Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Heydər Əliyev Mərkəzində “Dəb ikonası” adlı seminar keçiriləcək

20.02.18, 13:09
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Heydər Əliyev Mərkəzində rusiyalı dəb mütəxəssisi Natalya Tolkunovanın təqdimatında “Dəb ikonası” adlı seminar keçiriləcək.
Mərkəzdən verilən məlumata görə, martın 12, 13 və 14-də keçiriləcək seminar üç mühazirədən ibarət olacaq.
Seminar hazırda Mərkəzdə nümayiş olunan “Modernizm və Moda” sərgisi çərçivəsində təşkil olunur.
Qeyd edək ki, 1960-cı illərin dəb nümunələrinin təqdim edildiyi bu sərgi Aleksandr Vasilyev Fondunun kolleksiyası əsasında hazırlanıb.
“Dəb ikonası” seminarı moda aləminin liderləri ilə tanışlıq imkanı yaradır.
Seminar iştirakçıları Heydər Əliyev Mərkəzində nümayiş olunan “Modernizm və Moda” sərgisi ilə ödənişsiz tanış olmaq imkanı da əldə edəcək.
Martın 12-də saat 19.00-da başlayacaq “Yüksək dəb ikonaları” adlı mühazirə zamanı cəmiyyətdə tutduqları mövqe, böyük nüfuz və zövqlərinə görə dəbi diktə edən və heç bir zaman modanın zirvəsindən enməyən qadınlar haqqında məlumat veriləcək.
XX əsrin ortalarının dəb ikonalarının geyim tərzi bir daha sübut edir ki, zəriflik, kübarlıq yaşa baxmır. Məqsədyönlülük və güclü xarakterləri sayəsində qarşıya qoyduqları bütün vəzifələrə nail ola bilən bu qadınların qeyri-adi taleləri bu gün də nümunə sayıla bilər.
Martın 13-də saat 19.00-da başlayacaq “Kino və moda: kino ulduzlarının geyim tərzi” mühazirəsi çərçivəsində Qreta Qarbo, Marlen Ditrix, Odri Hepbern, Qreys Kelli kimi məşhur aktrisaların dünyalarına maraqlı səyahət olacaq. Onların moda aləminə, geyim üslubuna etdikləri təsirin təhlili aparılacaq.
Yüz ildən çox müddət ərzində kinematoqrafiya ən güclü moda diktəçisi, yayıcısı olub. Ona görə də kino ulduzlarının şəxsi geyim üslublarının zəmanələrinin estetikasına təsiri, onların yaratdıqları surətlərin bu günədək aktuallığını itirməməsi böyük əhəmiyyət kəsb edir.
Martın 14-də saat 19.00-da keçiriləcək “Müasir dəbdə 1960-cı illərin ənənəsi” mühazirəsində 1960-cı illərin dəbi, onun bugünkü moda trendlərinə təsiri və müasir modelyerlərin istifadə etdikləri keçmiş üslublar haqda məlumat veriləcək.
1960-cı illər dəb tarixində əsrin birinci yarısının estetikasına yekun vuran və gələcəyə yol açan inqilabi yeniliklər dövrü oldu. 1960-cı illərin dəbində xüsusi dinamizm və incəlik var idi.
Qeyd edək ki, Natalya Tolkunova jurnalist və tərcüməçidir, Moskva Dövlət Universitetində pedaqoji fəaliyyətlə məşğul olur, moda tarixçisi Aleksandr Vasilyevin rəhbərlik etdiyi “Moda nəzəriyyəsi və sənayesi” proqramı üçün “Moda jurnallarının tarixi”, “Kino və moda”, “Dəb ikonaları” mövzularında mühazirələr oxuyur. “Doroqoy” və “Sur la Terre” jurnallarında redaktor vəzifəsində çalışıb. “50-ci illər: kuturyelərin sonuncu istehkamı” adlı kitabın müəllifidir.

Bu xəbər oxundu
- - -