Dağlıq Qarabağ münaqişəsinin uzanmasına imkan verməməli, əksinə münaqişənin qısa müddətdə həlli üçün mümkün qədər çalışmalıdır. Zaman bizi gözləmir. Zaman Ermənistanın ziyanına işləyir. Bu, Ermənistan hökumətinə və Qarabağdakı erməni separatçılarına bir mesajdır. Onlar zamanın həqiqətən onların xeyrinə işləmədiyini anlamalıdırlar”.

Bu xəbər oxundu
- - -