Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Vaşinqtonun erməni sevgisi

13.03.18, 9:42
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Ermənistan hakimiyyəti illərdir beynəlxalq aləmə təlqin etməyə çalışır ki, guya torpaqlarımızın işğalında onlarlıq bir iş yoxdur, Azərbaycan Dağlıq Qarabağ rejimi ilə əlaqə qurub ortaq məxrəcə gəlməlidir. Bunun yalan olduğu hamıya bəllidir. Çox uzağa getmək lazım deyil, Dağlıq Qarabağ rejiminin əldəqayırma olduğu, İrəvandan idarə olunduğu son hadisə ilə bir daha sübut olundu.
Bu sözləri Müdafiə Nazirliyinin genişmiqyaslı təlimlərini şərh edən politoloq Elxan Şahinoğlu deyib. Siyasi şərhçi bildirib ki, təlimlərin məqsədi Ermənistan hakimiyyətinə və Dağlıq Qarabağdakı separatçılara göz dağı verməkdir:
“Məntiqlə belə bir vəziyyətdə Dağlıq Qarabağ separatçılarının lideri Xankəndidə olmalı, hadisələrin gedişatını yerindəcə izləməlidir. Bako Saakyan isə ABŞ-a səfər edərək Konqres binasında görüşlər keçirir. Bunun özü də ciddi müəmmadır ki, Azərbaycanı tərəfdaş ölkə adlandıran Vaşinqton separatçıların liderinin Konqresdəki görüşlərinə niyə seyrçi qalıb? Separatçıların liderini Dövlət Departamenti binasında qəbul etsələr, buna da təəccüblənmək lazım deyil. Ona görə də Azərbaycan XİN-nin ABŞ-ın Azərbaycandakı səfirini çağırıb ona nota təqdim etməsi tam yerindədir. Eynilə Azərbaycanın ABŞ-dakı səfiri də Dövlət Departamentinə gedərək amerikalı diplomatlara anlatmaq istəyib ki, yanlış addım atmayın. Ancaq bütün xəbərdarlıqlar qulaqardına vurulub. Vaşinqton separatçılara bu qədər nəvaziş göstərirsə, nə əcəb Amerikaya Cənubi Osetiya, Abxaziya və ya Donbas separatçılarının liderləri dəvət olunmur? Nə fərqi var ki, keçmiş SSRİ məkanında separatçılar eyni mərkəzə tabedirlər və həmin mərkəz Vaşinqtonun rəqibidir. Buna baxmayaraq, Vaşinqton üçün erməni separatçılarının yeri ayrıdır”.
Politoloqun fikrincə, Bako Saakyanın ABŞ-a səfərinin iki məqsədi var:
“Birincisi, konqresmenlərlə görüş keçirib ermənipərəst amerikalıların dəstəyini almaq, ikincisi, Amerikada yenə hansısa telemarafonda iştirak edib pul dilənmək və daha sonra həmin pulla işğal altındakı infrastruktur çalışmalarını genişləndirməkdir. Təəssüf ki, Vaşinqton Bako Saakyana hər iki məqsədinə çatmağına şərait yaradır və bununla Azərbaycanla münasibətlərinə xələl gətirir. Sonra da deyirlər ki, dünyada niyə Amerikaya rəğbət yoxdur? Amerika elə Türkiyəni də bu yolla özündən uzaqlaşdırır”.
Elxan Şahinoğlun Bako Saakyanın birbaşa İrəvandan idarə olunan fiqur olduğunu bildirib:
“Çünki onun yerinə başqası olsaydı, Azərbaycanın hərbi təlimləri haqqında məlumat aldıqdan sonra səfərini yarımçıq saxlayıb Xankəndiyə gələrdi. Saakyana isə təlimat verilib ki, Vaşinqtonda işində ol, Dağlıq Qarabağın “təhlükəsizliyi” bizlikdir. Demək, biz elə etməliyik ki, hərbi təlimlərimizin həm sayı artsın, həm də havaya qalxan hərbi təyyarələrimiz Azərbaycanın hava məkanının tamamında, o cümlədən Dağlıq Qarabağ səmasında uçuşlar həyata keçirsinlər”.

Bu xəbər oxundu
- - -



___

Tehrandan Bakıya dil uzadanlar – Azərbaycandan düşmən yaratmaq onların nəyinə lazımdır?(ardı...)