Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

1997-2005-ci illərdə Güney Azərbaycanda ziyalıların fəaliyyəti

27.02.18, 11:15
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

3-cü yazı

Həmin illərdə İran rejiminin Azərbaycan türk milli ziyalılarına qarşı repressiv addımlarına qarşı etirazlarda da tələbələr xüsusi fəallığı ilə seçilirdi. Tələbələr 2004-cü ildə türk tələbə dərgilərinin II sərgi-müsabiqəsində qəbul etdikləri qətnamədə bir sıra hüquqi məsələlərlə yanaşı, hakim rejimin milli qüvvələrə qarşı həyata keçirdiyi “qanuni həbslərin” qarşısının alınması ilə bağlı tələblərlə çıxış etdilər: hakimiyyət orqanlarından hər cür ictimai, siyasi, iqtisadi, mədəni ayrı-seçkiliyə və təhqirlərə son qoyulması; siyasi strukturda mədəniyyətlərin müxtəlifliyinin qəbul edilməsi, ictimai, siyasi, mədəni plüralizmin inkişaf etdirilməsi; Babək hərəkatının mahiyyətini dərk edərək onun keçirilməsi üçün şərait yaradılması; insan hüquqları çərçivəsində tələbə hərəkatına qarşı hər cür təzyiqlərə son qoyulması və s. Tələbələr hakimiyyətdən milli problemin həllinə Ümumdünya İnsan hüquqları və İran qanunvericiliyi çərçivəsində yanaşmağı tələb edirdilər.
Beləliklə, 90-cı illərdə tələbələrin də daxil olduğu milli ziyalı qüvvələr Şimali Azərbaycanda baş vermiş hadisələrə emosional reaksiya göstərir və bu hadisələrin fonunda da İran qanunvericiliyi çərçivəsində ana dili hüquqlarının genişləndirilməsi, İran radio-televiziyasında Azərbaycan dilinin assimilyasiyasının dayandırılması, milli-mədəni abidələrin qorunması və s. kimi tələblər qoyulurdusa, 2000-ci illərin əvvəllərindən tələbələr azərbaycançılıq ideyası zəminindəki mübarizənin əsas ünsürü olan ana dili məsələsini İran daxilində elementar milli-mədəni hüquqi problem kimi deyil, beynəlxalq, qlobal və köklü milli-siyasi maraqlar kimi qoymağa başlamış və ziyalılarla birlikdə bu mübarizənin aparıcı qüvvəsinə çevrilmişdilər. Azərbaycanlıların milli hüquqlarını, o cümlədən ana dili hüququnun qorunması ilə məşğul olan milli ziyalılar və milli ruhlu tələbələr mitinq, nümayiş, petisiyalardan, qəzet səhifələrindən istifadə edirdilər. Praktiki aspektdə isə dilin funksiyası və funksional rolunun genişlənməsinə diqqət yetirirdilər.
İranda cənubi azərbaycanlıların milli ziyalıların simasında qeyri-siyasi sferada milli hüquqlar uğrunda mübarizəsini şərtləndirən amillər aşağıdakılardır:
- Cənubi azərbaycanlıların milli kimlik, onun əsas göstəricisi və ifadəçisi olan ana dili, milli mədəni hüquqlar uğrunda mübarizəsinin inkişaf dinamikasına daxili və xarici amillərin təsiri, əlbəttə ki, danılmazdır. Öz milli mənsubiyyətini tanımaq istəyindən yaranan Azərbaycan türk etnikçiliyi uzun illər Pəhləvilərin və sonra da İslam rejiminin Azərbaycan türk dili, tarixi və mədəniyyətinin təhqir olunması və qadağalara məruz qalmasına bir reaksiya kimi inkişaf etmişdi. Dünyada və xüsusilə regionda baş verən hadisələr də bu mübarizəyə birbaşa təsir göstərmiş, milli hissləri qabartmışdı. Konstitusiyanın 15, 19-cu maddələrinin qəbul olunması, 90-cı illərdə İranda liberal mühitin yaranması ziyalılara məhdud şəraitdə mübarizəni dünyəvi, obyektiv, elmi istiqamətdə inkişaf etdirməyə əsas vermişdi.
- İnformasiya resursları və onlara çıxışın asanlaşması tələbələrin dünyada və regionda gedən ictimai, siyasi, iqtisadi, mədəni, qlobal prosesləri izləməsi, hadisələrə baxışlarının əks olunmasını təmin etməklə milli özünüdərkin güclənməsinə, onlar arasında mənəvi birliyin yaranmasında yardımçı vasitələrdən oldu.
- İkinci bir tərəfdən inqilabdan sonra dünyaya səpələnmiş, sırf azərbaycançı məfkurəsinə söykənmiş azərbaycanlı siyasi mühacirlərin İrandakı azərbaycanlıların baxışlarına müxtəlif vasitələrlə təsirləri də diqqətdən kənarda qala bilməz. Bu tanışlıq tələbələri Azərbaycançılıq məsələsinin müxtəlif aspektlərinə qlobal, beynəlxalq prizmadan baxmağa, elmi-nəzəri cəhətdən yanaşmağa sövq edir və mübarizənin istiqamətini dəqiqləşdirməkdə mühüm rol oynayırdı.
- İranın hər tərəfinə səpələnmiş cənubi azərbaycanlıların yaşadıqları şəhər və ya əyalətlərin ictimai-siyasi mühitinin təsiri onların sosial-mədəni oriyentasiyası, sosial-ideoloji davranışları arasında fərqlərdə özünü göstərirdi. Paytaxt Tehranın açıq siyasi, mədəni mühiti burada məskunlaşan ziyalıların İran qanunvericiliyi çərçivəsində mədəni yöndə fəaliyyətinə təsir etməklə rasional demokratik düşüncəli, daha çox realizm elementlərini özündə birləşdirən intellektual bir toplumun formalaşmasına yardım edirdi. Bunu Tehranda ziyalıların daha çox açıq siyasi, əsaslandırılmış, mütəşəkkil milli- mədəni yöndə fəaliyyəti sübut edir. Əslində İran rejiminin uzun illər apardığı iqtisadi ayrı-seçkilik siyasəti əks effekt verərək İranın bütövlüyü üçün təhlükə yaradır. Tehranda belə ziyalı təbəqəsinin formalaşması İran siyasi dairələri üçün müsbət qiymətləndirilə bilməz. Təbriz başda olmaqla Cənubi Azərbaycanın digər şəhərlərində isə milli-mədəni fəaliyyətlə yanaşı, milli-siyasi yöndə mübarizə daha çox nəzərə çarpır. Onlara realizm elementlərindən daha çox emosionallıq, ifratçılıq xasdır.
- İran hakimiyyətində mənsəb sahibi olan Azərbaycan türk əsilli şəxslərin də cənubi azərbaycanlıların, o cümlədən ziyalıların ana dilindən istifadə hüquqları uğrunda mübarizəsinə maneçiliyi, bir çox hallarda isə milli mübarizə əleyhinə qatı əks-mövqeləri də nəzərdən qaçırılmamalıdır. Əgər Pəhləvilərin hakimiyyətə gəlişinədək azərbaycanlıların etnomədəni inkişafının ləng getməsinin səbəblərindən biri həm hakim dairələrin, həm də ziyalıların (bəzi istisnalar olmaqla) öz milli varlığına biganəliyi ilə bağlı idisə, İslam inqilabından sonra milli ruhlu ziyalıların, tələbələrin milli şüurunun ən yüksək səviyyəyə çatdığı bir şəraitdə azərbaycanlıların hüquqsuz millət vəziyyətində qalmasının səbəblərindən biri İran rejimində təmsil olunan azərbaycanlıların öz milli problemlərinə etinasızlığı və əks mövqe tutmalarıdır. Digər tərəfdən milli hüquqlar uğrunda mübarizədən kənarda qalan, İranda rejim dəyişikliyi tərəfdarı olan və bu istiqamətdə təbliğat aparan azərbaycanlı ziyalıların mövcudluğu milli hərəkatın inkişafına təsir göstərirdi.

Yeganə Hacıyeva

Bu xəbər oxundu
- - -