Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Neofaşizm ideologiyası – seqakronizm Ermənistanın dövlət siyasətinin özülü kimi

28.02.18, 7:37
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

“Erməni “qəhrəmanları” əslində öz xalqlarının xilaskarları deyil, cəlladları olmuşlar”
Qustav Lebon, fransız psixoloqu

Təcavüzkar Ermənistan Respublikasının Azərbaycana qarşı asimmetrik mübarizədə hər zaman üstünlük verməyə çalışdığı əsas vasitələrdən biri də respublikamızda yaşayan milli azlıqlardır. Yüz illərdir bu torpaqlarda yaşayan, istər Azərbaycan Xalq Cümhuriyyətinin, istər Azərbaycan SSR-nin, istərsə də müasir, müstəqil Azərbaycan Respublikasının tamhüquqlu vətəndaşları olan milli azlıqlar ölkəmizin zəngin etnik palitrasının əlvan naxışlarıdır. Müxtəlif xalqların dinc, əmin-amanlıq, multikultural mühitdə yaşaması Ermənistanın hərbi cinayətkar, faşist rəhbərliyinin yuxusuna sözün əsl mənasında haram qatıb. Əfsuslar olsun ki, təcavüzkar dövlətin xüsusi xidmət orqanları bəzi şəxsləri öz tərəflərinə çəkərək onlardan tarixi Vətənləri – Azərbaycan Respublikası əleyhinə öz mənafeləri üçün istifadə etməyə bəzən müvəffəq olurlar. Amma belə hallar say etibarilə çox azdır və elə onların mənsub olduqları xalqın nümayəndələri tərəfindən hiddətlə qarşılanır və kəskin qınanılır.

Asimmetrik mübarizə nədir?

Müasir inkişaf hərbi qarşıdurmaların yeni tiplərinin meydana gəlməsi ilə də müşayiət olunmaqdadır. Nəticədə, dövlətlərarası münasibətlərə “sərt güc”, “yumşaq güc” və “ağıllı güc” (ingiliscə hard, soft, smart power) kimi strateji konsepsiyalar nüfuz etdirilib, hərbi-siyasi münaqişələrin sırasına isə “asimmetrik”, “humanitar”, “koqnitiv”, “ekoloji”, “hibrid”, “kibernetik”, “hidroloji”, “aqrar”, “iqtisadi” və sair müharibə tipləri əlavə olunub.
“Asimmetrik mübarizə”, sadə dillə desək, dəmir qapını aça bilməyən oğrunun çəpəri xəlvəti yarıb qonşunun həyətinə soxulmasıdır. Nəzəri baxımdan yanaşılanda isə münaqişə zamanı zəif tərəfin güclü rəqib üzərində hər hansı üstünlük qazanması məqsədilə qeyri-ənənəvi üsullardan, məsələn, terror-təxribat aktlarından, etnik və dini münaqişələrin yaradılmasına, separatizm meyillərinin həvəsləndirilməsinə yönəlik destruktiv metodlardan istifadə etməsidir. Bu qarşıdurmada ənənəvi “cəbhə”, “sərhəd”, “neytral ərazilər”, “qoşunların təmas xətti” kimi hərbi anlayışlar yoxdur. “Səssiz müharibə” bir çox hallarda informasiya-psixoloji vasitələrlə rəqib tərəfin əraziləri içərisində, onun vətəndaşları arasında aparılır.

Hədəf təkcə Azərbaycan deyil, həm də Türkiyə və Gürcüstandır

Hələ 2015-ci ilin yanvar ayının 28-də prezident Serj Sərkisyan Ermənistan Respublikası Müdafiə Nazirliyinin kollegiya iclasında Azərbaycan ordusunun yüksək döyüş hazırlığına, mükəmməl texniki təchizatına və işğal altında olan əraziləri qısa vaxt ərzində geri almaq şansına diqqət çəkərək, ona qarşı açıq döyüşlərdən daha çox asimmetrik mübarizə üsullarından istifadə edilməsinin vacibliyini vurğulayıb. S.Sərkisyan erməni hərbçiləri qarşısında bu termini gündəmə gətirməklə faktiki olaraq Ermənistan ordusunun döyüş qabiliyyətinin aşağı səviyyədə olmasını rəsmi şəkildə etiraf edib.
2016-cı il aprel ayının ilk günlərində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin məhdud sayda döyüş heyətinin keçirdiyi uğurlu lokal hərbi əməliyyat nəticəsində Ermənistan ordusunun böyük itki verərək məğlubiyyətə uğraması isə rəsmi İrəvanın asimmetrik mübarizə niyyətini daha da aktuallaşdırıb. Təsadüfi deyil ki, Ermənistan Respublikası Müdafiə Nazirliyinin analitiki, polkovnik-leytenant Serob Sucyan öz prezidentinin çıxışından ilhamlanaraq, həmin ilin iyul ayında noravank.am saytında yerləşdirdiyi “Asimmetrik müharibə və separatizm XXI əsr müharibələrinin başlıca tipi kimi” başlıqlı məqaləsində müasir münaqişələrdə terror və diversiyaların tətbiq olunmasını, rəqib dövlətin ərazisində etnik və dini qarşıdurmaların yaradılmasını qələbə imkanlarını artıran amillər kimi dəyərləndirib. Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış edən separatçı təşkilatlar da bu gün ideoloji təlimatlarını, kadr hazırlığı və maliyyə yardımlarını həm də Ermənistandan almaqdadırlar. Lakin bu gün işğalçı Ermənistanın asimmetrik mübarizə metodlarının hədəfi təkcə Azərbaycan Respublikası deyil, həm də regionda onun strateji müttəfiqləri olan Türkiyə və Gürcüstandır.

Oğru elə çığırdı ki…

Zənnimizcə, bu yerdə “Oğru elə çığırdı ki, doğrunun bağrı yarıldı” Azərbaycan atalar sözünü xatırlatmaq yerinə düşər. Məsələ ondadır ki, Ermənistan Respublikası bu gün sözün əsl mənasında faşizm siyasəti yürüdür. Bu mənada yazının ilk abzasında “Ermənistanın faşist rəhbərliyi” epitetinin işlənməsi də təsadüf sayılmamalıdır. Buna baxmayaraq həmin neofaşist rəhbərlik multikulturalizmin dövlət siyasəti səviyyəsinə qaldırıldığı Azərbaycan Respublikasını milli azlıqların hüquqlarını pozmaqda, onları sıxışdırmaqda ittiham edir. Qədim yəhudi zərb-məsəlində deyilir: “Sən kimə daha çox inanırsan – mənə, yoxsa öz gözlərinə?” Gözlərin gördüyü, beynin dərk etdiyi reallıq isə sərsəm, bununla belə azğın erməni iddialarından tamamilə fərqlənən başqa mənzərəni göstərir. Gəlin, ekspertlərə müraciət edək və həmin iddialara faktların dili ilə cavab verək.
Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin aparıcı elmi işçisi Araz Qurbanov rəsmi İrəvanın neofaşizm siyasəti yürütdüyünə dair qənaətimizi bölüşdüyünü vurğulayır. Ancaq o əlavə edir ki, bu siyasəti Ermənistan hakimiyyətinin və erməni diasporunun yeni icadı adlandırmaq doğru olmazdı: “Bu fəaliyyət əslində öz mənbəyini ənənəvi erməni nasizmi konsepsiyasından – seqakronizm (seqakronutyun) ideologiyasının prinsiplərindən götürüb və Ermənistan Respublikasının dövlət siyasətinə çevrilib. Bütövlükdə, bu gün Ermənistanın daxili və xarici siyasətinin təməlində, onun qonşu dövlətlər və xalqlarla münasibətində, Türkiyəyə, Azərbaycana və Gürcüstana yönəlik ərazi iddialarına yeni fəaliyyət mexanizmlərinin əlavə edilməsində həmin konsepsiya – Adolf Hitlerin (1889-1945) sadiq əlaltısı olmuş hərbi cinayətkar Qaregin Njdenin (1886-1955) ideyaları dayanmaqdadır. Tam məsuliyyətlə demək olar ki, hazırda Ermənistan Respublikasında dövlət hakimiyyəti neoseqakronçuların (neofaşistlərin) əlində cəmləşib. Təsadüfi deyil ki, 2011-ci ildə Türkiyədə aktivləşdirilən “Kimliyə dönüş” və Azərbaycanın qəsb olunmuş ərazilərində möhkəmlənməyi hədəfləyən “Qarabağa qayıdış” (“Return to Artsakh”) kimi bir-biri ilə üzvü şəkildə əlaqəli olan avantürist proqramları dövlət siyasəti səviyyəsində dəstəkləyən hakim Respublika Partiyası (sədr Ermənistan prezidenti Serj Sərkisyandır-müəllif) özünü “Qaregin Njdenin varisi” adlandırmaqla bu gün seqakronizm konsepsiyasının dövlət siyasəti səviyyəsində əsas icraçısı və həmin faşist ideyalarının təbliğatçısıdır. Belə ki, 2004-cü ildə partiyanın vəsaiti hesabına İrəvanda “Qaregin Njde və onun təlimi” kitabı kütləvi tirajla çapdan çıxıb və Ermənistanın bütün ictimai-siyasi təşkilatlarında, dövlət və hökumət orqanlarında, hətta ali təhsil müəssisələrində yayılıb”.

Sərkisyan faşistə nəhəng tunc heykəl ucaltmaqla sivil dünyaya meydan oxudu

Qeyd edək ki, 2016-cı il may ayının 11-də, İkinci Dünya müharibəsində alman faşizmi üzərində tarixi qələbənin ildönümündən iki gün sonra İrəvanın Respublika meydanında Q.Njdenin 5,7 metr hündürlüyündə tunc heykəlinin təntənəli açılışı olub. Ermənistanın neoseqakronçu prezidenti S.Sərkisyanın həmin mərasimdə iştirak etməsi və abidənin önünə gül dəstələri qoymaqla baş əyməsi bu ölkədə faşist rejiminin hakimiyyətdə olması fikrinin reallıqlara söykənməsini bir daha təsdiqləyir. Xatırladaq ki, həmin abidə Ermənistan prezidentinin şəxsi təşəbbüsü ilə ucaldılıb və məhz Respublika meydanında qoyulmasına dair göstəriş verilib.
İkinci Dünya müharibəsi illərində nasist Almaniyasının silahlı qüvvələri – Vermaxtın tabeliyindəki erməni hərbi birləşmələrinin yaradıcılarından biri olan, minlərlə türkün, yəhudinin, rusun, macarın, polyakın qətlində iştirak edən Q.Njdenin şərəfinə abidənin qoyulması dünyanın bir sıra dövlətlərində, o cümlədən Rusiya və İsraildə kəskin etirazla qarşılanıb. Rəsmi Moskva Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin sözçüsü, İnformasiya və Mətbuat Departamentinin direktoru Mariya Zaxarova vasitəsilə öz narazılığını bildirsə də, sonralar bu reallıqla barışmalı olub. Reallıqlardan biri də budur ki, Q.Njdeni fetişləşdirən, onun ideyalarını dövlət siyasətinə çevirən Ermənistan Respublikası həm də BMT Baş Assambleyasının 17 dekabr 2015-ci ildə Rusiyanın təşəbbüsü ilə qəbul etdiyi “Nasizmin qəhrəmanlaşdırılması, irqçilik, irqi ayrı-seçkilik, ksenofobiya və onunla bağlı olan dözümsüzlüyün təşviqinə xidmət edən neonasizm və onun digər növlərinə qarşı mübarizə” adlı qətnaməsinin hazırlanmasında iştirak etmiş dövlətlərdən biridir…
Digər müsahibimiz – Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsrail Dövlətindəki nümayəndəliyinin direktoru, Cəmiyyət üçün Beynəlxalq Layihələr qeyri-hökumət təşkilatının rəhbəri, beynəlxalq münasibətlər üzrə ekspert Arye Qut isə sualımıza sualla cavab verdi: “Siz deyin, nasistlərin əlaltısı, faşist və antisemit generalların xatirəsinin əbədiləşdirilməsinə, onların şərəfinə sikkələr zərb edilməsinə, əsl xalq qəhrəmanları kimi qələmə verilməsinə, abidə ucaldılmasına bizim münasibətimiz necə olmalıdır? Bəşəriyyətə qarşı cinayət törətməkdə mühakimə olunmuş faşist canini hansı ölkə özünün qəhrəmanı adlandıra bilər?”

ABŞ və Rusiyanın maliyyə yardımı görün nəyə xərclənir…

A.Qutun sözlərinə görə, müasir Almaniyada gənclərə ciddi şəkildə xəbərdarlıq edilir ki, nasist Almaniyası tərəfindən törədilən dəhşətlər bir daha təkrarlanmamalıdır: “Müasir Ermənistan cəmiyyətində isə erməni faşistlər Njdenin və Üçüncü Reyxin hərbi birləşməsi olan SS-in generalı, 20 minlik erməni legionu yaradaraq ağlasığmaz qəddarlıqlar törədən “Dro” ləqəbli Drastamat Kanayanın şəxsiyyətinə pərəstiş təbliğ edilir. Bu, həmin cəmiyyətin yumşaq desək, böyük qüsurudur. Əslində isə onların xatirəsinin əbədiləşdirilməsi biabırçılıq və Holokost qurbanlarının xatirəsinin təhqir edilməsi deməkdir. Bu, babasının bütün ailə üzvləri Ukraynada faşistlər tərəfindən məhv edilmiş bir insan kimi, şəxsən mənim üçün dözülməz ürək ağrısıdır. Məhz bu səbəbdən bu mənim üçün də şəxsi faciədir”.
Müsahibimiz əlavə edib ki, bu gün Ermənistan hökuməti Q.Njdenin adı ilə bağlı olan bütün “müsbət” təşəbbüsləri dəstəkləməyə, layihələri maliyyələşdirməyə hazırdır: “Ermənistan hökumətinin maliyyə dəstəyi ilə Qaregin Njde haqqında çəkilən film bir neçə milyon ABŞ dollarına başa gəlib. ABŞ-ın və Rusiyanın Ermənistana maliyyə yardımı nasizmin, faşizmin və terrorizmin populyarlaşdırılmasına xərclənir. Ermənistan dövlətinin bu siyasəti İkinci Dünya müharibəsi zamanı faşizmə qarşı mübarizədə həlak olmuş insanlara, onların yaxınlarına və veteranlara, xüsusən faşizm üzərində qələbə qazanılmasında müstəsna xidmətləri olmuş keçmiş SSRİ vətəndaşlarına son dərəcə hörmətsizlik nümunəsidir. Burada belə bir sual yaranır: doğrudanmı ermənilərin Njde və Dro kimi faşistlərdən başqa qəhrəmanları olmayıb?”

“Erməni nəsli Rəbb ilə bir yaranıb” deyən zehniyyətə vaxtında “dur” deyilməlidir

Əlbəttə, Ermənistanın hazırkı rəhbərliyinin neofaşist olmasına rəğmən Azərbaycana qarşı asimmetrik mübarizədə milli azlıqlara istinad etməyə çalışmasına dair daha çox yazmaq, daha çox faktları gün işığına çıxarmaq olar. Amma yazının həcmi üçün müəyyənləşdirilən hədd var və biz də bu həddi aşmamaq məcburiyyətindəyik. Yekunda ümumiləşdirmə apararaq onu demək olar ki, Ermənistan XXI əsrin əvvəllərində ümumbəşəri əxlaq normalarını tapdalayan və özünün keçmiş canilərinə himayədarlıq etməyə cəhd göstərən dövlətlər siyahısındadır. Ermənistanın indiki prezidenti tədricən faşizmin əsas məqsədlərindən birini – Daşnaksütyun Partiyasının və “Erməni nəsli Rəbb ilə bir yaranıb… O, əsrlərin şahidi olan əbədi ermənidir və dünyanın yaranışında Rəbb ilə bir iştirak etmişdir” sözlərinin müəllifi olan, “erməniliyi ari irq” kimi dəyərləndirən Q.Njde, D.Kanayan, Monte Melkonyan kimi “qəhrəmanların” Ermənistanı monoetnik dövlətə çevirmək ideyalarını ardıcıl olaraq həyata keçirir. Bütün bunlar deməyə əsas verir ki, Ermənistan faşizmi və terroru dövlət səviyyəsində dəstəkləyən ölkədir. Əgər dünya ictimaiyyəti Ermənistanda faşizmin və terrorizmin təbliğini bundan sonra da dinməz-söyləməz müşahidə edərsə, bu, yaxın gələcəkdə bütün dünya birliyi üçün ciddi təhlükəyə çevriləcək.

Səxavət Həmid

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçündür

Bu xəbər oxundu
- - -