Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

XC-nin 100 illik yubileyinə həsr edilmiş beynəlxalq konfrans keçirilib

01.03.18, 13:19
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Gəncədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Gəncə şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr edilmiş beynəlxalq konfrans keçirilib. “Azərbaycan qadınının seçki hüququ: tarix və müasir qadın hərəkatı” mövzusunda keçirilən beynəlxalq elmi-praktik konfrans iştirakçıları öncə Heydər Əliyevin abidəsini ziyarət edib, sonra qonaqlar Heydər Əliyev Mərkəzi ilə tanış olublar. Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə beynəlxalq elmi-praktik konfrans işə başlayıb. Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev bildirib ki, Prezident İlham Əliyevin 2018-ci ili ölkədə “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan etməsi tarixi hadisədir.
E. Vəliyev deyib ki, ölkə başçısının bu təşəbbüsü və qərarı Azərbaycan xalqının dövlətçilik ənənələrinin qədimliyinə, zənginliyinə, dövlətçilik tarixinə verilən yüksək dəyərin bariz nümunəsidir.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova ölkə başçısı tərəfindən bu ilin “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edilməsini prezident səviyyəsində dövlətçilik tarixinə verilən yüksək dəyərin göstəricisi olduğunu diqqətə çatdırıb. Komitə sədri vurğulayıb ki, 1919-cu ildə Azərbaycan Xalq Cümhuriyyəti dövründə qadına kişilərlə bərabər seçkilərdə iştirak etmək hüququ verilib. Azərbaycan 1991-ci ildə öz dövlət müstəqilliyini bərpa etdikdən sonra da mülki cəmiyyətin inkişafında və müstəqil dövlətin qurulmasında qadınların rolu artmağa başlayıb.
Tarix elmləri doktoru Dilarə Seyidzadə 100 il bundan əvvəl müsəlman Şərqində demokratik cümhuriyyətin qurulduğu, özü də ilk dəfə məhz Azərbaycan xalqı tərəfindən yaradıldığını diqqətə çatdırıb.
Ombudsman Elmira Süleymanova “Seçki hüququ-fundamental insan hüququdur” mövzusunda danışarkən qeyd edib ki, seçki hüququ vasitəsilə xalq öz suveren hüquqlarını həyata keçirir. Azərbaycan Xalq Cümhuriyyəti dövründə bütün vətəndaşların bərabər hüquqlarının tanınması, hətta bir çox Avropa ölkəsindən daha əvvəl qadınlara seçki hüququnun verilməsi məhz Azərbaycanda mövcud olub.
İstanbul və Yedditəpə universitetlərinin professoru, Azərbaycan əsilli İbrahim Yıldırım çıxışında deyib ki, Gəncədə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubiley tədbirinə qatılmaqdan məmnunluğunu dilə gətirib.
Konfransda BDU-nun Azərbaycan tarixi kafedrasının dosenti Lətifə Əliyeva “Azərbaycan Xalq Cümhuriyyəti dövründə qadınlar”, AMEA-nın Tarix İnstitutunun "Qafqaz tarixi" şöbəsinin müdiri İradə Bağırova “Azərbaycanda İstiqlal aktının elan olunması tarixi”, AMEA-nın Tarix İnstitutunun “Azərbaycan Xalq Cümhuriyyətinin tarixi” şöbəsinin aparıcı elmi işçisi Kamran İsmayılov “Azərbaycan Xalq Cümhuriyyətivə gənclik”, AMEA-nın Tarix İnstitutunun “Azərbaycanın Sovet dövrü tarixi” şöbəsinin müdiri İlqar Niftəliyev “1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyəti dövründə Qarabağ bölgəsində erməni separatçılığı”, Gəncə Dövlət Universitetinin “Ümumi tarix” kafedrasının baş müəllimi Nərgiz Rəsulova “Azərbaycan Xalq Cümhuriyyətinin Gəncə dövrü”, Azərbaycan Dövlət Aqrar Universitetinin “İctimai elmlər və multikulturalizm” kafedrasının baş müəllimi Samirə Qasımova “Gəncə – müsəlman Şərqində ilk Demokratik Respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin ilk paytaxtı”, Azərbaycan Texnologiya Universitetinin “Qida mühəndisliyi və ekspertiza” kafedrasının baş müəllimi Ulduz Babayeva “Ulu öndər Heydər Əliyev və Azərbaycan Xalq Cümhuriyyəti” mövzularında məruzələrlə çıxış ediblər.
Beynəlxalq elmi-praktik konfransda “Azərbaycan Xalq Cümhuriyyətidövründə qadınlar” adlı film nümayiş etdirilib.

Bu xəbər oxundu
- - -