Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Həmsədrlər regiona sonuncu dəfə gələndə razılığa gəldik ki...”

16.03.18, 9:05
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Elmar Məmmədyarov: “Seçkilər keçsin, sonra intensiv şəkildə danışıqları davam etdirəcəyik"


“Azərbaycan özünü geniş Şərqin bir hissəsi kimi görür və burada baş verən hadisələr bütün dünyaya təsir edir”.
Bu sözləri xarici işlər naziri Elmar Məmmədyarov VI Qlobal Bakı Forumu çərçivəsində keçirilən "Regional təhlükəsizlik, regional sülh: Orta Şərq" adlı panel müzakirəsi zamanı çıxışında deyib.
Nazir bildirib ki, xüsusilə Sovet İttifaqının dağılmasından sonra dünyada mühüm dəyişikliklər baş verib: “Bu dəyişikliklər hansısa formada bizə də təsir etdi, ölkəmizin bir hissəsi işğal olundu, 1 milyondan çox qaçqınımız, köçkünümüz yarandı, xalqımız etnik təmizləməyə məruz qaldı. Bu münaqişənin həlli başqa mövzudur. Bunun həll yolları var. Biz yeni dünyanın quruluşunun zəminlərini yaratmalıyıq. BMT islahatlara məruz qalmalıdır. Əgər biz gələcəyin inkişafını proqnozlaşdırdığımız kimi görmək istəyiriksə, buna uyğun fəaliyyət göstərməliyik”.
“BMT TŞ-nin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 4 qətnaməsi var. Bu qətnamələrdə işğalçı qüvvələrin Azərbaycan ərazilərindən qeyd-şərtsiz və dərhal çıxarılması tələb olunur”-deyən nazir bildirib ki, bunlarla yanaşı, 5783 saylı qətnamə də var.
“Bu, əlavə qətnamədir və orada işğalçı qüvvələrin çıxarılmasının cədvəli var. Bu qətnamələrin icrasına heç bir ölkə yardım göstərməyib. 24 ildir, vəziyyət olduğu kimi qalıb”, - deyə nazir əlavə edib.
E. Məmmədyarov qeyd edib ki, Azərbaycan BMT Təhlükəsizlik Şurasına sədrlik edərkən, İƏT ilə BMT TŞ arasında əməkdaşlığın qurulması təşəbbüsünü irəli sürüb: “Bəzi üzv dövlətlər buna qarşı çıxdı. Regional təşkilatlarla mövqeyimizi gücləndirə bilərik. Mən Təhlükəsizlik Şurasının qlobal sülhün təminatında ali təşkilat kimi rolunu danmıram. Azərbaycan da bu qurumun qətnamələrinin yerinə yetirilməsinin tərəfdardır. Lakin böyük güclərin müdaxiləsi olmadan məsələlərin həlli qeyri mümkündür”.
"Həmsədrlər regiona sonuncu dəfə gələndə razılığa gəldik ki, seçkilər keçsin, sonra intensiv şəkildə danışıqları davam etdirəcəyik"-deyən XİN rəhbəri vurğulayıb ki, nazirlərin və prezidentlərin sonuncu görüşlərində həmsədrlər tərəfindən məsələnin yerindən tərpədilməsi üçün kreativ fikirlər səsləndirilib.
"Hər iki ölkədə yeni hökumət qurulandan sonra danışıqları intensiv şəkildə davam etdirəcəyik", - deyə o qeyd edib.
E. Məmmədyarov seçkilərdən sonra Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün keçirilməsinin mümkünlüyü barədə də danışıb.
"Seçkilərdən sonra nazirlərin görüşünün keçirilməsi fikri səsləndirilib. Mən inanıram ki, görüş olacaq, amma nə vaxt olacağını demək hələlik tezdir.
Əvvəlcə gərək hökumət formalaşsın", - deyə o vurğulayıb.
“Azərbaycan Xarici İşlər Nazirliyi İraqda olan Azərbaycan vətəndaşlarının geri qaytarılması məsələsini diqqətdə saxlayır”-deyən Məmmədyarov bildirib ki, Azərbaycanın İraqdakı səfirliyi bununla məşğuldur: “Bu, o qədər də asan məsələ deyil. Orada uşaqlar, qadınlar var. Biz oradakı yerli hakimiyyətlə əlaqədəyik. İlk növbədə araşdırılmalıdır ki, onlar İraqa niyə gediblər, hansı fəaliyyətlə məşğul olublar?”
E. Məmmədyarovun sözlərinə görə, artıq Nazirlər Kabinetində bununla bağlı İşçi qrup fəaliyyət göstərir: “Orada həm Xarici İşlər Nazirliyinin, həm də digər qurumların nümayəndələri təmsil olunur”.
"Bu ayın axırı İran prezidenti Azərbaycanda rəsmi səfərdə olacaq. Artıq Rəşt-Astara dəmiryolunun tikintisinə kreditin ayrılması barədə sənədi paraflayıb. 3 il ərzində bu tikintinin başa çatması nəzərdə tutulub. Daha sonra imkanlar daha da artacaq"-deyən nazir qeyd edib ki, yeni Cənub-Qərb dəhlizinə əsas Hindistan maraq göstərir.
"Hindistanın Mumbai şəhərindən Avropaya yüklərin daşınması 60 gündən çox çəkir. Vyetnam da layihəyə maraq göstərir. Mən ötən il orada olanda onlar dedilər ki, onların eksport potensialı 204 milyard dollardır. Bunun 44 milyard dolları isə Avropaya göndərilən malların payına düşür. İnanıram ki, bu dəhlizin böyük gələcəyi var. Belə bir imkan Bakı-Tbilisi-Qars açılandan sonra yarandı. BTQ dünyanın nəqliyyat xəritəsini dəyişəcək", - deyə nazir vurğulayıb.

Bu xəbər oxundu
- - -