Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“İranın müdaxiləsi halında, Rusiya İsraili dəstəkləyəcək”

27.02.18, 11:34
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Səfir müavinindən rəsmi Tehranı əsəbiləşdirəcək açıqlamalar
Əgər İran İsrailə hücum etsəydi, Moskva yəhudi dövlətini dəstəkləyərdi. Bunu İran dronunun Suriyadan sızmasından və İsrail ordusu tərəfindən vurulmasından sonra bir rus rəsmisi deyib. "İsrailə qarşı təcavüz olarsa, İsrailin tərəfində yalnız ABŞ deyil, Rusiya da olacaq”, – deyə Rusiyanın İsraildəki səfirinin müavini Leonid Frolov bildirib. “Həmvətənlərimizin bir çoxu İsraildə yaşayır, ümumiyyətlə, israillilər dost xalqdır və buna görə İsrailə qarşı heç bir təcavüzə yol verməyəcəyik".
“Strateq” “The Times of İsrael”ə istinadən yazır ki, Təl-Əvivdəki Rusiya səfirliyində aparılan geniş miqyaslı müsahibədə Leonid Frolov İsrailə dron hücumunun arxasında İranın durması iddiasını şübhəyə alıb və İsrailli kəşfiyyat orqanlarının Suriyalı həmkarları ilə əlaqə qurmasını təklif edib. O, həmçinin israillilərin Amerikanın sülh planını bəyənməyəcəyini və Fələstin administrasiyasının başçısı Mahmud Abbasın İsrailin yəhudiliklə əlaqəsi olmayan bir Avropa müstəmləkə layihəsi olması qınağı qarşısında aciz qaldığını iddia edib.
"İsrailin özünü müdafiə etmək hüququnu əlindən almırıq və İsrail pilotlarının hərəkətləri tamamilə doğru idi, – deyən səfir müavini Suriyada İsrail döyüş təyyarəsinin vurulması və iki pilotun yaralanmasını belə şərh edib. – Biz bu hadisədə iki İsrail pilotunun yaralanmasından, əlbəttə, təəssüflənirik. Rusiya səfirliyi adından yaralı pilotlara şəfa diləyirəm".
…Qanlı yeddiillik vətəndaş müharibəsində Suriya prezident Bəşər Əsədi devirərək hakimiyyətə gəlmək istəyən üsyançılardan qurtulmada mövcud rejimə kömək etməkdə, Rusiya İranla birlikdə Suriyanın yeganə müttəfiqidir. "Suriya suveren bir ölkədir və Suriya xalqı da özünü müdafiə etmək hüququna malikdir", – Frolov deyib.
İsrail Suriyada özünü hərbi şəkildə yerləşdirmək üçün İranın səylərini maneə törətmək barədə lazım olan hər şeyi etməyə hazır olduğunu dəfələrlə bəyan edib. Təl-Əviv İranın Suriyadakı hədəflərinə hücum edib, Moskva isə müharibə gedən ölkənin səmasında qarşıdurmalardan yayınma məqsədi ilə, hərbisizləşdirmə mexanizmi yaradıb. Frolovun sözlərinə görə, İrana Suriyada güclü hərbi mövcudluq qurmağa icazə verilməmə barədə İsrailin tələbi "tamamilə qanunidir".
Moskva razılaşır ki, qanlı vətəndaş müharibəsi sona çatdıqdan və yeni demokratik hökumət qurulduğu andan İran qüvvələri ölkəni tərk etməlidir. Bununla yanaşı, rejimin düşməni olan üsyançılar, – Frolov onları "terrorçular" adlandırıb, – Suriyanı qeyri-sabitliyə sürükləməyə çalışırlar; onları məğlub etməkdən ötrü Əsəd iranlı qüvvələri köməyə çağırıb. Rusiya əmindir ki, sabitlik bərpa olunduqdan sonra bütün xarici hərbi personal ölkəni tərk edəcək.
Frolov deyib: “İranın Suriyada möhkəmlənməsinə maneə törətmək üçün İsrail Suriya gizli xidmətləri ilə daha sıx əlaqələr qurmalıdır. İsrail xeyli düşmən dövlətlərlə əhatə olunur. Lakin bu, İsrail rəhbərliyinin gizli xidmətlərinin, məsələn, Səudiyyə Ərəbistanı və ya qətərli həmkarları ilə əlaqə saxladığını elan etməsinə maneə törətmir".
Səfir müavini İsrailə hücumun arxasında İranın durmasına şübhə ilə yanaşıb və əksinə, iddia edib ki, Əsədə sadiq qüvvələrinə qarşı İsrail həmləsini doğurmaq üçün dron hücumunu anti-rejim qüvvələri həyata keçirib. Rus diplomat deyib: "Razılaşıram ki, İsrailin hava sahəsinə təcavüz edən hər bir dron vurulmalıdır. Dronu məhv etmədən yerə endirmək, onu kimin düzəltməsini, kimə məxsus olmasını görmək daha yaxşı olardı".
"İranlılar bir çox şeydə ittiham edilə bilər, amma onlar axmaq deyil”, – deyə diplomat sözünə davam edib: “Onlar İsrailə bir dron göndərdikdə nə olacağını bilirlər. İsrailin Suriyadakı İran hərbi qüvvələrini məğlub edə biləcəyinə heç bir şübhə yoxdur. Ancaq sübut olmadan Suriyadakı iranlıların dəli olduğunu güman etmək istəmirik".
İsrail ordusu birmənalı olaraq bəyan edib ki, dron ABŞ-ın “RQ-170” pilotsuz uçan aparatının (PUA) nüsxəsidir və Suriyada yerləşdirilən İran qoşunları tərəfindən havaya qaldırılaraq sınaqdan keçirilib. ABŞ-ın BMT-dəki səfiri Nikki Heyli də BMT Təhlükəsizlik Şurasında "təhlükəli və gözlənilməz gərginlik" və "hamımız üçün xəbərdarlıq çağırışı" kimi səciyyələndirdiyi hücumun arxasında "İran dəstəkli milislər"in olduğunu söyləyib.
Amma əvvəllər Ramallahda və Liviyanın paytaxtı Tripolidə xidmət edən yumşaq səsli, çalsaç veteran-diplomat Leonid Frolov İsrailin iddiası ilə qəti şəkildə razılaşmayıb və fotoşəkilləri İsrail nəşrlərində dərc edilmiş dronun arxasında İranın durduğunun heç bir şəkildə sübuta yetirilmədiyini söyləyib. Frolov: "Mən bunu kimin etdiyini bilmirəm", – deyərək, dronun havaya qaldırıldığı ərazidə üsyançı qrupların olduğunu sözlərinə əlavə edib: "İsraillilərin Suriyadakı mövqelərə hücum etməsi üçün bu dəstələr təxribatlara əl atacaqlar. Biz həmişə özümüzdən bundan kimin qazanc götürəcəyini soruşmalıyıq. İranlılar İsrailə PUA göndərməkdən nə qazanacaqdılar? Axı iranlılar bilirlər ki, dron vurulacaq və bundan sonra israillilər Suriyadakı bir neçə hədəfə hücum edəcəklər".
Adətən, Suriyaya hücumları başlamazdan əvvəl İsrail Moskvanı xəbərdar edir, buna görə də, İsrailin hücumlarından rusların ziyan görmə ehtimalı yox idi. “Rusiya bu hücumlar üçün İsrailə yaşıl işıq yandırırmı” sualına rus diplomat belə cavab verib: "İsrailin təlimat alan və ya kimdənsə yaşıl işıq gözləyən ölkə olduğunu düşünmürəm". Prezident Vladimir Putinin İsraildən rus hərbçiləri üçün zəmanət tələb etməsi təbii olsa da, Frolov Kremlin bu məsələyə dair Təl-Əvivə hansısa xəbərdarlıq göndərdiyini inkar edib: "Bu bizim “modus operandi” (latıncadan tərcümədə “hərəkət, davranış tərzi.) deyil"…

Bu xəbər oxundu
- - -