Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Rusiyanın təklifi, Türkiyənin etirazı

28.02.18, 9:31
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Suriyaya dair fərqli maraqlar gec-tez Moskva və Ankaranı üz-üzə qoyacaq
Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Afrinlə bağlı Ankara və Şamı dialoqa çağırmasından sonra Türkiyə-Rusiya ittifaqında çatlar ortaya çıxıb. Bu çağırış hökumətyönlü və müstəqil türk analitiklərinin Türkiyənin Suriyada Rusiyanın dəstəyinə nə dərəcədə etibar edə biləcəyinə dair müzakirələrinə səbəb olub. Lavrovun sözlərinə görə, rejim milisləri Afrinə, Ankarada terror təşkilatı sayılan YPG-nin çağırışına cavab olaraq girib. Türkiyə isə məlum olduğu kimi, YPG-ni Afrindən çıxarmaq üçün yanvarın 20-dən “Zeytun budağı” əməliyyatına başlayıb.
“Strateq” “Al-Monitor”a istinadən yazır ki, Ankaranı hirsləndirən məsələ Türkiyə ilə Afrindəki YPG arasındakı mübahisədə Şamın tərəf olduğuna dair Lavrovun sözləri olub. Bu, Suriyanın şimalında öz nəzarəti altında olan ərazilərə dair Türkiyə hökumətinin planlarını çətinləşdirən və ehtimalla, ona maneə törədən açıqlamadır. Pakistanlı vəzifədaşı Xavaca Məhəmməd Asif ilə birlikdə fevralın 20-də Moskvada keçirilən birgə mətbuat konfransında Lavrova rejim qüvvələrinin Afrinə daxil olması barədə sual verildi.
O, Afrində açıq hərbi əməliyyatları davam etdirən yeganə ölkənin – Türkiyənin Suriyanın ərazi bütövlüyünə hörmət etməli olduğunu vurğuladı. Türkiyənin "qanuni təhlükəsizlik narahatlıqlarını" qəbul etdikdən sonra Lavrov, Ankaranın Suriya hökuməti ilə birbaşa dialoq yolu ilə təhlükəsizlik məqsədlərini reallaşdıra biləcəyini və müdafiə edə biləcəyini söylədi. Türk analitiklərinin ümumi rəyi budur ki, Moskva istəsəydi, Afrində rejimin hərəkətinə maneə törədərdi.
Prezident Rəcəb Tayyip Ərdoğana və hakim Ədalət və İnkişaf Partiyasına (AKP) yaxın “Haberturk”ün köşə yazarı Nagehan Alcı qeyd edib ki, rejim qüvvələrinin Rusiyanın biliyi olmadan Afrinə girməsini düşünmək mümkün deyil. Afrində rejim bayrağının dalğalanmasını görmək Rusiyaya sərfəlidir.
Ərdoğan hələ də prezident Bəşər Əsədlə dialoq düşüncəsini qətiyyətlə rədd edir. Ancaq xoşuna gəlməyən Rusiya təkliflərinin birbaşa tənqidindən Ankara yayınır. Türkiyə qonşu ölkənin şərqindəki Qutada pisləşən vəziyyətə görə Əsədə diş qıcırdır və qəsdən Rusiyanın həmin bölgədəki iştirakını görməməzliyə vurur.
Türkiyə Afrindəki fəaliyyəti, xüsusilə hava hücumları üçün Suriya hava sahəsini istifadə etmə ilə əlaqədar Moskvanın gizli yaşıl işığına əsaslanır. Rusiya ilə əlaqələrində geniş iqtisadi maraqları nəzərə almaqla, Moskva-Ankara əlaqələrinin güclənməsi Vaşinqtonla münasibətlərin pisləşməsinə qarşılıqdır. Rusiya da Suriyadakı siyasətinə dair şərhlərdə daha diqqətli olub. Bu, Suriyaya aid planlarını çətinləşdirsə də, o, YPG-yə qarşı əməliyyatlara görə Türkiyəni açıq şəkildə tənqid etməkdən çəkinir, Ankaranın hərəkətə keçməsinə görə ABŞ-ı günahlandırmağa üstünlük verir.
Təqaüdçü türk səfiri Əli Tuyqan hesab edir ki, Moskvanın əsas məqsədi Ankaranı razı salmaqla, Türkiyəni ABŞ və NATO-dan öz orbitinə çəkməkdir. “Al-Monitor”a açıqlamasında Tuyqan qeyd edib ki, Moskva, həmçinin kürdləri Birləşmiş Ştatların qucağına atmaq istəmir. "Məsələn, o, YPG-ni terror təşkilatı kimi tanımır və Konstitusiya layihəsində kürdlərə də yer ayırır".
Lavrovun bəyanatına cavab verən Ərdoğanın sözçüsü İbrahim Kalın bildirib ki, Ankara ilə Şam arasında birbaşa dialoqdan söhbət belə gedə bilməz, dolayı əlaqələr isə Rusiya və İranın vasitəçiliyi ilə aparılır. "Ancaq fövqəladə vəziyyətlər tələb edərsə və müəyyən problemlər həll olunarsa, bizim kəşfiyyat orqanları birbaşa və ya dolayı əlaqə qura bilər". Bunu deyən Kalının sözləri Moskvaya diplomatik güzəşt kimi səslənib.
Türkiyədə bir çoxları hesab edir ki, ABŞ dövlət katibi Reks Tillersonun Türkiyəyə etdiyi son səfərdən sonra, Ankaraya xəbərdarlıq kimi, Moskva Afrində Şamın hərəkətinə göz yumub. Suriyanın şimalında özünə “yuva qurmağa” yönəlmiş Türkiyə-ABŞ səylərini görmək üçün isə böyük təxəyyülə ehtiyac yoxdur. Hökumətpərəst “Sabah”ın köşə yazarı Hilal Kaplanın gümanına görə, Tillersonun Ankaraya səfəri Rusiyanın davranış tərzini dəyişib. Ancaq Lavrovun çağırışına dəstək verdiyi halda, Türkiyənin dəstəklədiyi Suriya müxalifəti ABŞ-dan kömək istəyəcək. Kaplan yazır: "Türkiyə müxalifət üzərində təsirini itirmək istəyirmi?”
Ankara hələ də Moskvanın tez-tez təkrarladığı "kürd səylərini tanımaq" çağırışına hay vermir. Türk səlahiyyətliləri Rusiyanın Suriyadakı kürdlərə təmsilçilik və müəyyən dərəcədə muxtariyyət verən konstitusiya layihəsini qəbul etdirməyə çalışdığını bilir. Özünü bu böhran içərisində əsas oyunçu halına gətirərək, Rusiya hazırda Suriyadakı siyasi həllə bağlı çətin vəziyyətə düşüb. BMT Təhlükəsizlik Şurasının Suriyada 30 günlük atəşkəs çağırışına dair 2401 saylı qətnaməsinin qəbul olunmasından sonra Xarici İşlər Nazirliyinin bəyanatında bu məqam əksini tapıb: Moskvanın Suriyadakı siyasi prosesi ləğv etmə cəhdlərinə sərt şəkildə qarşı çıxdığı vurğulanıb. Ancaq Türkiyə, ABŞ-ın və ya Rusiyanın Suriyanın şimalında qurmaq istədiyi hər hansı muxtar kürd bölgəsinə müxalifliyində bərabər şəkildə qərarlı qalır.
Mehmet Ocaktan, AKP-nin daha liberal qanadını təmsil edən “Karar” üçün yazan AKP-li sabiq millət vəkili, Lavrovun dialoq çağırışını "Türkiyənin Suriyadakı hədəflərini dinamitləşdirməyə cəhd" sanaraq, yazıb ki, "Lavrov açıq şəkildə deyir: Suriyada olmaq istəyirsinizsə, Əsədlə razılaşmalı, ABŞ-ı da unutmalısınız". O əlavə edib ki, Rusiya heç vaxt Əsəd rejimindən imtina etməyəcək və Türkiyənin də terror təşkilatı saydığı YPG və ana təşkilatı – Demokratik Birlik Partiyasının (PYD) qorumağa davam edəcək.
Rusiyanın BMT-dəki səfiri Vasili Nebenziya Nyu-Yorkda jurnalistlərə açıqlamasında Suriyada atəşkəs qərarının Afrinə də şamil olunduğunu deməklə, Ankarada daha çox narahatlıq meydana gətirib. Qətnaməni rəsmi olaraq qəbul edən Ankara Rusiya səfirinin sözlərinə cavab verməyib. Baş nazir müavini Bəkir Bozdağ qətnamənin “Zeytun budağı” əməliyyatına şamil olmadığını vurğulayıb.
"Hürriyet"in yazarı Taha Akyol hesab edir ki, Suriyanın şərqindəki Qutada Moskvanın siyasəti Türkiyə, Rusiya və İran arasında Astanada razılaşdırılan hərbisizləşdirilən zonalar barədə siyasəti – Ankara ilə əlaqələrin sərhədlərini də göstərir. "Rusiya, hələ də müəyyən mərhələdə, Türkiyəyə qarşı çıxacaq. Unutmamalıyıq ki, o bu gün yalnız NATO-da qopmaya səbəb olmaq üçün müsbət fəaliyyət göstərir".
İŞİD-in məğlubiyyətindən sonra Suriya böhranı yeni bir mərhələyə girərkən, Ankara Suriyadakı məqsədlərini həyata keçirmək üçün hansı dünya qüdrətinin ona kömək edə biləcəyinə hələ də əmin deyil. Öz məqsədlərinə çatmaq üçün gücünün olub-olmamasında da aydınlıq yoxdur. Bu məqsədlər əsasən Suriya sərhədi boyunca kürd səylərini məhdudlaşdırmağı nəzərdə tutur. Ankara Suriyanın şimalında bufer bölgə yaratmağa ümid edir, bura Türkiyəyə sığınan çox sayda suriyalının sığınacağı ola bilər. Beləliklə, Suriyaya dair Türkiyə və Rusiya planları hər iki tərəfin inanmaq istəmədiyi ölçüdə üst-üstə düşmür.

Bu xəbər oxundu
- - -