Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Bank sektorunda kapitallaşma prosesi hələ davam edir

05.03.18, 13:00
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

2017-ci ildə bank sektorunda 2016-cı ildən başlanmış restrukturizasiya tədbirləri və həyata keçirilən nəzarət rejimi sektorun kapital mövqeyinin plana uyğun bərpasını şərtləndirib. Bu, Nazirlər Kabinetinin 2017-ci ildə fəaliyyəti haqqında hesabatda əksini tapıb. 2017-ci il yanvar ayının 1-i tarixinə 9 bank xüsusilə kapitallaşma proqramı altında olub. Aparılmış tədbirlər nəticəsində bu banklar tərəfindən 766 mln. manat ümumilikdə sektor tərəfindən isə 880 mln. manat həcmində kapital investisiyası təmin edilib ki, ümumilikdə 2016-cı ilin əvvəlindən 2017-ci ilin sonunadək investisiyaların həcmi 1,2 mlrd. manata çatıb.
"Bununla belə, bank sektorunda kapitallaşma prosesi hələ davam edir. Hazıra bankların investorları tərəfindən 0,4 mlrd. manat həcmində səhm emissiyası ilə bağlı Palataya müraciət daxil olub. Səhmlərin qeydiyyat prosesinin isə 2018-ci ilin əvvəllərində bitməsi nəzərdə tutulub. Eyni zamanda sektorda ilkin konsolidasiya meylləri müşahidə edilib. 2017-ci ilin 1-ci yarısında “Caspian Development Bank” ASC-nin “Atabank” ASC-yə qoşulması prosesi tamamlanıb. Kapital kəsirini bərpa edə bilməyən bank “DəmirBank” ASC-nin lisenziyası isə geri çağırılıb", - deyə məlumatda vurğulanıb.
Qanunvericilik tələblərinin pozulması, hesabatlıq qaydaları və kənar auditin aparılması ilə əlaqədar tələbələrə riayət edilməməsinə görə 21-i kredit ittifaqı olmaqla ümumilikdə 22 BOKT-nin lisenziyası ləğv edilib. Nəticədə, sektorda fəaliyyət göstərən BOKT-un sayı 123-ə enib ki, bundan 76-sı kredit ittifaqıdır. Hesabatda qeyd olunub ki, Dünya Bankı ilə əməkdaşlıq çərçivəsində bank restrukturizasiyasının hüquqi çərçivəsinin formalaşdırılması işləri aparılıb: "Bu əsnada, qlobal və lokal eskpertiza nəzərə alınmaqla “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa rezolyusiya ilə bağlı yeni fəsil əlavə edilib. ABB-nin xarici borclarının restrukturizasiyası zamanı isə bu təcrübədən istifadə edilib".
Bütövlükdə, sektorda 30 bank fəaliyyət göstərməkdədir. Bu banklardan ikisi dövlət bankıdır. Xarici kapitallı bankların sayı 15, o cümlədən xarici bankları yerli filiallarının sayı 2-dir. Bankların xidmət şəbəkəsi 509 filial, 142 şöbə, 2431 ATM, 16,2 min işçi vasitəsilə təmin edilir.

Bu xəbər oxundu
- - -