Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Vaşinqtonun bu siyasəti, separatizmə və işğala dəstək kimi qiymətləndirilməlidir”

13.03.18, 12:26
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Məhəmməd Əsədullazadəı: “Bu ölkənin siyasəti obyektivliyə söykənmir”

Elnur Eltürk: “Bako Saakyanın Amerika səfərinə yerli mediada sərt cavab verilməlidir”

“Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli ATƏT-in ən əsas məqsədidir”. Bunu Bakıda jurnalistlərə ATƏT Parlament Assambleyasının sədri Georgi Tsereteli deyib. O qeyd edib ki, ATƏT regionda bütün münaqişələrin həllinə fəal cəlb olunub: “Parlament Assambleyası üçün və ATƏT-in özü üçün vacib və prioritet rollardan biri münaqişələrin nizamlanması və sülh yolu ilə həllində iştirakdır. Biz açıq şəkildə bəyan edirik: təəssüf ki, bir çox istiqamətlərdə, ilk növbədə, həlli uzanmış münaqişələr məsələsində çatışmazlıqlar, nöqsanlar mövcuddur. Dağlıq Qarabağ münaqişəsinə gəldikdə, şübhəsiz ki, biz ATƏT-in Minsk qrupunun səylərini dəstəkləyirik. Bununla belə, əldə etmək istədiymiz digər aydın nəticələr də var. Lakin prosesin iştirakçıları arasında tənqidin olması və müsbət olmayan münasibətlərə rəğmən, nizamlanmanın digər mexanizmi yoxdur. Münaqişənin sülh yolu ilə həlli - bu bizim ən əsas məqsədimizdir”.
Amma ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrdən biri ABŞ separatizmi dəstəkləyən hərəkətə yol verir. Baş separatçı Bako Saakyanın ABŞ-a səfər etməsini əngəlləmir. İşğal altındakı Dağlıq Qarabağda separatçı rejimə başçılıq edən Bako Saakyanın ABŞ Konqresinə dəvət olunması Bakı ilə Ağ Ev arasında gərginlik yaradıb. Qondarma rejimin “prezidenti” kimi özünü təqdim edən Saakyanın ABŞ-a səfəri və ABŞ Konqresinin inzibati binasında separatçıları təbliğ edən tədbir keçirməsi ilə əlaqədar ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb. Məsələyə XİN-nin mətbuat katibi Hikmət Hacıyev də münasibət bildirib: “ABŞ-ın bir tərəfdən münaqişənin danışıqlar yolu ilə həllinə çağırış etməsi, digər tərəfdən qondarma rejimin təbliğinə imkan yaratması və Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni əməllərə göz yumması ABŞ-ın qərəzsizliyi və obyektivliyi barədə ciddi suallar yaradır”.
Azərbaycanın Xarici İşlər Nazirliyi də haqlı olaraq ABŞ Dövlət Departamentinə etiraz notası verib. Bu, işğalçı Dağlıq Qarabağ rejiminin başçısı Bako Saakyanın ABŞ-a səfəri və Konqresin inzibati binasında tədbir keçirməsi ilə əlaqədardır.
Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilir ki, notada Bako Saakyanın Ermənistan pasportu ilə viza alıb ABŞ ərazisinə daxil olmasının, Birləşmiş Ştatların müvafiq təsisatlarında qondarma separatçı rejimi təbliğ edən və Azərbaycan ərazilərinin işğalını dəstəkləmək üçün ABŞ ərazisində maliyyə toplamaq məqsədi daşıyan tədbirlər keçirməsinə icazə verilməsinin beynəlxalq hüquqa, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə, Azərbaycan və ABŞ arasında imzalanmış ikitərəfli sənədlərə, ABŞ-ın rəsmi mövqeyinə zidd olduğu qeyd edilib, bu addım Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı fəaliyyət kimi qiymətləndirilib: “Bu təəccüblü addımı ABŞ-ın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar mövqeyinin dəyişməsi kimi qiymətləndirir və qərəzli hesab edirik... BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi ABŞ Təhlükəsizlik Şurasının konsensusla qəbul edilmiş müvafiq qətnamələrinin tələblərinin yerinə yetirilməsinə və bu xüsusda Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasına və azərbaycanlı məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtmasına çalışmalıdır. ABŞ-ın bu addımı danışıqlar prosesinə ciddi şəkildə xələl gətirir, regionda gərginliyin artmasına xidmət edir və davamlı sülh və təhlükəsizliyin təmin olunması istiqamətində olan səylərə ciddi zərər vurur...”.
ABŞ-ın Azərbaycandakı səfirliyi səfir Robert Sekutanın XİN-ə çağrılması və ona etiraz notasının təqdim olunmasına cavab olaraq yaydığı açıqlamada “ABŞ-ın mövqeyi dəyişməyib. ABŞ de-fakto Dağlıq Qarabağ rejimini tanımır”, - deyə bildirilib. Səfirliyin məlumatında daha sonra qeyd edilib: “Birləşmiş Ştatlar ATƏT-in Mink qrupunun prosesini dəstəkləyir və münaqişənin Helsinki Yeku Aktı prinsipləri - Gücdən istifadə olunmaması, ərazi bütövlüyü, bərabər hüquqlar və xalqların öz müqəddaratını təyinetmə prinsiplərinə əsaslanan danışıqlar yolu ilə həll olunması üçün səylərini davam etdirəcək”. Xatırladaq ki, işğal altındakı Dağlıq Qarabağda separatçı rejimə başçılıq edən Bako Saakyanın ABŞ Konqresinə dəvət olunması dünəndən başlayaraq Bakı ilə Ağ Ev arasında gərginliyə səbəb olub.
Cənubi Qafqazda Sülh və Təhlükəsizlik İnstitutunun rəhbəri, politoloq Məhəmməd Əsədullazadə deyib ki, Azərbaycanın işğal olunmuş ərazilərində separatçı rejimin başçısı Bako Saakyanın Birləşmiş Ştatlar Konqresində görüşlərinə görə, rəsmi Bakının Vaşinqtona nota verməsi müsbət addımdır. Onun sözlərinə görə Vaşinqtonun bu siyasəti, separatizmə və işğala dəstək kimi qiymətləndirilməlidir: “Son illərdə Birləşmiş Ştatlar Türkiyə və Azərbaycanın milli maraqlarına zərbə vurmaqla məşğuldur. Türkiyədə terrorçu və separtçı PKK-YPG-nı dəstəkləyir, Azərbaycana qarşı terroru davam etdirəni Konqrensində qəbul edir”. M. Əsədullazadə deyib ki, dünyada demokratiya və təhlükəsizliyin qarantı adlandırılan bu ölkənin siyasəti göründüyü kimi heç də obyektivliyə söykənmir. Azərbaycan və Türkiyə Birləşmiş Ştatlarla diplomatik əlaqələri inkişaf etdirib, xoşagəlməz halların qarşısını almalıdır.
Diaspor üzrə araşdırmaçı-jurnalist Elnur Eltürk bildirdi ki, Dağlıq Qarabağ rejiminin rəhbəri, separatçı Bako Saakyanın Amerika səfərinə yerli mediada sərt cavab verilməlidir. Onun sözlərinə görə, Amerikada Azərbaycanı müdafiə edən konqresmenlərdən birinin “Vaşinqton Post” və ya başqa nüfuzlu qəzetlərin birində sərt məqalə ilə çıxış etməsi yaxşı cavab olardı: “Danışmaqdan daha çox belə məqalənin yazılması effekt verər. Medianın təsir imkanları daha genişdir. Media vasitəsilə Bako Saakyanın səfəri fiaskoya uğradılmalıdır. Məncə, səfirliyimiz hərəkətə keçməli və bu istiqamətdə fəaliyyətini artırmalıdır. Azərbaycan diasporu da prosesdə fəallıq göstərməlidir. Ortaq koordinasiya olunmuş şəkildə hərəkət etmək lazımdır. Digər tərəfdən soydaşlarımız fəal olmalıdırlar. Həm mətbuatla,həm də aksiya vasitəilə cinayətkar rejimin başçısının səfərini təşkil edənlərə etirazı çatdırmaq lazımdır. Amerika Azərbaycan icmasının etiraz səsini görməlidir. Susqunluq ermənipərəstləri daha da Azərbaycan əleyhinə olan tədbirlərin keçirilmələrinə təkan verə bilər. Bu, təhlükəli tendensiyadır. Görürük ki,Amerikada ermənipərəst qüvvələr hərəkətə keçiblər. Təsadüfi deyil ki, bu günlərdə Amerikanın Ermənistandakı keçmiş səfiri Con Evansın separatçı rejimin müstəqilliyinin tanınması ilə bağlı Amerika mətbuatında məqalə ilə çıxış edib. Bu bizə ciddi siqnal olmalıdır. Ona görə ayıq-sayıq olmalıyıq. Xaricdə olan icmalarımız küskünlüyü bir kənara qoyub,ortaq və birgə addım atmalıdırlar”.
Millət vəkili, politoloq Rasim Musabəyov deyib ki, rəsmi Bakının Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin “prezidenti” kimi özünü təqdim edən Bako Saakyanın ABŞ-a səfəri və ABŞ konqresinin inzibati binasında qondarma rejimi təbliğ edən tədbir keçirməsi ilə əlaqədar ABŞ-a nota verməsi düşünmürəm ki, Azərbaycanla ABŞ-ın münasibətlərini pozacaq. Onun sözlərinə görə, hər bir halda bu cür səfərlər olanda Azərbaycan mütləq şəkildə sərt etirazını bildirməlidir: “Çünki bu kimi hallar Fransada, Brüsseldə, Avropa Birliyinin paytaxtında da olub. Əks halda onlar elə bilərlər ki, Azərbaycan bu sözlərdən yumşalır və separatçılığı həzm etməyə hazırdır. Bu əsla belə deyil. Azərbaycan hər zaman öz etirazını bununla bağlı bildirməlidir və izahat tələb etməlidir. Heç şübhəsiz ki, ABŞ-ın da bizdən bir çox istəkləri var. Rəsmi Vaşinqtonun cavabı bizləri qane etmədiyi halda ABŞ da anlamalıdır ki, onların bu istəklərinə rədd cavabı da verilə bilər”.

Əli

Bu xəbər oxundu
- - -



___

Tehrandan Bakıya dil uzadanlar – Azərbaycandan düşmən yaratmaq onların nəyinə lazımdır?(ardı...)