Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Güney Azərbaycanda 1989-1997-ci illərdə ziyalıların fəaliyyəti

19.02.18, 10:30
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

3-cü yazı
Həsən Raşidinin “Türklər və İranda onların tarix, dil və kimlikləri haqqında araşdırma” adlı kitabının İranda türkçülüyün formalaşmasında mühüm rolu var. Raşidi də yuxarıda qeyd olunan müəlliflər kimi Əhəmənilərdən 3000-3500 il əvvəl indiki İran coğrafiyasında qüdrətli mədəniyyətlərin olduğunu qeyd edir. Müəllif farsların dili ilə bağlı məsələyə diqqət çəkərək göstərir ki, Əhəmənilər eradan 550 il əvvəl burada dövlət qurduqları zaman rəsmi dil kimi Elam dilindən istifadə ediblər. O, adı çəkilən qədim tayfaların dillərinin qədim farscadan köklü fərqli olduğunu yazır. Həsən Raşidi göstərir ki, irqçi tarixçi olan Həsən Pirniya belə Şumer dilinin Ural-Altay dil qrupuna məxsus olması fikrindədir. Əhəmənilərin yazını Elamlılardan öyrənmələrini Firdovsi belə “Şahnamə”sində göstərib. Müəllif fars dilinin Sasanilərdən qalma pəhləvi dilindən əsaslı şəkildə fərqləndiyini yazır: “Səlcuq sarayına yaxınlaşmaq istəyənlər əvvəlcə Əfqanıstan və Tacikistandan buraya gətirilmiş Dəri dilini öyrənmiş və bu dildə türk hökmdarlarını tərifləməyə, əvəzində isə ənam almağa çalışmışlar. Bu dil Türk imperatorluğunda elm və din dili olan ərəbcənin yanında kargüzarlıq və şeir dili oldu. Türk dili isə sarayın və ordunun danışıq dili funksiyasını yerinə yetirirdi. Bir sözlə, paniranistlərin iddialarının əksinə olaraq, özünün yerli dilini dəyişənlər Azərbaycanın “azəricə” danışan əhalisi deyil, indiki İranın mərkəzi əyalətinin (Farsistan) Pəhləvi dilində danışan Pars əhalisi idi. Onlara farscanı türk hökmdarları gətirmişdilər. Həsən Raşidi türk sülalələrinin bu siyasətinin Azərbaycan türklərinin tarixində sonralar faciələrə səbəb olmasını göstərir: “Keçən min il ərzində türk sülalələrinin yanlışlarından birisi də şayəd odur ki, onlar öz dillərinə, xüsusilə də rəsmi və dövlət məktublaşmalarında az önəm verdilər”. Cənubi Azərbaycan ziyalılarının ana dilini ideoloji-tarixi baxımdan qətiyyətlə müdafiə etmələri milli fikir həyatında yeni hadisə sayılmalıdır.
Qeyd edək ki, bu dövrdə milli fikirli ziyalılarla yanaşı, İran türk əsilli intellektuallar arasında da həm İranda, həm də İrandan kənarda yaşayan, fərqli görüşlərin daşıyıcısı olan, İranın ərazi bütövlüyünün qorunmasına çalışan, eyni zamanda cənubi azərbaycanlıların öz dilinə yiyələnmək istəyinə çox kəskin reaksiya verən şəxslər var idi. Həmid Əhmədi, Turac Atabəki, Səkinə Berenci- yan, Təbatəbai və digərləri İranı çoxmillətli ölkə kimi yox, çoxmədəniyyətli ölkə kimi qəbul edirdilər. Onlar İranın ərazi bütövlüyünün pozulması təhlükəsinin mövcudluğunu etiraf etsələr də, onun əsas səbəbini İran İslam Respublikasında milli haqların tapdanmasında deyil, demokratik hüquqların olmamasında görürdülər. Problemin həlli üçün isə hesab edirdilər ki, yalnız İrandakı rejim dəyişməlidir və indi də həmin baxışları təbliğ edirlər. Digər bir Azərbaycan türk əsilli araşdırmaçı Əli Mürşidzadənin milli hərəkata münasibətdə mövqeyi də maraqlıdır. O, ifrat millətçilik və fars monopolizmini irançılıq, iranpərəstlik hesab edir, azərbaycanlıların öz ana dilinə, milli mədəniyyətinə isti münasibətini isə xarici amillərin təsiri altında yaranmış türk millətçiliyi, pantürkizm kimi dəyərləndirir.
İki mövqe arasında ortaq xətt tutan ziyalı Rza Bərəhaninin də fikirləri diqqəti çəkir. Rza Bərəhaninin 1987-ci ildə çap edilmiş “Mənim torpağımın sirləri” kitabında ikili kimlik məsələsi qoyulur, müəllif bir tərəfdən azərbaycandilli və azərbaycanlı olduğu üçün, digər tərəfdən isə İran adət-ənənələrinə bağlı, iranlı olmasına görə fəxr etdiyini bildirir. Rza Bərəhani “İran inqilabında nə baş verdi və nə olacaq?” adlı məqalədə göstərirdi ki, Azərbaycan heç zaman İrandan ayrılmayacaq. Çünki bu, camaatın istəyinə bağlıdır. Qeyd edək ki, əslində bu mövqeyi bölüşən, yəni Azərbaycan türk kimliyi ilə qürur duyan, ancaq iranlı mənsubiyyətindən imtina etməyən ziyalıların da sayı az deyildi. Uzun illər Azərbaycan türkcəsində işıq üzü görmüş “Varlıq” dərgisinə və çeşidli nəşrlərə müəlliflik etmiş, İran türklərinin çox görkəmli və nüfuzlu ziyalılarından olan Cavad Heyət də həmin mövqeyin qatı müdafiəçilərindən idi.
Bəhs edilən illərdə milli-demokratik təfəkkür daşıyıcısı olan yeni nəsil yazarlarının yaradıcılığında demokratik ideyaların əsas istiqamətlərini araşdırdıqda həmin ədiblərin daha mübariz və aydın düşüncəyə, müasir dünyagörüşünə malik olduqları görünür. 90-cı illər Cənubi Azərbaycan ədəbi mühitində öndə olan Səhər Ərdəbili, Nuşin Musəvi, Rəsul Rəhimi Dizəli, Rəşid Kərbasi, İbrahim Zahid, Məhəmməd Rza Məlikpur, Vəli Şahməmmədi, Əli Fərzizadə və Pərvizin yaradıcılığı bu baxımdan daha xarakterikdir. Onların yaradıcılığında ana dilinin zənginliyi, bədii imkanlarının böyüklüyü əks olunur, bu dilin hüquqsuzluğuna etiraz edilir, onun məhv olmaması üçün xalqa müraciətlər yer alırdı. Əslində, İranda cənubi azərbaycanlılardan ibarət böyük bir ana dilli ədəbi potensialın mövcudluğu hakim rejimin ana dilində təhsil qadağasının uğursuzluğunu sübut edirdi. Bu ədəbiyyatı yaradanların ana dilində təhsil almamasını nəzərə alsaq, Azərbaycan dilinin özünüqoruma mexanizminin nə qədər güclü olduğu ortaya çıxır. Yazıçı və şairlərin dil uğrunda mübarizəsi təkcə qeyd olunan çərçivədəki fəaliyyətlərlə məhdudlaşmırdı. Nuşin Musəvi, Həsən Raşidi ilə Əkbər Azadın Tehranda qurduqları “Çiçəklər quruluşu”, “Tehran Sahir Ədəbi dərnəyi”, “Sabir Ədəbi dərnəyi”, “İşıq gəncləri”, Yəhya Şeydanın qurduğu “Təbriz Azərbaycan ədəbi məclisi”, “Tehran Azərbaycan Gənclər cəmiyyəti”, “Sulduz şeir və ədəbiyyat dərnəyi”, “Qum ədəbiyyat ocağı”, “Yarpaq kültür cəmiyyəti” kimi qurumlar Azərbaycan dili və mədəniyyətinin geniş yayılıb təbliğ olunması, cənubi azərbaycanlılar arasında milli özünüdərk prosesinin güclənməsinə xidmət edirdi. Tehran “Çiçəklər qrupu” tərəfindən təşkil olunan qurultayda “yaradıcılıq” problemləri qoyulmaqla yanaşı, eyni zamanda ana dili məsələsi də öz əksini tapmışdı. 1997-ci ildə Zəncanda “Omide Zəncan” qəzetinin redaktoru Məhəmməd Kərimi Bağbaninin rəhbərliyi ilə “Türk dili və ədəbiyyatı” seminarı təşkil olunmuşdu. Seminarda türk dili qrammatikasının öyrənilməsi, dərs kitablarının yazılması, azərbaycanca kursların açılması qaydaları və başqa məsələlər qoyulmuşdu. Həmin illərdə evlərdə qeyri-rəsmi şəkildə qurulmuş türkcə kurslarının sayı artırdı. Təbrizdəki dövlət məktəblərində də bəzi müəllimlərin dərsləri Azərbaycan dilində izah etməsi yuxarı dairələri, təbii ki, qıcıqlandırırdı. İran maarif nazirinin Təbrizdəki yerli maarif orqanına göndərdiyi sərəncamda qeyd olunurdu: “Dəfələrlə həmkarlarımıza tədris prosesində ancaq fars dilində danışma barədə tövsiyə etməyimizə baxmayaraq, təəssüf ki, yenə də bəzi həmkarlarımız yerli dildə dərs deyirlər və məktəb direktorları bu məsələnin qabağını almırlar”.
Ümumiyyətlə, çox yüksək səviyyədə olmasa belə, milli ideya ətrafında təşkilatlanmış ədəbi-mədəni qüvvələrin sözügedən istiqamətdə fəaliyyətinin cənubi azərbaycanlılar arasında milli özünüdərk hissinin stimullaşdırılmasında effekti böyük idi. Yüksələn xətlə davam edən bu proses nəticəsində ana dili probleminin ən zəruri məsələlərdən biri və birincisi olması cənubi azərbaycanlılara təlqin edilirdi. Bu mübarizə yolu onların fəaliyyətinə hakim rejim tərəfindən hər hansı siyasi-ideoloji damğa vurulmasına mümkün qədər imkan verməməyə xidmət etsə də, ara-sıra təzyiqlərlə üzləşirdilər.
Yeganə Hacıyeva

Bu xəbər oxundu
- - -