Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Kamran Quliyev: “Sumqayıt” “xod“da olan arabadı“

15.03.18, 13:44
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

AFFA Klublar Komitəsinin martın 15-də keçirilən iclasında yeni sədr seçilən Kamran Quliyev jurnalistlərə müsahibə verib. “Neftçi”nin prezidenti brifinqdə apasport.az saytının əməkdaşının da suallarını cavablandırıb.
- İlk olaraq toplantıda hansı məsələlərin müzakirə olunması barədə məlumat verərdiniz...
- Düzü, uzun müddət idi yığışmırdıq, məsələ çox idi. Bəzi milliləşdirilmiş futbolçuların miqrasiya məsələsi var idi. Əvəzedici komandaların I divizionda iştirakı ilə bağlı fikir alış-verişi aparıldı. Müəyyən hesabatlar dinlədik.
- Əvəzedici komandaların I divizionda iştirakı ilə bağlı nələr danışıldı, klubların mövqeyi necədi?
- Hər kəs bunu müsbət qarşıladı. Amma suallar çoxdu. Bu məsələ fərdi qaydada baş məşqçilərlə müzakirə olunmalıdı. Çünki əvəzedicilər daim əsas komandanın yanında olur. Bu üzdən baş məşqçilərin fikirləri çox vacibdi. Bu, 1-2 görüşə həll olunmaya bilər. Ancaq dünya praktikasında belə hallar var. Rusiyada, Portuqaliyada, İspaniyada bundan istifadə edilir.
- Gündəlikdə duran məsələlərdən biri də videotəkrar sistemi idi. Klublar buna nə dərəcədə hazırdı və ən yaxşı halda nə vaxtdan tətbiq oluna bilər?
- Bizə qısaca məlumat verildi. Bunun xərcləri, infrastruktur şərtləri var. Hansısa klubun vəsaiti ola bilər. Amma stadiondakı şərait buna cavab verirmi? Bildiyim qədərilə stadiona 10-dan çox kamera quraşdırılmalıdı. Bizdə isə əksər arenada hətta 5-6 kamera quraşdırmaq mümkün olmur. Bunun üçün hələ tezdi. Yaxşı variantdı, bir çox suallara cavab tapacaq sistemdi. Ancaq ilk növbədə infrastruktur və maliyyə baxımından daha çox məlumat toplamalıyıq. Hazırkı vəziyyətdə çətin görünür.
- Əvvəllər yeni sədr seçilərkən səsvermədə jurnalistlər də iştirak edirdilər. Bu dəfə niyə qapalı oldu?
- Bizdə həmişə zərfə adlar yazılıb, elan edilir. Ola bilər ki, texniki nasazlıq olub (gülür). Əvvəlcə demişdim ki, namizədliyimi irəli sürmək istəmirəm. Çünki bir il sədr olmuşdum. Lakin həmkarlarım gizli səsvermə nəticəsində mənim namizədliyimi təklif ediblər. Hazırda “Neftçi”də olmağım da buna səbəb ola bilər. Çünki son sədr də bu klubun rəhbəri idi.
- Siz kimi seçmişdiniz?
- Bunu deyə bilmərəm. Ancaq başqa klubun nümayəndəsi idi.
- “Neftçi” dünən Premyer Liqanın XX turunda “Qarabağ”la qolsuz heç-heçə etdi. Nəticədən razı qaldınız?
- Narazı da deyə bilmərəm. Oyun bərabər səviyyədə keçdi. Çox qol vəziyyətimiz oldu. “Qarabağ”ın qapısı qarşısında 3-4 qol imkanı yaradan komanda varsa, deməli, onun oyunu yaxşı alınır. “Qarabağ”a dünən layiqli rəqib olduq, hətta qələbə qazana da bilərdik. Sevindirici haldı ki, komanda oyundan-oyuna “artırır”.
- Yüksəliş fonunda yığmanın təlim-məşq toplanışı, yoldaşlıq görüşləri komandanıza necə təsir edəcək?
- Bizdən 6 futbolçu milli komandaya dəvət alıb. Bu, uşaqlar üçün böyük stimuldu. Bəzi oyunçular əvvəllər dəvət almırdı. 6 oyunçuya dəvət yaxşı haldı. Deməli, milli komandamıza fayda verə bilərik. Bildiyimə görə, say baxımından “Neftçi” birinci yerdədi. Yığmanın yeni baş məşqçisi və yeni hazırlıq proqramı var. Qarşıdan Millətlər Liqası və Avropa çempionatının seçmə mərhələsi gəlir.

- “Neftçi”nin matçından sonra “Sumqayıt” – “Kəpəz” (2:1) oyunu keçirildi. Sabiq komandanızın görüşünü izlədiniz?
- Təbii ki, izləmişəm. Əvvəlcə mobil cihazla, sonra isə televiziya vasitəsilə baxdım.
- “Sumqayıt”ın turnir cədvəlində 3-cü pilləyə yüksəlməsi barədə nə deyə bilərsiniz?
- Təbrik edirəm. Bu, böyük uğurdu.
- Yerinizə Riad Rəfiyev təyin olundu...
- Ona da uğurlar arzulayıram. Mürəkkəb bir işdi. Sumqayıt gözəl şəhərdi, hazırda əla futbol ab-havası var. Sumqayıt sakinləri öz komandalarını çox sevirlər. Riad Rəfiyev sıfırdan başlamır, loru dillə desək, “Sumqayıt” "xod"da olan arabadı. Nə qədər təəccüblü görünsə də, komandaya uğurlar arzulayıram. Hazırda “Neftçi” üçün çalışıram. Komandanın Avropa Liqasına vəsiqə qazanmaq şansı var. Allah nəyi qismət etsə, deməli, o da olmalıdı.

Bu xəbər oxundu
- - -