Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Uşaq əməyinin istismarının qarşısının alınması yolları müzakirə edilib

05.03.18, 10:15
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Bakı Dövlət Sosial-İqtisadi Kollecində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti “Uşaq əməyinin istismarının qarşısının alınması” mövzusunda seminar keçirib. Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, tədbirdə kollecin müəllim və şagirdləri, rayon icra hakimiyyəti və polis idarəsinin nümayəndələri, ayrı-ayrı işəgötürənlər iştirak edib. Seminarda ilk növbədə uşaqların bu və ya digər işlərin görülməsinə cəlb edilməsinin hansı hallarda onların əməyinin istismarı halı kimi qiymətləndirildiyi barədə məlumat verilib. Uşaq əməyinin istismarının qanuna zidd olmaqla, uşağın fiziki və mənəvi inkişafına zərər vurduğu, əksər hallarda təhsildən yayınmaqla nəticələndiyi diqqətə çatdırılıb. Qeyd edilib ki, Əmək Məcəlləsinə əsasən, uşaqların işə qəbul edilməsi üçün minimum yaş həddi 15 yaşdır və həmin yaşa çatmış uşaqlar isə yalnız onların valideynlərindən və ya övladlığa götürənlərdən (qəyyumlarından) birinin, yaxud qanunla onları əvəz edən şəxslərin razılığı olmaqla əmək müqaviləsinin tərəfi ola bilər. Lakin 15-18 yaşlarında olanların əməyindən əmək şəraiti ağır, zərərli olan iş yerlərində, yeraltı tunellərdə, şaxtalarda istifadə edilə bilməz. Qanunvericilik bunu, habelə onların əxlaqi kamilliyinin inkişafına mənfi təsir göstərən iş yerlərində əmək fəaliyyətinə cəlb edilməsini qadağan edir.
Həmin yaşlarda olan işçilər üçün əmək qanunvericiliyində əlavə təminat və güzəştlər nəzərdə tutulub. Məsələn, Əmək Məcəlləsində bildirilir ki, yaşı 18-dən aşağı olan işçilərə əmək məzuniyyəti həmin işçilərin arzusu ilə onlar üçün əlverişli olan vaxtda verilə bilər. Yaşı 16-dan az olan işçilərə isə əmək məzuniyyətinin müddəti 42 təqvim günündən az, iş vaxtının müddəti isə 24 saatdan, 16 yaşdan 18 yaşadək işçilər üçün 36 saatdan çox olmamalıdır. Seminarda iştirakçılara müvafiq mövzu üzrə maarifləndirici çap materialları təqdim olunub, onların sualları cavablandırılıb.
Yetkinlik yaşına çatmayanlarla profilaktik tədbirlər sahəsində aparılan işlər barədə də məlumat verilib. Həmçinin seminarda 15 yaşına çatmamış şəxslərin işə, habelə onların həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb edilməsi hallarına görə İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan cəza tədbirləri diqqətə çatdırılıb. Ötən dövrdə görülən tədbirlər, məqsədyönlü təbliğat-maarifləndirmə işləri nəticəsində Azərbaycanda uşaq əməyinin istismarı hallarının minimum səviyyəyə endiyi diqqətə çatdırılıb.

Bu xəbər oxundu
- - -