Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Həmrəy olmalıyıq”

05.03.18, 12:41
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

"Azərbaycan və Mərakeş arasında əlaqələr 1992-ci ildə qurulub. Ölkələrimiz arasında strateji səviyyədə əməkdaşlıq da ola bilər, çünki hər iki dövlət beynəlxalq təşkilatlarda bir-birinə dəstək verir. Bu ilin sonu və ya gələn ilin əvvəllərində konkret layihələr üzrə hökumətlərarası komissiyanın ikinci iclasını keçirmək qərarına gəldik. Biznes-forum da keçiriləcək".
Bu sözləri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Bakıda mərakeşli həmkarı Nasser Bourita ilə görüşdən sonra keçirilən birgə mətbuat konfransında deyib. Elmar Məmmədyarov qonağa Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məlumat verdiyini bildirib: "Tərəflər prezident seçkilərindən sonra daha intensiv şəkildə müzakirələri davam etdirmək qərarına gəlib. Hər iki ölkədə yeni hökumət qurulduqdan sonra danışıqları intensiv şəkildə davam etdirəcəyik".
Elmar Məmmədyarov islamofobiyanın süni şəkildə ortaya atıldığını hiss etdiklərini bildirib: “May ayında İslam Əməkdaşlıq Təşkilatı ölkələri xarici işlər nazirlərinin konfransı keçiriləcək. Biz o iclasda İƏT-in islam dünyasının əsas təşkilatı olmasını təsdiq etmək barədə müzakirələr aparacağıq”.
Elmar Məmmədyarov bildirib ki, İƏT-in və onun fəaliyyətini həmrəylik və qətnamələrin həyata keçirilməsi əsasında qurmaq lazımdır: “Məsələn, İƏT-də Azərbaycanın lehinə sənəd qəbul edən bəzi ölkələr bəzən başqa təşkilatlarda eyni məsələ ilə bağlı bitərəf qalırlar. Biz həmrəy olmalıyıq”.
Mərakeşin xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Nasser Bourita Azərbaycana səfərinin siyasi məsləhətləşmələrin davam etdirilməsi üçün böyük imkan yaratdığını deyib: “Bir sıra məsələyə münasibətdə oxşar mövqedən çıxış edirik. Münasibətlərimizin əsası güclüdür. Regional və beynəlxalq səviyyədə əlaqələrimizi koordinasiya edirik".
O bildirib ki, terrorizmə qarşı mübarizə müasir islamın inkişafı və islamafobiyaya qarşı mübarizə sahəsində hər iki ölkə geniş təcrübəyə malikdir: "Bir sıra sahədə üzrə bu proseslərdə öndə gedirik. Danışıqlar zamanı razılığa gəldik ki, ikitərəfli məsləhətləşmələr davam etdirilməlidir. İstəyirik ki, siyasi əlaqələr iqtisadi əlaqələr qədər güclü olsun. Bunun üçün isə hüquqi çərçivə olmalıdır. Çoxsaylı sazişlər də imzalanmalıdır ki, ikitərəfli əlaqələri gücləndirək".
Nazir əlavə edib ki, Azərbaycanla münasibətlər həmrəylik, qarşılıqlı dəstək əsasında formalaşır: "Bu, həm də münaqişələrə aiddir. Marakeş və Azərbaycan hər ikisi təcavüzlə üzləşib. Hər iki ölkə üçün bu, vacib məsələsidir. Bizim münasibətimiz BMT qətnamələrinə əsaslanır. Mövqeyimiz isə ərazi bütövlüyünün qorunmasına sadiqliyi ifadə edir".

Bu xəbər oxundu
- - -