Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi”

02.03.18, 12:01
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Bir dəqiqədə internet ailəmində nələrin baş verdiyini bilmək istəyirsinizmi? Beynəlxalq “Cumulus Media” təşkilatının bu yöndə olan araşdırması maraqlı nəticələr ortaya çıxarıb.
60 saniyə ərzində dünyada “YouTube”da 4,1 milyon video izlənilir, “Google”da 3,5 milyon axtarış edilir, 900 min adam “Facebook”a daxil olur, “İnstagram”a 46,200 yeni şəkil yüklənir, 452.000 tvit göndərilir, elektron –ticarətdə 750 min dollar xərclənir, 156 milyon elektron-poçt göndərilir, 1,8 milyon “Snap” çəkilir. İnsanlar əyləncəli dəqiqələrini internetdə keçirməklə yanaşı iş danışıqlarını aparır, görüşmələrini təyin edir, bizneslərini reklam edir, alış-veriş edib, elektron –səhiyyədən yararlanır, bir sözlə internet insanların həyatının hər sahəsində, hər yönündədir.

Azərbaycan 65-ci yerdədir

Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) məlumatına görə, Azərbaycan dünya ölkələri arasında İKT-nin inkişafı reytinqində 65-ci yerdə qərarlaşıb.
Respublika bu göstəriciyə görə keçmiş SSRİ dövlətləri arasında Rusiya (45-ci yer), Qazaxıstan (52) və Moldovadan ( 59) geri qalsa da, Gürcüstan (74), Ermənistan (75), Ukrayna (79), Özbəkistan (95) və Qırğızıstanı (109) qabaqlayıb.
Hesabatda o da bildirilir ki, Azərbaycanın ayrı-ayrı göstəricilər üzrə mövqeyi yüksəlib. Ölkəmiz reytinq cədvəlində hər 100 nəfərə düşən internet istifadəçilərinin sayına görə 63-cü yerdən 36-cı yerə yüksəlib. Hesabata əsasən, ölkədə hər 100 nəfərdən 77-si internet istifadəçisidir.
Hər 100 nəfərə düşən genişzolaqlı internet istifadəçilərinin sayına görə isə Azərbaycan reytinq cədvəlində 53-cü pillədə qərarlaşıb. Hazırda ölkədə hər 100 nəfərə 19.76 genişzolaqlı internet istifadəçisi düşür.
Azərbaycanda internet istifadəçilərinin sayının günü-gündən artdığını təsdiq edən sosial media mütəxəssisi Orxan Rzayevin qənaətincə, müxtəlif mənbələrdə bu göstəricidə fərqli rəqəmlər qeydə alına bilər. Yeni hesabatda bu göstəricinin 8 milyona yaxınlaşdığı bildirilir. “Hootsuite” və “We Are Social” mərkəzinin hesabatında qeyd edilir ki, internet istifadəçi sayı son bir ildə 3%, sosial media istifadəçi sayı isə 29% artıb.
“GlobalStats”ın statistikasına görə Azərbaycanda “Facebook” istifadəçilərinin sayı 2,3 milyona çatıb. Ölkədə biznes sahiblərinin də ən çox istifadə etdiyi, reklam büdcəsini daha çox xərclədiyi bu sosial şəbəkənin ölkəmizdə əhatəsi 91,55%-ə bərabərdir. Orxan Rzayevin sözlərinə görə, ötən aylarda açıqlanan statistika “İnstagram”ın ölkədə sürətlə auditoriyasının genişləndiyinə işarə vurur: “Belə ki, son 6 ayda aktiv istifadəçi sayı 2 dəfədən çox artıb. Reklam Panelinin statistikasına görə Azərbaycanda reklam göstərilə bilən aktiv istifadəçi sayı “Facebook”da 1,72 milyon, “İnstagram”da isə 1,76 milyon nəfərdir.

“Pulsuz Wi-Fi”

Yeri gəlmişkən, Azərbaycanda əhalinin və turistlərin daha çox istifadə etdiyi məkanlarda “Pulsuz Wi-Fi”a rast gəlmək olar.
“Türkiyədə turistlərin internetdən istifadəsi çox maneələrlə üzləşir. Bu, insanı dəhşətli dərəcədə usandırır. Orada belə bir halla qarşılaşacağım ağlıma gəlməzdi”, deyir Türkiyədən yenicə gələn tanış bir xanım. Bakının demək olar ki, bütün parklarında rahatlıqla internet xidmətindən istifadə edən xanıma orada gördükləri normal olaraq çox qəribə görünüb.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşəbbüsü ilə “Bakı Telefon Rabitəsi” MMC tərəfindən ötən ilin mart ayından etibarən həyata keçirilən “İctimai İnternet” layihəsi çərçivəsində “Pulsuz Wi-Fi” xidmətindən istifadə edənlərin sayı 1 milyonu çoxdan keçib. Hələ istifadəçi artımını stimullaşdırmaq məqsədi ilə “Milyonuncu ol, noutbuku sən apar” sloqanlı hədiyyə kampaniyası da həyata keçirib.
“Pulsuz WiFi” şəbəkəsi Dövlət Bayrağı Meydanı da daxil olmaqla, Dənizkənarı Milli Park, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu ərazisi, Heydər Əliyev Mərkəzinin parkı, Sahil, Sabir, Xaqani, Axundov, Hüseyn Cavid, Səməd Vurğun, Muğan bağlarında, Qış və Zabitlər parkında aktiv edilib.

İKT-nin gəliri neftdən qazanılan mənfəətə bərabər olacaq

Biznes, idarəetmə, təhsil, səhiyyə və s. bu kimi geniş bir sahəni əhatə edən İKT-nin ölkəmizdə tətbiqi və inkişaf etdirilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Mütəxəssislər hesab edirlər ki, yaxın bir neçə il ərzində informasiya-kommunikasiya texnologiyalarının tətbiqindən ölkəmizin əldə etdiyi gəlirlərin miqyası neftdən əldə olunan mənfəətə bərabər olacaq.
Bu gün İKT sahəsindəki fəaliyyət ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi strateji xətt üzrə davam etdirilir. Onun 2003-cü ildə təsdiq etdiyi “Azərbaycan Respublikasının inkişafı naminə informasiya-kommunikasiya texnologiyaları üzrə Milli Strategiya (2003-2012-ci illər)” bu istiqamətin ölkəmiz üçün vacibliyini və əhəmiyyətini vurğulayan ilk rəsmi sənəd idi. O sənəd növbəti illərdə informasiya-kommunikasiya texnologiyaları sahəsində görüləcək işlərin ümumi xəttini müəyyənləşdirirdi.
Prezident İlham Əliyev “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016–2020-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında imzaladığı sərəncam dövlətin informasiya-kommunikasiya texnologiyalarının inkişafında qərarlılığının bariz nümunəsidir.
Sənəd maksimum şəkildə vətəndaşların informasiya əldə etməsinə şərait yaradıb. Prioritet məsələlərdən biri də yüksək texnoloji biliklərə yiyələnən elmi və ixtisaslı kadrların hazırlanmasıdır. Bura alim və mütəxəssislərin elmi fəaliyyətinin, gənclərin yeni təşəbbüslərinin və “start-up” layihələrinin dəstəklənməsi, distant təhsil və digər müasir tədris formalarının tətbiqinin genişləndirilməsi də daxildir.

“SOS” təbili

Elektron sənəd dövriyyəsinin tətbiq edilməsi, tələbələrin informasiya və kommunikasiya texnologiyaları (İKT) biliklərinin artırılması, internet istifadəçilərinin sayının artması Azərbaycanı regionda fərqləndirən üstün cəhətlərdən biridir. Amma digər tərəfdən problemlərdən də xali deyil. Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz ölkədə təhsilin informasiyalaşması sahəsində problemlərin xeyli ciddiləşdiyini deyir və “SOS” təbili çalır.
“Təəssüf ki, ölkənin təhsil sistemində əvvəlki iki dövlət proqramı çərçivəsində görülən az-çox müəyyən işlər kompleks formada davam etdirilmədi. Təbii ki bu, həm də vəsait çatışmazlığı ilə bağlıdır. Məktəblərə verilən kompüterlər köhnəlib və İT servis də dayandırılıb. Son zamanlarda Çin hökumətinin xətti ilə verilən müəyyən sayda noutbuklar isə düşünmürəm ki, bütövlükdə informasiyalaşma ilə bağlı vəziyyəti ciddi sürətdə dəyişdirsin.
Elektron Məktəb proqramı da dayandırılıb.Təhsilin Elektron idarəetməsi ilə bağlı Rumıniya hökumətindən alınan proqram təminatı da yenilənmədiyindən istifadəyə yararsız hala düşüb və yenisi də yoxdur. Dünya Bankının dəstəyi ilə yaradılan informasiya sistemi də artıq məktəblərdə istifadə edilmir.
Ali təhsil sistemində Təhsil Nazirliyinin dəstəyi ilə NEURON tərəfindən bu tip sistemlərin hazırlanmasına start verilsə də məktəblərdə bu sahədə ciddi problemlər qalmaqdadır. 2012-ci ildən sonra Təhsildə İKT-nin tətbiqi ilə bağlı gözlənilən Dövlət Proqramının qəbul edilməməsi bu sahədə vəziyyəti xeyli pisləşdirib.
Ən ciddi problemlərdən biri məktəblərin genişzolaqlı internetlə təminatıdır. Bürokratik əngəllər və vəsait çatışmazlığı ucbatından heç 50% məktəbdə genişzolaqlı internet yoxdur. 5000 məktəbdən cəmi 200 - 300 məktəbdə normal fiberoptik internetin olması Təhsil Nazirliyi ilə bərabər Nəqliyyat Rabitə Yüksək Texnologiyalar Nazirliyini də ciddi düşündürməlidir.
Qonşu ölkələrin məktəblərində “robototexnika” sinifləri və fakültativləri açıldığı bir zamanda məktəblərdə elementar rəqəmsal avadanlıqların və normal internetə əlçatımlığın problemli olması, kompüter elmləri ixtisaslarını seçən abituriyentlərin informatikadan deyil, kimyadan imtahan verməsinin uzun illər davam etməsi gələcəkdə daha ciddi problemlərin yaranmasına gətirib çıxara bilər.
Yetərincə münbit şərait, geniş biznes imkanları, zəruri hüquqi baza olmasına baxmayaraq indiyədək distant təhsil sisteminin işə salınmaması da arzuolunan hal deyil”.
Onun fikrimcə, Təhsil Nazirliyi ölkədə təhsilin informasiyalaşması ilə bağlı maraqlı tərəflərin iştirakı ilə ciddi müzakirələr aparmalı, indiyədək bu sahədə əldə olunan uğurların davam etdirilməsi, problemlərin aradan qaldırılması və uzun müddətdən bəri problemə çevrilən Dövlət Proqramının qəbul edilməsi istiqamətində səyləri gücləndirməlidir.

“Onlar özlərinə güvənmirlər”

Uzun illər Azərbaycanda çalışan türkiyəli mütəxəssis Ali Kutvan Azərbaycanda İKT sahəsində çox yaxşı insan resursları olduğu qənaətindədir. Lakin bu sahədə ən böyük problemi xüsusən İT şirkətlərdə strateji planlama əksikliyinin olmasında görür: “İT sahəsində Azərbaycanın qanunvericilik məsələsi yenidən işlənilməlidir. Məsələn, texnoparklar qurulur, amma onların fəaliyyəti ilə bağlı hər hansı qanun, mexanizm formalaşmayıb. Bu kimi qurumlar yaranır, amma sabah necə işləyəcəkləri məlum deyil. Daha vacib bir məqam isə qurumlarda, şirkətlərdə işləyən insanların düzgün istiqamətləndirməsindəki problemdir. Azərbaycanda çox yaxşı kadrlar olmasına baxmayaraq, onlar özlərinə güvənmir”.

“Xarici bazarlarla işləmək istəyənlər çox azdır”

Bu gün Azərbaycanda əksər İT şirkətin yerli bazara istiqamətləndiyini deyən Kutvan xarici bazarlarla işləmək istəyənlərin çox az olduğunu bildirib: “Azərbaycanda şirkətlər bir araya gəlib, Smart Claster formasında bir holdinq qura bilər. Yəni, xarici bazarlara çıxış üçün tək-tək edə bilməyəcəkləri işi xarici tenderlər üçün bir yerdə işləməlidir. O zaman tenderlərə çox güclü bir firma olaraq qatıla, 300-400 min dollarlıq bir layihəni qazana bilərlər”.

“İKT məhsullarının 90 faizini idxal edirik”

Millət vəkili Tahir Mirkişli hesab edir ki, İKT sektorunun inkişafı ilkin olaraq investisiyadan daha çox “ideya və mühit”dən asılıdır. Bu gün dünyada dəyəri və gəlirləri milyardlarla dollar olan nəhəng İKT şirkətləri çox cüzi investisiya ilə amma ideyalar əsasında yaranıb. Ölkəmizdə mühit formalaşsa da, ideya cücərtiləri kimi formalaşan “start-up”ların hərtərəfli dəstəklənməsinə ehtiyac var. Bu dəstək tək dövlət tərəfindən deyil, əsasən özəl sektor tərəfindən olmalıdır. Vergi bazasını artırmaq, biznesi şəffaflaşdırmaq istiqamətində elektron ticarətin həcminin artırılması mühüm rol oynayır. Dünyanın bir çox ölkərində bu məqsədlə müddətli olaraq şirkətlərə vergi güzəştləri və digər güzəştlər təqdim edilir. Ölkəmizdə elektron ticarətin ümümi dövriyyədə payının olması çox böyük potensialdan xəbər verir. Bu gün Azərbaycan İKT məhsullarının demək olar ki, 90 faizdən çoxunu idxal edir. Bir çox ölkələrin təcrübəsi göstərir ki, bu məhsulların bir çoxunu Azərbaycanda istehsal etmək mümkündür və bu məhsullara yerli bazarda, əhali arasında böyük tələbat var”.

Nərmin Muradova
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçündür

Bu xəbər oxundu
- - -