Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Dünya kosmos müharibələrinin bir addımlığında

19.02.18, 12:54
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

İsrail və ABŞ yeni sınaq keçirib

İsrail “Hes-3” (“Ox-3”, “Arrow-3”) kosmosda ballistik raketləri məhv edə bilən böyük hərəkət radiuslu raket əleyhinə kompleksi sınaqdan keçirib. Bu haqda ölkənin Müdafiə Nazirliyinin məlumatında deyilir. Sınaq İsrail Hərbi-hava Güclərinin rəhbərliyi altında “Israel Aerospace Industries” konserninin mərkəzi bazasında keçirilib. Kompleksin işə salınması ABŞ-ın nümayəndələrinin iştirakı ilə baş turub. Həmçinin, Raket əleyhinə müdafiə üzrə Amerika Agentliyi kompleksin hazırlanmasında iştirak edirdi. Müdafiə Nazirliyinin məlumatlara görə, “Hes-3” kompleksi sınağın gedişatında öz vəzifəsini yerinə yetirib.
Qeyd edək ki, ekspertlər gələcəkdə müharibələrdə kosmosda üstünlüyün həlledici olacağını bildirirlər. ABŞ Milli Kəşfiyyatının son hesabatına görə, Rusiya və Çin ABŞ-ın hərbi və kommersiya peyklərini sıradan çıxarmaq üçün xüsusi silahlar hazırlayır. Hesabatda deyilir ki, bu tip silahlar həmin ölkələrin arsenalında yaxın illərdə peyda ola bilər. ABŞ kəşfiyyatı Çin və Rusiyanın xüsusi peyk əleyhinə bölmələr də yaratdığını bildirib. Bu peyklərin ABŞ-a qarşı gələcək konfliktlər zamanı istifadə ediləcəyi vurğulanıb.
Ötən ilin noyabrında “Popular Mechanics” nəşrinə müsahibə verən ABŞ-ın Hərbi Hava Qüvvələrinin kosmik komandanlığının rəhbəri, general Con Reymond “kosmik müharibə”nin aparılması üsulundan danışıb. Onun sözlərinə görə, Rusiya ən azı 1980-ci illərdən antipeyk silahının tədqiqatı ilə məşğul olur. Bundan başqa, Raymond Çinin bu sahədəki fəaliyyətindən narahatlığını ifadə edib. Çinin hələ 2007-ci ildə antipeyk silahı kimi nəzərdə tutulan ballistik raket sınaqlarını keçirdiyini xatırladan amerikalı general ABŞ-ın əks addımlar olaraq kosmosda hipotetik hücumdan müdafiə vasitələrini hazırladığını söyləyib. O əlavə edib ki, 2030-cu ilə qədər ABŞ Hərbi Hava Qüvvələri potensial təhlükələri aşkar etməyə və saxlamağa, həmçinin zəruri olduqda rəqibin aparatlarını sıradan çıxarmağa imkan verən kosmik donanmanı yaradacaq.
Qeyd edək ki, Çin 2014-cü ildə “Dong Neng 3” (“DN-3”) yeni antipeyk raketinin sınağını keçirib. “Dong Neng 3” yüksək orbitlərdə kosmik aparatların məhv edilməsi üçün nəzərdə tutulmuş Çin antipeyk kompleksinin üçüncü nəslidir. Raketin ilk sınağı 2007-ci ildə olub. Çin ərazisindən buraxılmış raket köhnəlmiş Çin peykini hissələrə bölüb. Məlumata görə, Çində antipeyk silahının ən azından bir sistemi var: “SC-19”. “SC-19” sistemi “KT-2” ballistik raketlərlə təmin edilib. “KT-2”də partlayıcı maddə olmasa da, toqquşma yolu ilə rəqibin peyklərini məhv edir.
Çin antipeyk silahı Amerika peyklərinin müxtəlif tiplərinə, kəşfiyyat peyklərinə qarşı istifadə oluna bilər. ABŞ-ın bu peykləri itirəcəyi halda Çin üzərində kəşfiyyat tapşırığını yerinə yetirmək çətin olacaq. ABŞ qoşunları peyklərdən əhəmiyyətli dərəcədə asılıdır. Çinin antipeyk silahı ABŞ-ı qorxudan beş silah növündən biri hesab edilir. “The National Interest” nəşri isə ötən il Rusiya konstruktorlarının hərbi texnologiya sahəsində müvəffəqiyyətləri haqqında xəbərlər seriyasını dərc edib. Xəbərlərdə yeni antipeyk silahından da danışılır. Nəşr qeyd edir ki, Rusiya “Nudol" orbitində peykin ələ keçirilməsi üzrə müvəffəqiyyətli raket sınağını keçirib.
“Bu, yeni silahın ikinci sınağıdır. Raket kosmosda peykləri məhv etməyə qadirdir”, - “The National Interest”in xəbərində deyilirdi. ABŞ Müdafiə Nazirliyi (Pentaqon) isə müharibələrin kosmosa keçəcəyi barədə hələ 2016-cı ildə xəbərdarlıq edib.

Bu xəbər oxundu
- - -