Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Ukraynanın elmi jurnalında Qafqaz Albaniyasına dair məqalə çap olunub

19.02.18, 10:29
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Ukrayna Elmlər Akademiyasının V.M.Koretsko adına Dövlət və Hüquq İnstitutunun “Dövlət və hüquq” elmi jurnalının növbəti (№78, 2017) sayında Azərbaycan Dillər Universitetinin baş elmi işçisi, siyasi elmlər üzrə fəlsəfə doktoru, tədqiqatçı Eldar Əmirovun “Müsəlman hakimləri dövründə Qafqaz Albaniyasının və alban hökmdarlarının həqiqi tarixinə dair (704-821-ci illər)” adlı məqaləsi rus dilində dərc edilib.
Məqalə alban tarixinin ən keşməkeşli dövrünə, Albaniyanın Əməvi və Abbasi xilafəti zamanındakı vəziyyətinin elmi ədəbiyyatda işıqlandırılması probleminə həsr olunub.
Müəllif tarixi ədəbiyyatda Qafqaz Albaniyasının dövlətçilik atributlarının 704-cü ildə, sonuncu alban hakimi Şuriyənin Dəməşqə əsir aparılmasından sonra tamamilə ləğv edilməsinə dair baxışı tənqid edərək, onun tarixi həqiqətləri tam şəkildə əks etdirmədiyi fikrini irəli sürür. Yazıda göstərilən tarixi aralıqda alban taxt-tacına sahib olmuş hökmdarların adları sadalanır, onların təsir dairəsindəki ərazinin əhəmiyyətli dərəcədə kiçildilərək lokallaşdığı, bununla belə, alban dövlətçiliyinin formal da olsa, suverenlik atributlarını saxladığı göstərilir.
Həmçinin bir sıra erməni müəlliflərinin göstərilən dövrə dair müfəssəl elmi araşdırmaların yoxluğundan istifadə edərək, alban irsinin bu səhifəsini də mənimsəməyə cəhd göstərdikləri konkret misallarla tənqid edilir. Araşdırmanın sonunda bənzər halların, həmçinin təhrif və mənimsəmələrin qarşısının alınması üçün Azərbaycan tarixşünaslığının, eləcə də əcnəbi şərqşünasların mövzunu daim diqqətdə saxlamasının zəruriliyi vurğulanır.
Məqalənin yazılmasında bir sıra tanınmış azərbaycanlı müəlliflərin – akademiklər Ramiz Mehdiyev, Ziya Bünyadov, İqrar Əliyev, professor Fəridə Məmmədova, habelə nüfuzlu əcnəbi şərqşünaslar F. Minorski və K.Trever, eləcə də erməni tarixçiləri S.Yeremyan, Q.Svazyan, T.Ter-Qriqoryanın tədqiqatlarından istifadə edilib.

Bu xəbər oxundu
- - -