Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Ali təhsil müəssisələrində maarifləndirmə tədbirləri

02.03.18, 12:17
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Dövlət Miqrasiya Xidmətinin (DMX) yaradılmasının 11-ci ildönümü ərəfəsində paytaxtda və regionlarda ictimaiyyətin, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin məlumatlandırılması məqsədilə maarifləndirmə tədbirləri davam etdirilir. DMX-dən bildiriblər ki, miqrasiya qanunvericiliyindəki yeniliklər Azərbaycan Texniki Universitetində və Azərbaycan Dövlət Neft və Sənaye Universitetində şərh olunub. Görüşdə Xidmətin məsul əməkdaşları çıxış edərək DMX tərəfindən göstərilən xidmətlər, eləcə də qazanılan nailiyyətlər barədə ətraflı məlumat veriblər. Bildirilib ki, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan ərazisində müvəqqəti yaşamaq üçün icazə verildiyi hallardan biri şəxsin ölkənin ali və orta ixtisas təhsili müəssisələrində əyani formada və ümumtəhsil müəssisələrində təhsil almasıdır. Respublikanın ali və orta ixtisas təhsili müəssisələrində əyani formada təhsil alan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin verilməsinə və müddətinin uzadılmasına görə dövlət rüsumu bir illik 40 manat, iki illik 80 manat müəyyənləşdirilib. Yetkinlik yaşına çatmış əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin verilməsinə və müddətinin uzadılmasına görə bir illik müddət üçün dövlət rüsumunun məbləği 120 manatdır. Amma Azərbaycan dövlətinin humanist yanaşmasının daha bir nümunəsidir ki, əcnəbi tələbələrə bu sahədə də müvafiq güzəşt nəzərdə tutulur.
Vurğulanıb ki, miqrasiya xidmətlərini müasir informasiya texnologiyalarının nailiyyətlərindən kənar təsəvvür etmək mümkünsüzdür. DMX tərəfindən “Elektron xidmət”lərin göstərilməsi üçün rəsmi internet səhifəsində xüsusi bölmə yaradılıb. Bu gün DMX-yə “Elektron hökumət” portalına inteqrasiya olunmuş 11 elektron xidmət vasitəsilə vətəndaşların müraciətləri daxil olur və hər biri üzrə qanunvericiliyin tələblərinə müvafiq qərarlar qəbul olunur. Bu da öz növbəsində vətəndaşlara göstərilən xidmətlərin operativliyini, rahatlığını, habelə şəffaflığını təmin edir.
Qeyd edilib ki, Xidmətin “Çağrı mərkəzi” (012 919) müraciət edənlərin üç dildə zəruri informasiya əldə etmək hüququnun təmini baxımından mühüm əhəmiyyət kəsb edir. Ölkəmizdə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün yaradılmış şərait, eləcə də Dövlət Miqrasiya Xidməti tərəfindən göstərilən xidmətlər barədə verilən məlumatlar iştirakçılar tərəfindən maraqla qarşılanıb. Hər iki universitetdə keçirilən görüşün sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Bu xəbər oxundu
- - -