Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Azərbaycan türklərinin mifologiyası

05.03.18, 8:00
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Bəzən fəlakətlərin qarşısı alınır, bəladan xilas olan varlıqlar hər şeyi təzədən başlayır...

Təqvim miflərində hətta ayrı-ayrı illər, aylar, günlər belə mifik obraza, dünya modelinin detalına çevrilir. Məsələn: «Bir padşah görür ki, bının ölkəsindəki adamnar tez-tez illəri qatışdırıllar bir-birinə. Çünkü illərin adı yoxuymuş. Padşah fikirləşir ki, gərəh illərə ad qoyam. Durur çıxır səfərə. Ucardan, qaçardan, sürünərdən qabağına hansı çıxırsa onun adını verir bir ilə. Bının qabağına on iki cannı çıxdığı üçün on iki də il adı düzəldir. Həmən cannılar bınnardı: donuz, sıçan, pələh, dovşan, öküz, at, qoyun, meymun, it, quş, ilan, balıx. İllər də bınnarın adıynan addanır». Təqvim hissələri Çində etik məna ilə də təsvir edilirdi: «Yaz - humanistdir, yay - nəzakətlidir, payız - ədalətlidir, qış – müdrikdir». Azərbaycan inanclarında isə Yaz xoşxasiyyətdir (Üçü bizə cənnətdir), Yay səxavətlidir (Üçü yığıb gətirir), Payız qəddardır (Üçü vurub dağıdır), Qış düşməndir (Üçü bizə yağıdır). əcdadlarımızın ilkin təsəvvürlərində yaponlarda olduğu kimi, il iki hissəyə (bərəkət, bolluq gətirən əsas hissə və bitkiləri məhv edən qış) bölünürdü. Ayların fəsillərə bölünməsinə həsr olunan bayatıda da bu hiss olunur: a) yaz, yay xeyiri, b) payızla qış isə şəri təmsil edir. Dağlara müraciətlə deyilən başqa bir bayatıda isə ilin iki yerə bölünməsi açıq-aydın nəzərə çarpır:

A dağlar, ulu dağlar,
Çeşməli, sulu dağlar.
Üç ay toylu, bayramlı,
Doqquz ay yaslı dağlar.

Adətən, sudan korluq çəkən dağların «çeşməli, sulu» göstərilməsi ola bilsin ki, yuxarıda verdiyimiz mifoloji sistemdəki dünyanın su damarlarının Qaf dağından keçməsinə əsaslanır. Göründüyü kimi, Azərbaycan təqvim miflərində əsas ağırlıq qışla yazın üzərinə düşür. İl əsasən iki əks xasiyyətli canlı varlıqla təmsil olunur, yay yazın, payız isə qışın içində əridilir. İl bütövlükdə yarı bölünüb düşmən qüvvələr kimi üz-üzə qoyulur. Bir tərəfdə soyuq, şaxta, aclıq, ölüm, digər tərəfdə isti, bolluq, şadlıq hökm sürür. Kosa-keçi mifik obrazları ilə yaddaşlarda bu günümüzədək yaşadılan ənənənin tarixi çox dərin qatlardan gəlir. Mədəniyyətimizin canına hopmuş Xeyir-Şər qarşıdurmasının mənbəyini də, hər şeydən əvvəl, bunda axtarmaq lazımdır.
«Son şeylər» və dünyanın axırı haqqında olan esxatoloji miflər yaranış və təqvim mifləri ilə müqayisədə çox-çox sonrakı dövrlərdə meydana gəlib. Bu da təbiidir, çünki esxatoloji miflərin motivlərində, bir növ, əvvəlki iki kateqoriyada verilən hadisələrə yekun vurulur, nöqtə qoyulur. E.A.Kostxinin şərhinə görə, esxatoloji (yunanca eschatos – «son», «axır» deməkdir) miflərdə dünyanın sonu, sonrakı taleyi və insanın yeraltı aləmdəki həyatı əks olunur. Arxaik mifologiyalarda esxatoloji təsəvvürlərə az yer ayrılır (daha çox dünyanın sonundan deyil, başlanğıcından bəhs açılır). Daha çox inkişaf etmiş miflərdə (hind, alman-skandinav) gözlənilən dünya fəlakətlərinə adətən etik qiymət verilir: altı dünyanın dağılması əxlaqın tamamilə pozulması ilə əlaqələndirilir. Xristian esxatoloji düşüncəsində (Apokalipsisdə) dünyanın son günü eyni zamanda möminlərin xilası və Xristosun minillik hakimiyyətinin başlanması ideyası təsdiqlənir. Dünyanın nəzərə çarpan bəzi elementlərinin öldüyünü, yoxa çıxdığını görən ilkin əcdadın gəldiyi qənaət bu olub və bəşəriyyət həmin qənaətdən doğan bir məsələ barədə daim düşünüb: dünyanı xilas etmək mümkündürmü? Allahla allahlıq etmək istəməyənlər tale mifinə boyun əyməklə kifayətləniblər, «alın yazısı»na inanmayanlar isə «xilas yolu» axtarıb (bu gün də axtarırlar), tanrı ilə «mübahisəyə girmiş» və hətta onu «güzəştə getmək» məcburiyyəti qarşısında «qoymuşdular».
Etioloji hadisələrin əksinə olaraq, esxatoloji miflərdə tufan qopması, torpağın suyun altında qalıb üzərindəki canlıların məhv edilməsi, kainatın xaosa çevrilməsi, bütün varlığın cəhənnəm şəklində bərqərar olması kimi dəhşətli qlobal hadisələr əks olunur. Bu mənada fəlakətlərə səbəb olan başqa törəmələri (zaman adlamalarını, xeyir və şər qarşılaşmalarından yaranan qəzaları) bütövlükdə dünyanın sonundan bəhs edən miflərdən ayırmaq çətindir. Birinciləri ikincilərin baş verəcəyi haqqında «xəbərdarlıq» siqnalı kimi də başa düşmək olar. Esxatoloji qəzalar, əsasən, yer üzündə əxlaq və hüquq normalarının pozulmasından, insanların dəhşətli cinayətlərindən, təbiətə qarşı amansız rəftarından, ekoloji bəlalardan, ədalətsizliyin baş alıb getməsindən törəyir. Dünya, yaxud onun ayrı-ayrı elementləri odun, tufanın, suyun, kosmik döyüşlərin (göy cisimlərinin şər qüvvələrlə toqquşmasının), aclığın, quraqlığın, soyuğun və s. təsirindən məhv olur. Bəzən fəlakətlərin qarşısı alınır, bəladan xilas olan varlıqlar hər şeyi təzədən başlayır. Lakin bir vaxt yaradıcının dünyanı beləcə məhv edəcəyinə inam yaddaşlardan silinmir ki, silinmir. Doğrudur, dünyanın axırı məsələsinə görə ulu əcdad tanrılarla, yeri gələndə, razılaşmayıb və hətta bu məsələdə səcdə etdiklərinə qarşı çıxıb.
Tanrı-insan qarşıdurması kəskinləşməsin deyə, müəyyən mərhələlərdə hər iki tərəfdən güzəştlər edilib. Lakin bu güzəştlər yalnız ilkin inamlarda özünə yer tapır. Daha doğrusu, çoxallahlılıq mərhələsində qüvvələrin tarazlığı mövcud idi. Mübarizə iki cəbhədə aparılırdı. Allahlar bir-biri ilə rəqabətdə idilər, ona görə də insanlara güzəştə gedirdilər ki, ətraflarına daha çox tərəfdarlar toplasınlar. Dualist və monoteist görüşlərdə güzəşt edilməsinə ehtiyac qalmır. «Avesta»da insan nəslinin bünövrəsini qoyan Kaymərd, eləcə də onun toxumundan cücərən kişi Mərd, qadın Mərdyanaq səhvə yol verdikləri üçün ölümə məhkum edilirlər. Hətta xeyirxah Ahur-Məzd belə insana güzəşt etmir. Adəmlə Həvva da xəta işlətdiklərinə (müqəddəs meyvəni oğurladıqlarına) görə cənnətdən qovulub Yerə sürgün edilirlər. Tanrı-insan qarşıdurmasından doğan narazılıqların sülhlə, qarşılıqlı güzəştlərlə nəticələnməsinə həsr olunan mifik təsəvvürlərin ən gözəl nümunəsinə «Kitabi-Dədə Qorqud»da rast gəlirik. «Duxa qoca oğlı Dəli Domrul boy»unda tanrının əmri ilə Əzrayılın bir igidin canını vaxtsız alması etiraz doğurur. Narazılıq böyüyüb Tanrı-insan qarşıdurmasına çevrilir.
Tale - alın yazısı ilə razılaşmayanda Yaradıcı tərəfindən həmişə güzəştlər edilmir. Astiaq nə qədər canfəşanlıq etsə də, öz doğma nəvəsini belə qurban verməyə hazır olsa da, tanrının yazdıqlarını poza bilmir, əksinə, onun taleyinə düşən «qəza»ya qarşı inadlı mübarizəsi, nəinki, özünə rəhm, güzəşt qazandırmır, hətta minlərlə adamı - böyük bir xalqı bədbəxt edir. Ona görə ki, Astiaq az qala allahlıq iddiasına düşmüşdü, mübarizəsində bir addım belə güzəştə getmirdi, günaha batmağında davam edirdi (Qarpağın oğlunu döğratdırıb ətini atasına yedirtməsi kimi). Tanrının vaxtsız can alması ilə razılaşmayan Dəli Domrul, tanrı elçisi pəri qıza əl uzadan Sarı Çoban və tanrının yaratdığı Təpəgözə qarşı çıxan Basat isə belə bir iddiaya düşməmişdilər: Sarı Çoban etdiklərindən peşiman olmasa da, meydandan çəkilir, pəri qızla «bəlalı sevgi»sindən qalan yadigardan belə imtina edir. Bir növ onun günahını üzərinə götürən Aruz qoca Təpəgözə ovladı kimi baxır. Sonra fəlakətə düşdüklərini bildikdə oğuz eli Təpəgözün bütün şərtlərini qəbul edir, səbrlə gözləyirlər ki, bəlkə qurbanlar bahasına tanrı günahlarını bağışladı. Lakin nəslin kəsilməsi təhlükəsi qarşısında qalanda həm Təpəgözün, həm də oğuz camaatının tanrı tərəfindən unudulduğu dərk edilir. Yaradıcı insanların taleyini öz ixtiyarına buraxır. Yalnız bundan sonra Təpəgözü məhv etmək mümkün olur. Göründüyü kimi, «Oğuznamə» qəhrəmanları Astiaqla müqayisədə günah üstünə günah gətirmirlər. Nuhun tufanına həsr olunan esxatoloji məzmunlu ənənəvi mif motivlərində bir neçə cəhət özünü göstərir:
1. Azərbaycanla bağlı dağların (İlan dağı, Kəmçi dağı, Ağrı dağı, Ağbaba dağı və s.) meydana gəlib adının qoyulmasından bəhs olunur.
2. Dünyanın torpaq hissəsinin məhvindən sonra başqa varlıqlar tanrının yaratdığı heyvanlar üzərində əməliyyatlar aparır, başqa sözlə, yaradıcının işlərinə əl qatılır, düzəlişlər edilir. Belə ki, qaranquş arının dilini dimdiyi ilə qoparır ki, insan ətinin şirinliyindən xəbər verə bilməsin, bundan sonra səsi itir, peşəsi vızıldamaq olur. Eləcə də ilan insan ətini ona qıymayan quşu parçalamaq istəyir. Qaranquş onun ağzından çıxıb qaçmaqla canını qurtarsa da, quyruğu qopub ilanın ağzında qalır və onun quyruğu haçalaşır.
3. İlan yer üzündə yuva qurmaq üçün xeyirxahlıq edib gəminin deşilən hissəsini bədəni ilə tutmasına, canlıların son cütünü boğulub ölmə təhlükəsindən qurtarmasına baxmayaraq, qismətində olan torpağa qayıdır. Bir növ bu, xalq atalar sözündə deyilən fikri təsdiqləyir: «İlanın ağına da lənət, qarasına da!»
4. Nuh peyğəmbər can hayında olduğundan qəzanın ancaq dünyanın insanlar yaşayan piltə hissəsinə aidliyindən iş-işdən keçəndən sonra xəbər tutur. Yəni tanrının birinci tufanla dünyanı tamam məhv etmək yox, günaha batdıqlarına görə yerdəki canlıları dəyişmək istəyinə Nuh özü bilmədən əngəl olur. Mifoloji sistemlərdə dünyanın sonu - Axirət günü cəhənnəmin təsvirində daha qabarıq şəkildə nəzərə çarpır. «Munisnamə»yə görə, cəhənnəm yerin yeddinci qatından sonra gəlir. Allah cəhənnəmi palçıqdan düzəldib.
Azərbaycan xalqının arxaik dünyagörüşünün əsasında duran mifoloji strukturlar, obrazlar mədəniyyətin müxtəlif formalarında dərin izlər buraxıb, şifahi epik ənənənin, klassik yazılı ədəbiyyatın qaynağına, dilin leksik tərkibinin əsas elementlərindən birinə çevrilib. Mədəniyyətin bu sahəsinin öyrənilməsi xalq yaradıcılığının və məişətinin iki cəhətini diqqət mərkəzinə çəkir.

Ramazan Qafarlı, professor

Bu xəbər oxundu
- - -