Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Türk dastanları

20.02.18, 8:10
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Türk xalqlarının mədəniyyəti dünya mədəniyyətinin əsas tərkib hissəsidir

1-ci yazı
Dünya xalqlarının mədəniyyəti tarixən bir-birindən təcriddə deyil, əksinə, qarşılıqlı təsir dairəsində inkişaf edib, yüksək mənəvi dəyərlər qazanıb. Şərti də olsa, dünya mədəniyyətinin iki qütbü kimi səciyyələndirilən Şərq və Qərb mədəniyyətləri bir-birinə bağlılıq və təsir nəticəsində müasir sivil mərhələyə yetişə bilib. Hər bir xalqın mədəniyyəti həmin xalqın yaşadığı ərazi, region, mühit və s. amillərlə bağlı olsa da, onun dünya mədəniyyətinin inkişaf xətti ilə əlaqə və yaxınlığı şəksizdir. Türk xalqlarının mədəniyyəti və ədəbiyyatı bu mənada dünya mədəniyyəti və ədəbiyyatının ayrıca qolu və mərhələsi olmaqla yanaşı, həm də əsas tərkib hissəsidir. Türklər dünyanın qədim və qüdrətli xalqlarındandır. XX əsr türk ədəbiyyatının məşhur nümayəndəsi Ə.Nesinin təbirincə desək, “hər bir millətin böyüklüyü onun əhalisinin çoxluğuna və ərazisinin genişliyinə görə müəyyənləşdirilmir. Hər bir xalqın böyüklüyü onun tarix və mədəniyyətinin qədim və zənginliyinə görə müəyyənləşdirilir.”
Bu mənada türklər öz tarix və mədəniyyətlərinin qədimliyi, zənginliyi baxımından dünya xalqları arasında böyüklüyünü, aparıcılığını tam şəkildə təsdiqləyə biliblər. Türklərin təxminən dörd min il bundan əvvəl Altay-Sayan dağları boyunca yaşamaları tarixi fakt kimi təsdiqlənib. Lakin türklərin tarixinin daha əvvəllərə aid olduğu şəksizdir. Türklərin 3500 il siyasi təşkilatlanma (ilk türk hökmdarı e.ə. 1500-cü ildə Turgitay), 2700 il ədəbiyyat, 2500-3000 il yazı tarixinə malik olmaları bu fikrin həqiqiliyinə tam əminlik yaradır.
Türk yazı tarixi 2500-3000 il bundan əvvələ qədər gedib çatsa da, türklərin ilk yazılı mətnləri VIII əsrə aid olan Orxon-Yenisey abidələri hesab olunur. Ancaq 2500-3000 il yazı tarixi olan millətin ilk yazılı abidəsinin ona məxsus yazı tarixindən təxminən 2000 il sonra yaranması inandırıcı görünmür. Çünki Çin mənbələrində miladdan öncəyə aid türk mətnlərinin (məsələn, türkcədən tərcümə edilmiş bir şeir parçasının) və Çin sarayına Hunlar tərəfindən göndərilən məktubların (məsələn, Metenin Çin dövlətinə göndərdiyi məktublar) olması, Saxa imperatorluğu zamanında rəsmi məktublaşmaların aparılması, eləcə də digər tarixi sənədlərdə Hunlar və Göytürklər dövründə türk yazılarının mövcudluğu, Xəzər və Avar xaqanlığında türk yazılarından istifadə edilməsi, Atillanın katiblərinin sənədləri türkcə hazırlaması və s. haqqında verilən məlumatlar türk yazı tarixinin daha qədim dövrə aid olduğunu təsdiqləyir.
Bu səbəbdən qeyd etməliyik ki, Orxon-Yenisey yazılarından çox əvvəllər də türk yazı mətnləri olub, ancaq onlar günümüzə gəlib çatmayıb. Tarixdə “türk” kəlməsi ilk dəfə Göytürklər tərəfindən işlədilib, mənsubiyyət ifadə edən ad kimi qəbul olunub. Lakin “türk” sözünün digər məna çalarlarına da malik olması (güc-qüvvət, törəmək-artmaq, yüyürmək, gözəl və s.) türk xalqının özünəməxsus fərdi keyfiyyət və xüsusiyyətlərini hərtərəfli müəyyənləşdirmək baxımından xarakterikdir. Hazırki dövrdə türk mədəniyyət və ədəbiyyatının təkcə hər hansı konkret milli türk zəminində (məs., qazax, qırğız, türkmən və s.) yox, ümumtürk anlayışları səviyyəsindən və bu səviyyənin ədəbi-bədii və estetik prinsiplərinin dərki baxımından öyrənilməsi vacibdir. Lakin təəssüf hissi ilə qeyd etməliyik ki, türk xalqları öz zəngin mənəvi aləmindən uzun müddət nəinki uzaq düşüb, həm də tarix boyu qazandıqları müəyyən siyasi tələb və təzyiqlər şəraitində onlar üçün “əhəmiyyətsizləşdirilib”.
Bu prosesdə hər şey tarixin unutdurulmasına, yaddaşlardan silinməsinə xidmət göstərib. Konkret olaraq Sovet hakimiyyəti illərində türk xalqları ədəbiyyatının tədrisi və öyrənilməsinə gəldikdə deməliyik ki, bu dövrdə türk xalqları¬nın tədrisi tarixi-milli və ümumtürk kontekstindən yox, sovet ideoloji prinsipləri baxımından başqa ad altında (SSRİ xalqlan ədəbiyyatı və mədəniyyəti şəklində) həyata keçirilib. Nəticədə bu ədəbiyyatın özünəməxsus inkişaf yolunun işıqlandırılması, onun yaranma və formalaşması, minilliklər şanlı tarixə malik türklərin mədəni, iqtisadi, siyasi coğrafiyasının bugünkü vaxta qədər keçdiyi yol, qazandığı uğur kölgədə qalıb. Odur ki, uzun illər xalqlar belə bir mənəvi boşluğun doldurulmasına daxilən ehtiyac duyub və onun reallaşmasını hər an düşünüblər.
Dünyanın yeniləşdiyi, sovet rejiminin dağıldığı, ayn-ayrı suveren və müstəqil dövlətlərin yarandığı mərhələdən sonra digər xalqlar kimi türklər də özünün mədəni və siyasi tarixini yenidən öyrənmək (həm də yazmaq), obyektiv işıqlandırmaq, təbliğ etmək imkanı və hüququ qazana bildi.
Azərbaycanda milli müstəqillik əldə olunduqdan sonra ali məktəblərin filologiya fakültələrində ilk dəfə tədris olunan “Türk xalqları ədəbiyyatı” fənni də bilavasitə bu zərurətdən doğub və bu ehtiyaca xidmət kimi nəzərdə tutulub. Bu fənnin tədrisi prosesində nəinki keçmiş sovet məkanında yaşayan ayrı-ayrı türk xalqlarının, eləcə də zəngin ədəbiyyatı olan Türkiyə türklərinin ədəbiyyatının öyrənilməsi də qarşıya məqsəd qoyulub. Təbii ki, türk xalqlarının zəngin ədəbi-bədii nümunələri həm ümumtürk konsepsiyası, həm də milli türk ədəbiyyatının özünəməxsusluğu, fərdi yaradıcılıq xüsusiyyətləri baxımın¬dan tədris olunmalıdır. Eyni zamanda bu fənnin tədrisi zamanı türk xalqlarının mədəniyyətinə digər dünya xalqlarının mədəniyyətindən təcriddə, ayrılıqda yox, vəhdət, qarşılıqlı əlaqə və bağlılıq şəraitində münasibət bildirilməlidir. Çünki inkaredilməz faktdır ki, türklərin qədim folklor irsi Misir və ümumən Yaxın və Orta Şərq ədəbi abidələri ilə qarşılıqlı əlaqə prosesində olub. Yazılı ədəbiyyatda da bu cür əlaqə, ənənə yaxınlığı özünü göstərmiş və hazırda da göstərməkdədir.
Tarixi olmayan xalq yoxdur. Lakin xalqların bir-birindən fərqi onların tarixlərinin qədim, mədəniyyətlərinin zəngin olması ilə müəyyənləşir. Türklərin bəşər sivilizasiyasının inkişafında, dünya ictimai-siyasi modelinin və ədəbi-bədii fıkrinin for-malaşmasında oynadığı rolu nəzərə alsaq, bu xalqın fərqli tarix və fərqli mədəniyyətə sahib olduqları təsdiqini tapar. Şübhə yoxdur ki, dastanlar hər bir xalq üçün tarix və mədəniyyət göstəricisidir. Dastandakı ha¬disələr tam anlamda əsl tarix olmasalar da, dünyanın yaranması, tarixin başlanması, insanlığın, cəmiyyətin formalaşması və ayrı-ayrı xalqların özünəməxsus həyata baxışları haqqında təsəvvür yaratmaq baxımından əhəmiyyət daşıyır. Belə demək mümkünsə, dastanlar millətin tarixi, ya¬şayış yerləri, adət-ənənəsi, psixologiyası, inancları, həyata baxışları və s. barədə məlumat verən ilkin qaynaqlardan biridir. Çünki dastanlar kök və ruh etibarilə həm tarixə bağlanır, həm də tarixi əks etdirir. Lakin hər bir millətin özünəməxsus tarixi olsa da, yer üzündə yaşayan elə millət¬lər var ki, onlara məxsus dastan nümunələri yox dərəcəsindədir. Dastan yaranmasının iki vacib şərti vardır:
1. İlkin mərhələdə millət əfsanə və mif yaradıcılığına malik olmalı və bunlar zənginliyi ilə seçilməlidir. Bunun üçün onun ibtidai dövrlərdən mövcudluğu vacib şərt hesab olunur.
2. Millətin savaş, mübarizə, qəhrəmanlıq tarixi kifayət qədər zəngin olmalı və tarixdə əhəmiyyətli yer tutmalıdır.
Türk dastanları mifoloji-epik baxışların nəticəsi kimi zaman etibarilə yaranma və formalaşma baxımından iki dövrə bölünür:
I. İslamiyyətdən öncə türk dastanları
II. İslamiyyətdən sonra türk dastanları
Birinci mərhələyə aid olan qədim türk dastanları əsas etibarilə e.ə. I minilliyin ortalarından eramızın I minilliyinin ortalarına qədər olan dövrləri əhatə edir. Bu dastanlar Saka, Hun, Göytürk, Uyğur tarixlərinin dastanları hesab olunur. Əski türk dastan nümunələri müxtəlif mənbələrdən əldə edilib. Bunların bir qismi Avropa, Çin, İran, ərəb mənbələrində, digər bir qismi türkün özünün şifahi yaddaş və yazılı ədəbi nümunələrində mühafizə olunub. “Dünyanın yaranması haqqında” dastan türk mifoloji-fəlsəfi təsvirlərinin əksi baxımından xarakterikdir. Heç şübhəsiz, bu təsəvvürlərin mərkəzində dünyanın yaranması və idarə olunması ilə bağlı türk inancları dayanır.
“Bir zamanlar yalnız Tanrı Qara xan və su vardı. Qara xandan başqa görən, sudan başqa görünən yox idi. Ağ Ana göründü. O, Qara xana “yarat” deyib yenidən suya daldı. Bunu eşidən Qara xan bir Kişi yaratdı.” Bu parçada dünyanın və insanın yaranması haqqında türk mifoloji görüşləri diqqəti cəlb edir. Dastanın məzmunundan aydın olur ki, insan (Erlik-şeytan) Tanrıyla bərabər uçarkən ondan yuxarı qalxdığına görə cəzalandırılmış və Tanrı dünya yaratmaq məqsədilə ona suyun dibinə enib oradan torpaq gətirmək əmri ver. Lakin Erlik burada da xislətini gizlətməyib, öz dünyasını yaratmaq üçün gətirdiyi torpaqdan bir qədər boğazında saxlayıb. Tanrı torpağa “böyü” əmrini verəndə dünya yaranıb, eyni zamanda Erlikin boğazındakı torpaq da böyüyərək ağzına sığmadığı üçün qeyri-bərabər şəkildə yerə tökülüb. Nəticədə Tanrının yaratdığı dümdüz dünyanın harmoniyası pozulmuş, dağlar və təpələr yaranıb. Bu dastanda Tanrı Qara xanın dünyaya sahib olması, onun dünya nizamını yaratması, yeni insan nəsillərinin əmələ gəlməsi, dünyaya səpələnməsi və s. cəhətlər əski türk mifoloji düşüncə və inanclarına uyğun təsvir olunub. Dastanda Tanrı Qara xan timsalında əski türklərin tək Tanrı təsəvvürləri dayanır. Proseslər isə Nur, Qaranlıqlar və Yer üzü adlanan üç aləmdə cərəyan edir. Nur aləmi göydə yerləşir. Burada yaxşı ruhlar məskunlaşıb. Bu aləmin hakimi Tanrı Qara xandır. Yer üzü orta təbəqədir. Burada Tanrının göndərdiyi mələklər yaşayırlar. Qaranlıqlar aləmi isə yerin altındadır. Həmin məkanda pis ruhlar, cinlər yaşayır. Bu məkana isə Erlik (şeytan) hakimdir. Dastanda Tanrı Qara xanın göyün ən yüksək təbəqəsi olan On yeddinci qatda oturub dünyanı idarə etməsi ilə bağlı verilən fıkirlər dünyaya sahib tək Tanrı ilahi inanc funksiyasına uyğundur.
“Boz qurd”, “Oğuz kağan”, “Şu”, “Ərgənəkon”, “Köç” və s. dastanlarının mətnləri bütöv halda əlimizdə olmasa da bu dastanlar türk epos zənginliyinin, estetik düşüncə mükəmməlliyinin təsdiqi baxımından əhəmiyyətlidir. Həmin dastanlar eyni zamanda türkün etnogenezisi, siyasi idarəçilik və dini baxışları, dünyada milli özünütəsdiq arzu və iddiaları və s. haqqında təsəvvür yaratmaqda böyük rol oynayır.

Elman Quliyev
filologiya üzrə elmlər doktoru, professor

Bu xəbər oxundu
- - -



___

Tehrandan Bakıya dil uzadanlar – Azərbaycandan düşmən yaratmaq onların nəyinə lazımdır?(ardı...)