Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Bircə dəfə də olsun Şəkiyə getmisənsə...

07.03.18, 7:26
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Hər bir xalqın şifahi ədəbiyyatının, incəsənətinin səviyyəsi onun dünya xalqları arasında tutduğu mövqe ilə birbaşa əlaqədardır və bu mövqeyə təsiri böyükdür. Xalqların qədimliyi, keçdiyi tarixi yol və mədəni səviyyə onların yaratdığı şifahi xalq yaradıcılığı nümunələrində (bayatı, nağıl, əfsanə, rəvayət, dastan və s.) öz əksini tapmaqla yanaşı, həmin mədəniyyətin daşıyıcısı kimi də əsrlərdən-əsrlərə ötürülərək yaşadılmasında mühüm rol oynamaqdadır. Bu baxımdan, belə bir qənaətə gələ bilərik ki, Azərbaycanın ayrı-ayrı bölgələrinə məxsus ağız ədəbiyyatı nümunələrinin mövcudluğu sayəsində olduqca zəngin folklor mədəniyyətimiz formalaşıb. Nağıl və dastanlarımızın, rəvayət və əfsanələrimizin, atalar sözləri və məsəllərimizin, lətifə və bayatılarımızın... zaman-zaman xalqımızın folklor xəzinəsinə daxil olması, bu xəzinənin getdikcə zənginləşməsinə şərait yaradıb. Bu nümunələr arzu və istəklərin, mədəniyyət və davranış səviyyəsinin, qəhrəmanlıq və şücaətlə şərtlənən dövr və məqamların xalqın mədəni həyatına müdaxiləsindən doğulur sanki; dildən-dilə keçən hansısa şifahi ədəbi formanın yaranışı ilə təzahür edən xalq yaradıcılığı nümunələri əbədiyaşarlıq statusu qazanır. Xalqın özü tərəfindən yaradıldığı üçün bu nümunələr hər zaman sevilir, dəyərini qoruyub saxlayır, dildən-dilə, ağızdan-ağıza keçərək, nəsillərin əbədiyyət xəzinəsində qərarlaşır. Bunlardan ən geniş yayılanı da lətifədir ki, onu dinləməyi və söyləməyi xoşlamayan adamı təsəvvürə gətirmək mümkün deyil.
Lətifə şifahi ədəbiyyatın bir qolu kimi, bütün xalqlar tərəfindən çox sevilən yaradıcılıq formasıdır. Molla Nəsrəddin lətifələrinin xalqımızın övladlarının ağıl, şüur, əqidə və idrak səviyyəsinə, dünyagörüşünün formalaşmasına təsiri hamıya məlumdur. Bu lətifələr söylənilərkən insanlarda təkcə gülüş doğurmur, eyni zamanda onlara məntiqli olmağı, ağıl, şüur və təfəkkür sayəsində üzləşdikləri problemlərdən asanlıqla baş çıxarmaq bacarığı aşılayır. Fikir verəndə görürük ki, Molla Nəsrəddin adıyla tarixə düşmüş bu tarixi prototipin dilindən çıxıb, yaxud adından söylənilən istənilən lətifənin dərinliklərdə daşlaşmış gizli mətləbləri var və bu gizlinlər artıq qeyd etdiyimiz kimi yalnız gülmək və güldürmək üçün söylənməyib, bu ağız ədəbiyyatı nümunələrinin başlıca ideyası xalqın istənilən qəbildən olan nümayəndələrini haqsızlıqla mübarizəyə, ədalətsizliyə qarşı etiraz səsini ucaltmağa, gülüş, sarkazm diliylə zalım¬lığa, zülmə, mövhumata, savadsızlığa, dardüşüncəliliyə, gerizəkalılığa qarşı gözüaçıq olmağa, hadisələrdən anında baş çıxarmağa hesablanıb.
Azərbaycan xalqı əski zamanlardan üzügülər, şən əhval-ruhiyyəli, dardan, çətinlikdən qurtulma yollarını asanlıqla tapan, başqalarına yansıdan hazırcavab, ağıllı simaları ilə haqlı olaraq fəxr edib. Çünki bu cür insanların sayəsində xalqın ruhu hər zaman yüksək olub, hər çətin məqamda bu gülüş doğuran lətifələrin xatırlanması, yaxud kiminsə dilindən səslənməsi insanlara ayrıca zövq vermiş, çöhrələri gülüşə bələyib. Təbii ki, zaman-zaman hər bölgədə bu cür insanlar yaşayıb. Öz varlıqlarıyla, yaratdıqlarıyla xalqın ağız ədəbiyyatı xəzinəsini bənzərsiz töhfələrlə zənginləşdiriblər. Hazırdasa Azərbaycanda lətifənin vətəni kimi qədim Şəkinin adı öndə çəkilir.
Şəkinin müstəsna gözəlliklərinin üstünə daha da gözəllik əlavə edən həm də onun baməzə insanları, qonaqsevər camaatı, sakinlərinin düzlü-məzəli söhbətləri, qədimdən-qədim adət-ənənələrinə olan sonsuz sayğı və ehtiramlarıdır. Şəkililər doğulduğu torpağa, onun camaatına qəlblə, canla bağlı insanlardır. Şəkililər gələn qonağa Şəki mədəniyyətinin, Şəki adət-ənənəsinin, Şəki insanpərvərliyinin bütün xoş cəhətlərini, üstün çalarlarını nümayiş etdirməkdən xüsusi həzz alan insanlardır. Şəkinin adı çəkiləndə istər-istəməz insanların dodağı qaçır. Yəni biləndə ki, qarşındakı insan şəkilidir, təbəssümünü gizlədə bilmirsən. Bu da ondan irəli gəlir ki, şəkililər olduqca baməzə, şən, hazırcavab, ağıllı, saf, təmiz, səmimi və gülərüz insanlardır. Sən bircə dəfə də olsun Şəkiyə getmisənsə, yəni ayağın Şəki torpağına dəyibsə, demək artıq şəkili olmağına bircə addım qalıb. Yox, əgər hələ Şəkidə olmamısansa, demək çox şey itirmisən. Addımını bu torpağa basdınmı, buranın insanlarının şirin ləhcəsi, sözü-söhbəti səni elə ovsunlayacaq, elə məst edəcək ki, heç özün də bilmədən qarşındakı ilə elə onun öz “dilində” ünsiyyət quracaqsan. Şəkili olmağı kim istəməz ki?! “Siz də şəkilisooz?” – deyə sual verilirsə, siz çox güman ki, zarafatla da olsa, bu sözləri “ağzınızdan qaçıracaqsınız”: “Hayındı, a gözoo yiyim, mən də Şəkiliyəm!”
Şəkinin daşı-torpağı, çayı-bulağı, gülü-çiçəyi... belə insanla sanki bu şirin ləhcədə danışır. Burada insan ayaqla gəzib-dolaşmaqdan heç vaxt yorulmaya¬caq; hər addımda gözəl mənzərə, hər dəqiqəbaşı qəlbi ehtizaza gətirən şirin ixtilat, duzlu-məzəli atmaca. Bir azdan özün bu atmacalar üçün darıxacaqsan. Yenidən eşitdinmi, təzədən əriyib-əriyib muma dönəcəksən.
Şəkililik ilk növbədə türklük deməkdir məncə. Bu qədim diyarın sakin¬lərini elə ilk kəlməsindən tanımaq mümkündür. Daha doğrusu, şəkilini tanıma¬maq mümkünsüzdür. Şəkili həm sifət cizgilərinə, həm başın, peysərin anatomik quruluşuna, həm də göz çuxuru və burunun fiziki göstəricilərinə görə Azərbaycan türkləri arasında müstəsnalıq təşkil edən xüsusiyyətlərinə görə seçilir. Şəki ən çox nələri ilə tanınır? – deyə sual edilərsə, onun Xan Sarayı, şəbəkəsi, ipək kəlağayısı, təkəlduzu, paxlavası, pitisi... ilə yanaşı, yəqin ki, lətifələri də ilk olaraq xatırlanacaqdır. Şəki torpağının özü orijinallığı ilə seçildiyi kimi, bu məşhur sənət və yaradıcılıq nümunələri ilə də Azərbaycan və dünya mədəniyyəti xəzinəsinin ayrılmaz tərkib hissəsini təşkil etməkdədir.
Şəkiyə hədsiz turist axınına səbəb kimi, həm bu qədim şəhərin təbiətini və arxitekturasındakı özəlliyi, strukturundakı bənzərsiz gözəlliyi, həm də insanla¬rının hədsiz istiqanlılığını, dilləri, ləhcələri ilə könülləri fəthetmə qabiliyyətlərini göstərmək olar. Şəkili ağıllı və hazırcavab, namuslu və dürüst, qonaqpərvər və səmimiyyəti xoşlayandır. Onun xarakterində bir cəhət xüsusilə qabarıqdır: Şəkilidə insanı tanıyıb-bilmə, onun iç dünyasına nüfuzetmə, öyrənmə instinkti çox güclüdür. Bu, kənardan bəlkə də bir qədər şübhəli təsir bağışlaya bilər. Çünki şəkililiyin bu xüsusiyyəti ilə hər kəs tanış deyil və onun nə zaman ağzından nə “qaçıracağına” heç də hamı hazır deyil. Və bu gözlənilməz haldan şaşıranlar xeyli müddət keçdikdən, işin mahiyyətini anlayandan sonra özlərinə gəlir, hətta düşdükləri “gülünc vəziyyətdə” belə gülməkdən özlərini saxlaya bilmirlər. Bunu bəzən “şəkili bicliyi” adlandıranlar da tapılır. Lakin əslində bu, heç də biclik, kələkgəlmə cəhdi kimi anlaşılmamalı, şəkilinin ürəyinin saflığından, nazikliyindən, sözü birbaşa üzə deyərək, müqabil tərəfin qəlbini sındırmadan işin mahiyyətini ona “balabanda qandırmaq” istəyindən irəli gəlir.
“Balabanda qandırma” Şəkilinin gündəlik məişət normasına, bir növ etiket qaydasına çevrilib. “Ə, sən lap yağ yiyif, yaxada gəzən adammışsan ki!” – deyən Şəkili qarşısındakını tənbeh edir ki, yalnız özünü düşünmə, ətarfındakılara da sayğı göstər. Hər yerə burnunu soxan kəslərə “Teyfəsiz toy olarmı?” – deyərlər. “Qəpəyh qəpəyə söykənir” - qənaətcillik, yığımcillıq təlqin edən ifadədir.
“Sözün düzünü zarafatla deyərlər” deyimi mövcuddur. Bu deyimin Şəkililərlə nə dərəcədə əlaqədar olduğunu söyləyə bilmərəm. Ancaq fakt faktlığında qalır: Şəkili onsuz da zarafatla da olsa, sözü üzə deməsə, rahatlıq tapa bilməz. Şəkili yalnız bugünü üçün çalışmır, o özünə gün qazanmaqla qürurlandığını gizlətmir: “Gəzən ayağa daş toxunar” ifadəsi zəhmətkeş Şəkilinin əzmkar, ümidverən, eyni zamanda prinsipial insan olduğuna işarədir. “Baş kəsənin, daş kəsənin, yaş kəsənin çörəyi olmaz” deyimi özlüyündə dərin məna ehtiva etməklə, birbaşa nanəciblərə, haramzadalara, insafını əldən verənlərə ünvanlanıb; yəni ki, ey insan, heç vaxt Allahını unutma, imansız olma, yoxsa ruzun qəhətə çıxar, yediyin çörək gözünə durar, əməlindən xeyir görməzsən.
Şəki lətifələrinin yaranma arealı olduqca əhatəlidir. Konkret şəxslərin adı ilə bağlı lətifələr mövcuddur ki, bunların da sırasında Hacı dayının adı birinci çəkilir. “Dodaxsız qalsın?” adlı bir lətifyə diqqət yetirək:
“ – Diyillər, Hacı dayı danışanda hamı qarnını tutuf gülür, amma özünün heş dodağı qaşmır. Düzdürmü?
– Səən canoo yiyim, diyirsən dodağı qaşsın, kişi dodaxsız qalsın?”
Göründüyü kimi, Hacıdayılardan olanların incə yumorla, zarafatyana işlətdiyi hər kəlmə insanın eynini açmaqla yanaşı, onların hazırcavablığından xəbər verir. Daha bir lətifəyə diqqət yetirsək, görərik ki, burada məsələ tamam başqa cürdür: göstərdiyimiz nümunədə sarkazm, kinayə, sözün üzə şax deyilməsi diqqəti cəlb edir: “Hacı dayı satıcı işləyirdi. Yoxlamaya gəlmiş müfəttiş yola düşərkən Hacı dayı onun cibinə pul basır. Müfəttiş dillənir:
– Hacı dayı, incimədin ki? Biz də Bakıya qayıdanda əlimizə baxırlar, umurlar. Yoxsa pulu heç götürməzdim də.
Hacı dayı əlini müfəttişin kürəyinə vuraraq deyir:
– Ay cənnətliyin oğlu, heylə şeyin fikrini eləmə, hayındı elə billəm it aparıtdı”.
Şəkili haqqını başqasına yedirən deyil, o, mərddir, cəsurdur, comərddir. Gəlirini, çıxarını biləndir. Suyu üfürə-üfürə içməkdə Şəkliyə çatan az tapılar. Uşaqdan-böyüyə sözü göydə tutandılar. Necə deyərlər, “arifdirlər, sözü işarədən qanandılar”. Bədahətən söz demək, şəbədə qoşmaq, sözü bala-bəhməzə çevirmək Şəkilinin iliyində, qanındadır. Onu bu xarakterik xüsusiyyətinə görə sevir, dəyərləndirirlər. Bəzən bu xüsusiyyətdən xəbərsiz olub, inciyənlərlə də qarşılaşa bilərsiniz. Amma heç də qüssələnməyə dəyməz; şəkili ürəyiyuxalığı burda da insanın hayına yetir, belə ki, qarşısındakının könlünü almaq onun üçün bir suiçimlik işdir: “Ə, bura baa... Niyə dındığuvu salladın? Saa da söz dimax olmur. Hayindi, gə saa bi dənə Hacdayidən xoruz sesi eşitmiyən lətifə diyim, qırışığın açılsın...” Həmin andaca guya incimiş kimi görünən qonağın çöhrəsinə təbəssüm qonur. Göründüyü kimi, şəkililər qəlbini küsdürdükləri adamın könlünü almağın yolunu da lap yaxşı bacarırlar. Onlar üçün lətifə söyləmək şəbədə qoşmaq kimi asan bir şeydir, desək, səhv etmərik. Gülüşü kim sevməz ki?! Lakin əgər sənin könlündən ürəkdən gülmək, könül xoşluğu ilə ömür sürmək keçirsə, Şəkiyə gəl! Bu yurdun adamları sənin yolunu hər zaman gözləyirlər.

Qiymət Məhərrəmli,
filologiya üzrə fəlsəfə doktoru

Bu xəbər oxundu
- - -