Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Həmsədrlər münaqişəni inhisara alıb

22.02.18, 13:33
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Kristian Vigenin: "Beynəlxalq ictimaiyyət Qarabağ məsələsində diqqətini yalnız müharibədən qaçmağa yönəldib, bu yanaşma dəyişməlidir"


ATƏT PA-nın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Kristian Vigenin istefa verib.
Bu barədə o dünən Vyanada ATƏT PA-nın qış sessiyasında hazırladığı yekun hesabatın təqdimatı zamanı bildirib.
O, istefa verməsinin səbəbini bütün səyini Siyasi Məsələlər və Təhlükəsizlik komitəsindəki məruzəçi vəzifəsinə yönəlmək niyyəti ilə əlaqələndirib.
Kristian Vigenin ATƏT-in Minsk qrupu həmsədrlərinin işini tənqid edib.
Kristian Vigenin ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi və ATƏT-in Minsk qrupu həmsədrləri ilə əməkdaşlıq və koordinasiya şəklində ATƏT PA-nın regionda rolunun gücləndirilməsi ilə bağlı bir sıra səylər irəli sürdüyünü deyib: “Lakin həmsədrlər öz işləri barədə məlumat vermək üçün bir neçə dəfə ATƏT PA-nın dəvətlərini, hətta qeyri-rəsmi görüş təkliflərini rədd ediblər. Mən onlarla bu məsələ ilə bağlı görüşlərimi bölüşmək və parlamentarilərin bu prosesdə rolunun artırılmasının vacibliyini danışmaq üçün bir dəfə görüşə bildim.
Biz fəaliyyətimiz barədə gələcəkdə də məlumat mübadiləsi barədə razılığa gəldik, lakin bu məsələyə ciddi şəkildə cəlb edilən olmadı.
Həmsədrlər yalnız nadir hallarda özündə az məlumat əks etdirən press-relizlər yayırlar”.
Kristian Vigenin bildirib ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bütün məsələlər çox məhdud çevrədə qapalı olaraq qalır: “Bu, anlaşılandır. Lakin ölkələrin ictimaiyyətinin istənilən kompromis qərarlara hazırlanmasına xidmət etmir.
İki illik intensiv fəaliyyətim müddətində ATƏT PA ilə bağlı Cənubi Qafqazda fikirlərin, həmçinin Cənubi Qafqaz barədə məlumatların ATƏT PA-da paylaşılması üçün nailiyyətlər əldə etmişəm. Lakin istənilən vacib məsələ ilə bağlı irəliləyiş əldə olunmayıb. Bunu da qəbul etməliyik ki, istənilən digər qurum və institut son iki ildə regionda nəzərəçarpacaq nailiyyət əldə etməyib.
Doğrudur, nisbi sülh əldə olunub. Lakin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mənim təəssüratım budur ki, beynəlxalq ictimaiyyət özünün hərtərəfli nizamlanmanın və uzunmüddətli sülhün əldə olunması ilə bağlı ambisiyalarını sadəcə müharibədən qaçmağa dəyişib. Bu dayanıqlı deyil və dəyişməlidir. ATƏT PA bu məsələdə rol oynaya bilər. Lakin bu, xüsusilə münaqişə ölkələrinin paytaxtlarında uyğun şəraitin yaradılması şərti ilə baş verə bilər”.
Keçmiş xüsusi nümayəndə bildirib ki, Cənubi Qafqazın 3 ölkəsi ilə “Cənubi Qafqaz” adı altında məşğul olmaq artıq ATƏT PA üçün məhsuldar deyil: “Dağlıq Qarabağ və ətraf rayonlarla əlaqəli bütün problem və məsələlər - Azərbaycan və Ermənistanla bağlı vəziyyət Gürcüstandakı vəziyyətdən tamamilə fərqlidir. Hər üç ölkə yanaşma və məqsədlərində də fərqlənir. ATƏT PA fərqlilikləri qəbul etməli, hazırki yanaşmanı dayandırmalı və münaqişələri individual olaraq hədəfə almalıdır”.
Kristian Vigenin qeyd edib ki, hazırkı vəziyyətdə xüsusi nümayəndənin vəzifəsi tamamilə formal xarakter daşıyır. Onun sözlərinə görə, xüsusi nümayəndənin fəaliyyəti bir sıra səbəblərdən çox məhduddur: “Bölgədəki şərait daha geniş dialoq və təşəbbüslər üçün imkan yaratmır. Bütün müvafiq iştirakçılar daha az təşəbbüsə malik, daha az aktivlik göstərən şəxsə üstünlük verirlər. Bölgədə əlaqələrə və münaqişə zonasını ziyarət etməyə tam icazə yoxdur və olmayacaq. Xüsusi nümayəndə üçün maliyyə dəstəyi yoxdur və onun bütün xərcləri təmsil etdiyi ölkə tərəfindən ödənilir. Buna görə də indiki vəziyyətdə xüsusi nümayəndənin vəzifəsi dondurulmalı, bu səlahiyyətlər ATƏT PA-nın vitse-prezidentinə verilməlidir. O, daha geniş mənada ATƏT zonasında həlli uzanan münaqişələrlə məşğul ola bilər”.

Bu xəbər oxundu
- - -