Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

İran prezidentindən olduqca təhlükəli addım

26.02.18, 11:49
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

O, ölkədə yenidənqurma cəhdiylə hakimiyyətini itirə bilər
İran prezidenti Həsən Ruhani ölkənin dövlət siyasətinin əsas məsələləri üzrə ən yaxın gələcəkdə referendum keçirməyi təklif edib. Britaniyanın “The Guardian” qəzeti onun bəyanatından sıradakı şəkildə sitat gətirir: “İnqilab baş verərkən hamımız bir yerdəydik, inqilab qatarında çoxlu sərnişin var idi: qatardan kiminsə özü düşdü, kimisə biz itələdik, amma bunu etməməliydik. Bu gün islahatçılar, mühafizəkarlar və konstitusiyanı qəbul edənlərin hamısı daxil olmaqla bizə hamı lazımdır ki, ölkənin inkişafına və tərəqqiyə nail olaq. Biz hansısa məsələ üzrə narazıyıqsa, 59-cu maddəyə (referendumların keçirilməsi haqda konstitusiya maddəsinə) müraciət etməliyik”.
“Strateq” Reqnum.ru-ya istinadən yazır ki, İran prezidenti tərəfindən bu cür gedişi nəzəri olaraq çoxdan gözləyirdilər – xüsusən də Ruhaninin islahatçı və liberal nüfuzuna malik olduğu Qərbdə. Amma prezidentin öz gedişini indi etməyi gözlənilməz görünür. Çünki bu addım, mahiyyəti əksər ekspertlər arasında ziddiyyətli qiymətlər doğuran bu yaxınlardakı etirazlardan sonra atılıb. Biriləri deyirlər ki, nümayişlər ölkədə mövcud olan mürəkkəb sosial-iqtisadi problemlərdən törəyib. Başqaları əmindirlər ki, İranda etiraz hərəkatı xarici güclər – ABŞ, İsrail və yaxud Səudiyyə Ərəbistanı tərəfindən törədilib. Bu da amerikalıların Yaxın Şərqdə Tehranla mübarizə üzrə ssenarisinə sığışır. Nəhayət, üçüncülər əmindirlər ki, təlatümlər yönəldilən xarakter daşıyırdı və İran hakim sinfi daxilində mühafizəkar deyilənlərlə liberallar arasındakı daxili mübarizədən törəyib.
Durum həm də sıradakı cəhətlərlə ağırlaşır. Birincisi, Ruhaninin bəyanatı İranın bir qrup hüquq müdafiəçisi və alimi tərəfindən dəstək tapmağa başlayıb və onlar hesab edirlər ki, referendum islam inqilabi rejiminin siyasi taleyini müəyyən etməlidir, lakin prezidentin özü belə bir ideydan hər cür boyun qaçırır. İkincisi, yaş amilini də nəzərə almaq lazımdır. İran ali lideri ayətullah Əli Xamenei o qədər də gənc deyil. Rəhbərin “mirasına” iddiaçılar öz niyyətlərini gizlətməyi tərgidiblər. İran informasiya-siyasi məkanında bununla bağlı iki mövqe ifadə olunur. Biriləri əmindirlər ki, Ruhani “İslam İnqilabi Keşikçiləri Korpusunun (İİKK) sanksiya illərində formalaşan iqtisadi modelinə” zərbə endirən Xamenei tərəfindən dəstəklənir. Başqaları, əksinə, rəhbərin referenduma razılaşacağını şübhəli hesab edirlər – xüsusən də söhbət ruhanilərin hakimiyyətinin prezident və parlamentinkindən yuxarı olduğu İran dövlət sisteminin gələcəyindən gedəcəksə.
Buna baxmayaraq Ruhani evin sirrini açmaq qərarına gəlib ki, bu da məntiq üzrə İranda baş verən mürəkkəb siyasi prosesin sadələşməsinə deyil, qəlizləşməsinə aparmalıdır. Qeyd edək ki, prezident iqtisadi, sosial və mədəni həyatın islahı məsələlərini parlamentdən deyil, referendum vasitəsilə keçirmək zərurətinə vurğu edir. O bildirir ki, dövlətin iqtisadiyyata müdaxiləsini azaltmaq lazımdır, daha böyük şəffaflığa çağırır. Türkiyənin “Milli Gazete”si İrandakı iqtisadi modelin transformasiyasıyla bağlı böyük çətinliklər proqnozlaşdırır –“dərhal bir neçə təhlükəli ölçünün və üstəgəl, təhlükəli geopolitik kokteylin çulğaşacağı” mənzərə fonunda Tehran üçün qaçılmaz şəkildə iqtisadi sistemin böhranı perspektivi yaradacaq. Amerikanın “The Atlantic” nəşri isə təxmin ifadə edir ki, İranın özü çün arzuolunmaz və ya təhlükəli amilləri aradan qaldırmaq üçün bütün resurslara sahib olan güc qurumları ölkədə yaranan mürəkkəb durumdan faydalana bilər. Xatırladaq ki, İranın islahatlar keçirməyə cəhd edən keçmiş prezidenti Məhəməd Xatəmi bir vaxtlar mühafizəkarlar tərəfindən tezliklə istefaya göndərilib. İranın güc təmsilçiləri arasında əminlik var ki, ABŞ-İsrail-Səudiyyə Ərəbistanı üçlüyü tərəfindən qaynaqlanan aşkar xarici təhlükə görünən tarixi dövrdə çətin ki, aradan qalxsın. Həm də Tehranın əndişəsini elə hey qidalandırırlar. Məsələn, Səudiyyə Ərəbistanının xarici işlər naziri Adil əl-Cubeyr Brüsseldə Avropa parlamenti qarşısında çıxış edərkən bildirib ki, “İranla cari nüvə sazişinin şərtləri onun fəaliyyətinə təsir etmək üçün yetərsizdir”. Onun sözlərinə görə, “Tehranı bölgə dövlətlərinin daxili işlərində iştirakdan çəkindirmək üçün birgə işləməliyik. Yetər, inqilab çoxdan sona çatıb”.
Lakin bununla yanaşı İranda şərti olaraq mötədil mühafizəkar düşərgəyə aid etmək mümkün olan qüvvələr özünü daha fəal şəkildə meydana çıxara bilər. Onlar milləti ruhlandıra və birləşdirə biləcək yeni kursu nişanlaya bilsələr, bu, daxili-siyasi durumu sabitləşdirmək imkanı verər. Əksər ekspertlərin hesab etdikləri kimi, hazırda klerikal rejimin saxlanması daha çox onun transformasiya bacarığından asılıdır. Onların fikrincə, təkcə prezident Ruhani tipli liderlərin və islahatlar planının varlığı deyil, məqamı buraxmamaq üçün tarixi zamanı duymaq da əsaslı şəkildə önəmlidir. Lakin anlamaq gərəkdir ki, ABŞ öz maraqlarının gerçəkləşdirilməsi üçün çoxsaylı və yetərincə nüfuzlu İran diasporasını səfərbər etməyə çalışacaq. Bu isə xarici təhlükədir.
Moskvaya gəlincə, Rusiya prezidentinin Əfqanıstan üzrə özəl təmsilçisi, RF XİN Asiya departamentinin direktoru Zamir Kabulov bu yaxınlarda “İnterfaks”ın ABŞ, İsrail və Səudiyyə Ərəbistanının misli görünməmiş basqısının İran daxilindəki mühafizəkar dairələrin əlinə oynayıb-oynamadığı, bu ölkədə mühafizəkar dairələrin qələbəsinin Tehranın xarici siyasətinin radikallaşmasına səbəb olacağı haqda sualına bu cür cavab verib: “İran Rusiyanın yaxşı qonşusu, çoxdankı və dünya siyasətinin bir çox məsələləri üzrə olduqca yaxın mövqelərimiz olan yaxın tərəfdaşıdır. Qeyd etmək istərdim ki, Rusiya Federasiyası məhz xarici siyasət arenasında üst-üstə düşən geniş maraqlardan çıxış edərək İran islam Respublikasıyla münasibət qurur və bu halda İranın hansı siyasi qüvvəsi təmsilçilərinin, istər mühafizəkarların, istərsə də islahatçıların bu dövlətin ali rəhbər qurumlarında əksəriyyət təşkil etdiyinin bizim üçün prinsipial əhəmiyyəti yoxdur. İranın yerli əhalisinin geniş dəstəyini alan istənilən təmsilçilərilə işləməyə hazırıq. Lakin Tehranı təcrid etmək və ABŞ-ın bu gün təkid etdiyi kimi, bölgə məsələlərində iştirakdan uzaq salmaq sadəcə qeyri-gerçəkçi məşğuliyyətdir. Bölgədə İran tərəfini fəal şəkildə qoşmadan bir çox böhranların həllini tapmaq son dərəcə çətin olacaq”. Lakin hələlik hər şey buna doğru gedir ki, İranın geopolitik və strateji önəmi üzündən bu ölkəyə təsir uğrunda mübarizə getdikcə daha da kəskinləşir.

Bu xəbər oxundu
- - -