Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Manat ucuzlaşacaq?

16.04.18, 12:06
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Tahir Mirkişili: “Buna təsir edə biləcək hər hansı bir risk görünmür”
Azər Badamov: “Rublun ucuzlaşması manatın məzənnəsinə təsir edə bilməz”

Rusiyada dollar və avronun bahalaşması prosesi gedir. Rubl sürətlə dəyərini itirir. Bu da Rusiyaya qarşı iqtisadi sanksiyalarla əlqələndirilir. Qeyd edək ki, Türkiyədə və Qazaxıstanda dollar bahalaşdı. Son zamanlar bu tendensiya ilə bağlı Azərbaycanda da narahatlıqlar yaranıb. Mətbuatda diollar və avronun kəskin bahalaşacağı ilə bağlı mnəlumatlar yer alır. Amma maraqlıdır ki, neft, xüsusilə də Azərbaycan nefti bahalaşdığı zaman manat niyə zəifləməlidir?
Onu da əlavə edək ki, Qərbin Suriyaya hücumundan sonra Azərbaycan nefti bahalaşıb və bu proses davam edir.
Amerikalı analitik Con Pol Smit isə Rusiya ilə bağlı növbəti proqnozunu açıqlayıb. O, 1998-ci ildə Rusiyanın iqtisadi böhranla qarşı-qarşıya qalacağını əvvəlcədən söyləmişdi. Analitikin sözlərinə görə, yaxın vaxtlarda Rusiyanı yaxşı heç nə gözləmir: “İnvestorlar rus rublunun qalxmasından həvəslənməməlidirlər. Bu, müvəqqəti xarakter daşıyır. Hazırda növbəti “soyuq müharibə”nin astanasındayıq. Gedən proseslər iqtisadi və siyasi cəhətdən Rusiyaya mənfi təsir göstərəcək”.
Qeyd edək ki, 1998-ci ilin əvvəlində Smit Rusiyada devalvasiya və iqtisadi böhranın baş verəcəyini demişdi. Həmin ilin avqustunda Rusiyanın daxili borcu 40 milyard dolları ötdü və rubl “üzən məzənnə”yə keçdi.
Manatın məzənnəsinin neft amili ilə əlaqəli olduğu hər kəsə bəllidir. Belə olan təqdirdə Azərbaycan nefti ilə bağlı hazırki durumu ekspertlər necə dəyərləndirirlər?
Enerji məsələləri üzrə ekspert İlham Şaban müharibə faktorunun neftin qiymətinə artıq təsir göstərməkdə olduğunu qeyd edib: “Müharibə amili neftin qiymətinə artıq təsir edib, özü də indi yox...Elə ki, cənab Tramp Twitter-də Suriya ilə bağlı bir cümlə yazdı və Rusiyaya da mesaj göndərdi ki, ağıllı raketlərlə gəlirik, qarşılayın. O saat dünya birjaları buna reaksiya verdilər və neftin qiyməti 70-i keçdi. Sonrakı günlərdə Böyük Britaniya və Fransanın da Suriyaya qarşı ABŞ-a dəstək olması xəbərləri özünü doğruldanda və artıq Kiprdəki hərbi bazalarda hücuma hazırlıqla bağlı məlumatlar təsdiqini tapanda, Brent markalı neftin qiyməti London birjasında 2014-cü ilin dekabrından bu yana ən yüksək qiymətinə - 72.99-a qədər yüksəldi. Cümə günü birjalar bağlananda qiymət bir qədər enərək 72.64 qiymətində stabilləşmişdi. Təbii ki, əgər aviazərbələrin endirildiyi an birjalar işləsəydi, o zaman bəlkə yeni maksimumlar qeydə alınardı.
Bazar ertəsi hər halda neftin qiymətinin azalmasına ümid etmirəm. Çünki Suriya böhranı aviazərbələrlə çözülmədi, daha da mürəkkəbləşdi, hazırda bazar iştirakçıları onun sonunda işıq yox, duman görürlər. Bu isə qiymətlərin yaxın günlərdə müəyyən diapazonda azalıb-artma ehtimalını gücləndirəcək. Çünki hər hansı bir mülayim bəyanat təbii ki, münaqişənin sülhə yönümündə ümidlər yaradacaq və bu da qiymətlərin aşağıya doğru istiqamət götürməsini sürətləndirəcək. Yox əgər bundan sonra hansısa terror aktı və ya yeni bir toqquşma olacaqsa, onda əks-proses bazarda öz sözünü deyəcək. Nəticədə neftin qiymətinin stabilliyi qısa müddət üçün olsa da pozulacaq. Bu isə bazar iştirakçıları üçün heç də arzu olunan məsələ deyil, ancaq bazardakı möhtəkirlər üçün böyük vəsaitlər əldə etmək yaxşı bir şansdır”.
Belə olan təqdirdə manatın ucuzlaşacağı iddialarının əsası varmı?
Millət vəkili Tahir Mirkişili bildirib ki, son günlər manatın xarici valyutalar qarşısında mövqeyinin guya zəifləyəcəyi ilə bağlı heç bir iqtisadi təhlilə əsaslanmayan informasiyalar yayılır. Onun sözlərinə görə, 2018-ci ilin 1-ci rübünün iqtisadi yekunlarını təhlil etdikdə bunun üçün heç bir əsasın olmadığı acıq aydıq görünür: “Belə ki, 1-ci rübün nəticələrinə görə ölkədə iqtisadiyyat 2.3% artıb, iqtisadiyyata 3.5 milyard dollar investisiya qoyulub. Ötən dövr ərzində valyuta ehtiyatlarımız 2,2 milyard dollar artaraq hazırda 44,2 milyard dollara bərabər olub. Xarici ticarət dövriyyəmiz 31%, ixracın həcmi isə 24% artıb. İnflyasiya birinci rübdə cəmi 4 faiz olmuş, əhalinin gəlirləri isə 10% artıb. Hazırda dünya bazarlarında Azərbaycan neftinin qiyməti 70dollardan yüksəkdir, dövlət büdcəsinin uğurla yerinə yetirilməsi üçün isə nəzərdə tutulmuş rəqəm 45 dollardır. Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycanın qarşısında heç bir iqtisadi və maliyyə çətinliyi yoxdur. Belə bir şəraitdə manatın ucuzlaşmasına təsir edə biləcək hər hansı bir risk görünmür”.
Millət vəkili Azər Badamov deyib ki, dünyada gedən siyasi oyunların sayəsində bir çox ölkələrin iqtisadiyyatlarına təsir halları baş veriib: “Belə ki, Rusiyaya tətbiq olunan iqtisadi sanksiyalar rus rublunun 12%-ə qədər ucuzlaşmasına gətirib çıxarıb”. Onun sözlərinə görə, rublun ucuzlaşması manatın məzənnəsinə təsir edə bilməz: “Çünki, rublun ucuzlaşması dayanmışdır və əksinə yenidən güclənməsinə istiqamətlənib. Bundan başqa Azərbaycan müstəqil ölkədir və ölkəni müstəqil şəkildə öz iqtisadi qanunları ilə idarə edir. Bu gün neftin qiyməti bahalaşmağa doğru istiqamətlənib. Bundan əlavə Azərbaycanda qeyri-neft sektoru inkişaf edir və bir sıra Azərbaycan məhsulları dünya ölkələrinə istehsal olunur. Bu istehsal olunan mallar isə dünya ölkələrinə satılır. Düzdür, ölkəmizdə istehsal olunan malların müəyyən hissəsi Rusiya bazarlarına göndərilir. Amma sahibkarlara Rusiya bazarları sərf etməsə ayrı ölkələrdə yeni bazarlar axtarıb tapacaq və istehsal olunan malları o ölkələrə satacaqlar. Cənab Prezident vaxtında deyib ki, biz yeni bazarları tapmalıyıq və bu gün Azərbaycanda istehsal olunan malların kifayət qədəri də müxtəlif ölkələrin bazarlarına ixrac olunur. Bütün bunları nəzərə alaraq düşünürəm ki, manatın məzənnəsində ucuzlaşma baş verməyəcək. Əksinə manatın güclənəcəyini düşünürəm".
“NIKOİL Bank”ın İdarə heyəti sədrinin müşaviri, maliyyə eksperti Cəlal Nağıyev diqqətə çatdırıb ki, Azərbaycanda manatın ucuzlaşması və xarici valyutaların məzənnəsinin artması üçün heç bir əsas yoxdur. Ekspertin fikrincə, manatın sabitliyini bir sıra amillər təmin edir: “İlk növbədə, Azərbaycanda daxili istehsalat artır. Sahibkarlar, xüsusən də kiçik və orta biznes nümayəndələri öz istehsalatlarının yaradılması və ya genişləndirilməsi istiqamətində biznes kreditlərin əldə olunması üçün daha tez-tez müraciət etməyə başlayıb”.
Ekspert əlavə edib ki, turizm sektorunun inkişafı hesabına ölkəyə daha çox xarici valyuta daxil olur: “Bunlardan başqa, iri qaz layihələrini də unutmaq olmaz. Bu layihələr orta perspektivdə ölkəyə xarici valyuta axınını təmin edəcək. “Əsrin müqaviləsi”nin uzadılması çərçivəsində xarici investorlar Azərbaycana on milyardlarla dollar investisiya qoyacaq, bonus qismində isə əlavə 3,6 milyard dollar ödəniləcək”.
O qeyd edib ki, daha bir amil neft qiymətləridir: “Azərbaycan nefti son 3,5 illik maksimumu yeniləyərək 74 dollara çatıb. Ona görə də hesab etmək olar ki, bu il dövlət büdcəsinin icrası ilə problem olmayacaq”. C.Nağıyev vurğulayıb ki, əhalinin milli valyutaya inamı da kifayət qədər yüksəkdir və artmaqda davam edir: “Bu ilin fevral ayının yekunlarına əsasən, ölkə banklarında milli valyutada əmanətlərin həcmi 2935,2 milyon manat təşkil edib ki, bu da 2017-ci ilin fevralı ilə müqayisədə 2 dəfə çoxdur. Bir il ərzində əmanətlərin həcmi 37,8 faizədək artıb”.
İqtisadçı-ekspert Fuad İbrahimov deyib ki, hazırda Azərbaycanda bu məsələ ilə bağlı narahatçılığa əsas yoxdur: “Birincisi ona görə ki, sadaladığımız ölkələrlə yanaşı, Azərbaycan da iqtisadi problemlərlə üzləşir. Azərbaycanın hazırki iqtisadi siyasətində dolların bahalaşması gözlənilmir. Bizim iqtisadiyyatın həcmi ilə sadalanan ölkələrin, yəni Rusiya, Türkiyə və Qazaxıstanın iqtisadi həcmini bərabərləşdirmək düzgün olmazdı. Üçüncüsü, ən vacib məqamlardan biri də odur ki, hazırda neftin qiyməti stabil olaraq qalıb. Azərbaycanın büdcəsinin həmin neft gəlirlərinə uyğunlaşdırılması hazırki vəziyyətdəki risklərdən bizi qurtarır.
Yəni idxal, ixrac əməliyyatlarından əmələ gələn balansımızda kəskin mənfi vəziyyət yaranmır. Bu da məzənnənin stabil saxlanmasına imkan verir. Bu problem yalnız o halda indiki vəziyyətdə yarana bilər ki, neftin qiyməti kəskin şəkildə aşağı ensin və məcburiyyət qarşısında qalıb məzənnəni ucuzlaşması istiqamətində buraxmalı olaq. Amma hal-hazırda bunu saxlamağa kifayət qədər imkan var . Düşünürəm ki, ən azı avqust ayına qədər manatın məzənnəsi 1.65- 1.80 dəhlizindən yuxarı getməməlidir...”.

Əli

Bu xəbər oxundu
- - -