Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Banklararası Kart Mərkəzinin infrastrukturu standartlara cavab verir

26.02.18, 12:16
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Ölkənin Milli Ödəniş Sistemi infrastrukturunun təhlükəsizliyinin və dayanıqlılığının artırılması Azərbaycan Mərkəzi Bankının (AMB) qarşısında duran prioritet istiqamətlərdən biridir və bu sahədə davamlı tədbirlər həyata keçirilir. Bankdan verilən məlumata görə, 2016-cı ildə AMB tərəfindən ödəniş kartları sahəsinə etimadın yüksəldilməsi və aparılan əməliyyatlarda təhlükəsizliyin daha da artırılması məqsədilə Banklararası Kart Mərkəzi (BKM) yaradılaraq istismara verilib. Müasir texnoloji nailiyyətlər əsasında yaradılan BKM ölkədə emissiya olunan ödəniş kartları ilə ölkə daxilində aparılan əməliyyatlar üzrə məlumatların emalı prosesinin tam şəkildə ölkə daxilində həyata keçirilməsini, eyni zamanda, ödəniş kartları bazarında səmərəli və çevik tarif siyasətinin tətbiqini təmin edir.
Ölkə qanunvericiliyi ilə yanaşı, beynəlxalq təcrübədə də ödəniş kartları üzrə məlumatlar həssas hesab edildiyindən onların emalı, saxlanılması və ötürülməsi ilə məşğul olan təşkilatlara yüksək təhlükəsizlik tələbləri müəyyənləşdirilir. Bu səbəbdən BKM vasitəsilə ötürülən kart məlumatlarının təhlükəsizliyinə və biznes proseslərin davamlılığına əminliyin yüksəldilməsi məqsədilə sistemin beynəlxalq kart təşkilatları tərəfindən müəyyənləşdirilmiş PCI DSS – “Payment Card Industry Data Security Standards” (ödəniş kartı sahəsində məlumatların təhlükəsizliyi standartları) tələblərinə uyğunluğu üzrə audit həyata keçirilib. Keçirilmiş audit yoxlamaları nəticəsində BKM infrastrukturunun PCI-DSS v3.2 standartlarının şərtlərinə tam cavab verdiyi təsdiq edilmiş və müvafiq sertifikat təqdim olunub.
Qeyd olunan standartlar beynəlxalq kart təşkilatları tərəfindən ödəniş kartı sahəsində risklərin idarə olunması məqsədilə 2006-cı ildən təsis edilmiş “Ödəniş kartı sahəsində təhlükəsizlik standartları Şurası” tərəfindən müəyyənləşdirilib. Hazırda şuranın üzvləri “American Express”, “Discover Financial Services”, “JCB International”, “MasterCard” və “Visa Inc.” kart təşkilatlarıdır. Şura ödəniş kartlarında təhlükəsizlik siyasətinin, prosedur və qaydaların qiymətləndirilməsi üçün 12 əhəmiyyətli tələbdən və çoxsaylı direktivləri əhatə edən alt tələblərdən ibarət PCI DSS standartları kimi tanınan təhlükəsizlik standartlarını hazırlayıb. Beynəlxalq kart təşkilatlarına məxsus ödəniş kartlarının emissiyası, məlumatların saxlanılması, emalı, ötürülməsi və bu kartlarla aparılmış əməliyyatlar üzrə hesablaşmaların həyata keçirilməsini təşkil edən bank və xidmət mərkəzlərinin PCI-DSS tələblərinə cavab verməsi zəruridir.

Bu xəbər oxundu
- - -