Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Trampın kadr dəyişiklikləri ABŞ-ı hara aparır?

16.03.18, 11:56
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

ABŞ prezidenti Donald Tramp öz “Twitter” hesabından xarici işlər naziri Reks Tillersonu vəzifədən azad etdiyini və yerinə MKİ rəhbəri Mayk Pompeonu gətirdiyini açıqladı. Bu məsələ ilə bağlı söylənəcək və yazılacaq onlarla şey vardır. Ancaq ilk olaraq bu vəzifədən azadetmə hadisəsinin həm ABŞ siyasətinə, həm də Trampa olan təsirlərindən bəhs etmək faydalıdır.
“Strateq” “Hürriyet”ə istinadən yazır ki, Tillerson, demək olar 128 ildir, 1981-82-ci illərdə Aleksandr Heyqin istefasını və daha bir neçə nümunəni kənara qoyduqda, – Xarici İşlər Nazirliyində dörd ilini tamamlaya bilməyən nadir şəxslərdən biri halına gəlir. Xüsusilə hadisəyə 1945-ci ildən bu yana baxıldığında, bu, çox istisna bir hal olaraq qarşımıza çıxmaqdadır. Tramp vəzifəyə gəlməsindən cəmi 1,5 il keçməsinə rəğmən, təxminən 20-ci üst səviyyəli kadr dəyişikliyini etdi. Bu durum Endrü Cekson (Endrew Jackson) dövründən sonra, hardasa, bir ilkdir. Əslində, Trampın prosesə yanaşması və gerçəkləşdirdiyi kabinet dəyişiklikləri özü-özlüyündə bir tezis halına gələ biləcək xarakterdədir.
Tillersonun vəzifədən azad edilməsi hadisəsinə baxdıqda, hər kəsin üzərində durduğu bir qənaətdən və iki klişe fikirdən bəhs etmək lazımdır. Bunlardan ilki, keçmiş hərbçi olan Pompeonun öz sərt ifadələrilə, keçmiş biznesmen olan Tillersona görə, ABŞ xarici siyasətini daha da sərtləşdirəcəyi qənaətidir. Üzərində durulan ikinci nöqtə isə hərbçi Ceyms Mattisin idarəçiliyindəki Müdafiə Nazirliyilə Xarici İşlər Nazirliyinin əməkdaşlıq içində işləyəcəyi fikridir.
Açıq söyləmək lazımdırsa, ikisinin də doğru yanaşmalar olduğu qənaətində deyilik. Əslində Pompeo ABŞ xarici siyasətini sərtləşdirmək üçün deyil, hazırda sərtləşən xarici siyasət nəticəsində bu mövqeyə gəldi. Yəni, Pompeo siyasətləri dəyişmək üçün deyil, dəyişmiş siyasətlərin məhsulu olaraq vəzifəyə gəldi. Başqa sözlə, haqqında danışılan ehtimalların səbəbini yaratmaq üçün deyil, onların bir nəticəsi olaraq oraya gəldi.
Tramp son dövrdə atmış olduğu addımlarla qərarsız olan seçiciləri qazanmaqdan çox, onu hakimiyyətə gətirən seçici bazasını möhkəmləndirmək üçün sərt fikirlərini həyata keçirməyə başlayıb. Xüsusilə yeni çıxardığı vergi qanunundan sağlamlıq islahatına, polad və alüminium idxalında tətbiq ediləcək mövcud kvotalardan beynəlxalq anlaşmalaradək bir çox məsələdə ABŞ iqtisadiyyatını və buna bağlı olaraq da xarici siyasətini qapalı bir nöqtəyə gətirməyə başlayıb. Başqa sözlə, xarici siyasəti belə, ABŞ istehsalçısını və sənayesini inkişaf etdirmə tezisinə dayandıracaq bir nöqtəyə soxub. Nəticə etibarı ilə, Tillersonun ədalətli və balanslı xarici ticarət yanaşması Trampın daxili siyasətdə istifadə etdiyi ifadələrin davamı olmaqdan çıxdı. Beləliklə, bəhs etdiyim kimi, Pompeo bundan sonra sərtləşəcək xarici siyasətin deyil, onsuz da sərtləşmiş olan siyasətlərin bir simvolu olaraq vəzifəyə gəlmiş olub.
Pompeonun vəzifəyə gəlməsilə əlaqədar bir qeydi əlavə etməkdə fayda var. Xarici işlər nazirinin vəzifəyə gəlməsi üçün “50% + 1”, yəni, 51 senatorun səsi lazımdır. Hazırda 100 senatordan 51-i respublikaçı, 47-si demokrat, Anqus Kinq (Angus King) və Berni Sanders (Bernie Sanders) isə müstəqil olsalar da, demokratdan daha demokrat mövqeyə sahib olan demokrat əsilli şəxslərdir. Buna görə, Senatda 51-ə qarşı 49-luq bir balansdan söhbət edə bilərik. Səviyyənin “50-yə 50” olması halında isə ABŞ vitse-prezidenti Mayk Pensin (Mike Pence) bərabərliyi pozan səsi ilə Pompeonun xarici işlər naziri təyinatı yenə də təsdiq edilmiş olacaq. Lakin daha bir ehtimal mövcuddur: iki respublikaçı senatorun səs verməməsi Pompeonun xarici işlər naziri olmasını önləyə bilər. Ancaq bu ehtimalın mövcud olduğunu, çox güman ki, söyləmək mümkün deyil. Çünki Pompeo daha öncə, MKİ direktoru olaraq onsuz da eyni Senatdan səs almışdı.
Amma Pompeonun yerinə nəzərdə tutulan Cina Haspel (Gina Haspel) üçün vəziyyət bir az fərqlidir. Haspelin, bir çox sələfindən fərqli olaraq, MKİ-dən olması və təşkilatın ilk qadın direktoru olacağı onun üçün üstünlük və simpatiya yaradacaq amillərdir. Ancaq daha öncə, MKİ daxilində Məxfi Əməliyyatlar Xidmətinə rəhbərlik etməsi üçün namizəd göstərildikdə işgəncə tərəfdarı olması səbəbilə, Senatın Kəşfiyyat komitəsinin üzvü olan Diana Feynşteynin (Dianne Feinstein) vetosuna məruz qalaraq təsdiq ola bilməmişdi. Ona görə də bu vəziyyət Haspelin namizədliyinin təsdiq olunmasını, Pompeoya nisbətən, daha çətin bir hala gətirir.
Bu məlumatları verdikdən sonra gələk ikinci klişe fikrə – Pentaqonla Xarici İşlər Nazirliyinin artıq daha yaxşı işləyəcəyi yanaşmasına. Bu yanaşmanın səbəbi isə hər iki qurumun başında hərbçi keçmişi olan idarəçilərin olmasıdır. Ancaq mən, bu adi fikirin əksinə, Pentaqonla Xarici İşlər Nazirliyi arasında gərginliyin artacağı və daha böyük rəqabətin olacağı qənaətindəyəm. Bu düşüncəmin səbəbi isə olduqca aydındır. Tillerson dövlət ənənəsinə və xarici işlərinə çox da hakim olmayan, xarici işləri müəyyən nöqtələrdə Pentaqonun kölgəsində yürütmüş bir iş adamı idi. Ayrıca, nazirlikdə bir çox kadr təyinatını belə edə bilməməsi hər kəs tərəfindən bilinən bir məsələdir. Pompeo isə həm MKİ direktoru olması, həm də hərbi təcrübəyə malik olması səbəbilə, dövlətdə işləmiş və dövləti bilən bir fiqurdur. Hərbçi keçmişi olması səbəbilə də artıq Mattisə bərabər bir nazir olaraq, ABŞ siyasətində söz sahibi olacaq. Beləliklə, bu durum Mattis və Pompeo arasında əməkdaşlıq yaratmaqdan çox, hər iki şəxsin daha öncə işlətdiyi söz və ifadələrə də baxdıqda, onların Tramp üzərində təsir yaratma cəhdini və eqo mübarizəsini qarşımıza çıxarmasını gözlənilən hala gətirməkdədir. Başqa sözlə, Pompeonun təyin edilməsi halında daha gərgin, təzyiqi yüksək və bir çox nöqtədə toqquşmaya daha uyğun bir proses görmək mümkündür. Hələ qəraralma proseslərində çox ciddi mənada balanssızlıqlar olduğunu da nəzərə alsaq, bu proses ABŞ xarici siyasətini daha balanssız hala gətirə bilər.

Bu xəbər oxundu
- - -