Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Ölkə başçısının sərəncamı ilə həmin uyğunsuzluq aradan qaldırıldı”

20.04.18, 10:28
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Akif Nağı: “Bu məsələyə cəmiyyətdə sosial sifariş, tələb vardı”

Hikmət Babaoğlu: “Bu, Azərbaycanda hərbi vətənpərvərlik ruhunun daha da artmasına kömək edəcək bir qərardır”

İbrahim Rüstəmli: “Bu addım məsələnin maddi yükündən çox, mənəvi tərəfini önə çəkir”

Aprelin 19-da prezident İlham Əliyev Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında fərman imzalayıb.
Fərmanına əsasən 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların (bundan sonra – hərbi qulluqçuların) vərəsələrinə bu Fərmanla müəyyənləşdirilmiş qaydada 11.000 (on bir min) manat məbləğində birdəfəlik ödəmə veriləcək.
Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı bildirib ki, bu məsələ neçə vaxt idi gündəmdəydi: “Şəhid ailələri, Qarabağ veteranları, əlillər bu məsələni mütəmadi olaraq ictimailəşdirirdilər. Bu məsələnin iki tərəfi var idi. Birinci, şəhid olmuş insanların ailələrinə, ikincisi isə, həmin məbləğin 50 və ya 80 faizinin yaralanmış şəxslərə kompensasiya kimi ödənilməsi məsələsi idi. Yəni, bu məsələlər dəfələrlə qaldırılmışdı. Cəmiyyətdə “qanpulu” olaraq ifadə edilir. 1997-98-ci illərə qədər şəhid olmuş insanların, yaralanmış şəxslərin narazılığı var idi. Bu da haqlı narazılıq idi. Çünki o vaxt qəbul edilən qanun 1997-98-ci illərdən sonranı əhatə edirdi. Amma qanunun ondan əvvəlki dövrə təsiri yox idi. Məhz bu səbəbdən də həmin qanunda uyğunsuzluq yaranmışdı. Səbəbi də 1997-ci ildən sonra həlak olanların ailələrinə kompensasiya nəzərdə tutulduğu halda, ondan əvvəlki dövrdə şəhid olmuş, yaralanmış şəxslərə həmin qanunda diqqət ayrılmaması idi. Ölkə başçısının sərəncamı ilə həmin uyğunsuzluq aradan qaldırıldı”.
QAT sədrinin sözlərinə görə, adıçəkilən məsələyə cəmiyyətdə sosial sifariş, tələb vardı. Hakimiyyət də bu sosial tələbi eşitdi: “Bu çox yaxşıdır. İstərdik ki, hakimiyyət bundan sonra da cəmiyyətdən gələn səslərə, müraciətlərə diqqətlə yanaşsın. Biz demirik ki, hər məsələ elə həmin an həllini tapsın. Amma hər halda, bu cür məsələlərə diqqətlə yanaşılmalıdır. Şəhid ailələri və yaralananlarla bağlı yarımçıq qalmış hissələr var. Hesab edirəm ki, onlara da diqqət yetirilməlidir. Bunlardan da ən əsası yaralananların kompensasiyasının hökümət tərəfindən ödənilməsidir. 1997-ci ilə qədər yaralanmış şəxslərin də kompensasiyası sahiblərinə çatdırılmalıdır. Bəlkə də bu sərəncamın özü bir başlanğıcdır. Prezidentin ərazi bütövlüyümüz uğrunda həlak olmuş, itkin düşmüş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında fərmanı mənə elə gəlir ki, başlanğıcdır. Ola bilsin ki, bu məsələni hesablayıb nizama salacaqlar. Bu məsələ mütləq öyrənilməlidir. Bütövlükdə bu fərmanı müsbət addım hesab edirəm. Çünki cəmiyyətin tələbinə, istəyinə hesablanmış bir addımdır”.
Deputat Hikmət Babaoğlu deyib ki, Azərbaycanda xüsusi təbəqə hesab edilən şəhid ailələrinin problemlərinin həlli, onlara diqqət və qayğının göstərilməsi daim Azərbaycan Prezidentinin siyasətinin əsas prioritetlərindən birini təşkil edir: “Uzun müddətdir bu hərbi əməliyyatlar zamanı həlak olan və itkin düşən şəxslərin ailələri mövcud vəziyyətlə bağlı kompensasiya gözləyirdilər. Bu baxımdan Dövlət başçısının fərmanı təkcə bu kateqoriyadan olan insanların sosial problemlərinin həlli ilə bağlı deyil, eyni zamanda ölkəmizdə vətənpərvərliyin, mənəvi dəyərlərin yüksəlməsi, həmçinin hazırda sərhədlərimizi müdafiə edən əsgərlərimiz və onların yaxınlarının əhval-ruhiyyəsinin artırılması baxımından da əhəmiyyətlidir”.
Deputat bildirib ki, adətən bu tipli qərarlar seçki ərəfəsində alınır. Onun sözlərinə görə, lakin Azərbaycan Prezidenti məhz seçkilərdən sonra belə bir fərman imzalamaqla bir daha göstərdi ki, ölkəmizdə şəhidlərə və onların ailələrinə, Qarabağ veteranlarına olan münasibət hansısa kampaniya ilə bağlı deyil, ümumilikdə Dövlət başçısının, dövlətimizin məqsədyönlü, düşünülmüş və ardıcıl siyasətidir. “Düşünürəm ki, bu, Azərbaycanda hərbi vətənpərvərlik ruhunun daha da artmasına kömək edəcək bir qərardır. Hər şeydən öncə biz bilirik ki, bu qərarların arxasında maliyyə vəsaitləri şərti var. Əgər Azərbaycanın dövlət büdcəsi buna imkan verməsə, iqtisadiyyatımız inkişaf etməsə bu cür addımlar atmaq mümkün olmaz. Dünyada gedən iqtisadi böhranlara baxmayaraq, Azərbaycan Prezidentinin 2014-cü ildən sonra iqtisadi islahatlarla bağlı atdığı addımlar öz nəticəsini verib. Azərbaycanın büdcəsində kəsir yoxdur. Ölkəmizin büdcəsi bu cür problemləri həll edəcək qədər güclü büdcədir”, - deyə H. Babaoğlu qeyd edib.
Bu cür addımların Azərbaycanın təhlükəsizliyinin təmin olunması baxımından da vacib olduğunu deyən Milli Məclisin deputatı söyləyib ki, bütövlükdə bu qərar Azərbaycan prezidentinin xüsusi diqqət tələb edən kateqoriyaya aid olan insanlara olan münasibətinin bir daha göstəricisidir: “Bu həm də bundan sonra atılacaq addımların xəbərçisidir. O mənada ki, 2018-ci il prezident seçkilərindən sonra Dövlət başçısı seçilən İlham Əliyevin ilk fərmanı məhz sosial problemlərin həlli ilə bağlı oldu. Biz buna istinadən söyləyə bilərik ki, önümüzdəki 7 il müddətində bu vaxta qədər olduğu kimi sosial qayğıya ehtiyacı olan insanların problemlərinin həlli daima Azərbaycan Prezidentinin diqqət mərkəzində olacaq”.
Ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert İbrahim Rüstəmli deyib ki, Prezident İlham Əliyevin ərazi bütövlüyümüz uğrunda həlak olmuş, itkin düşmüş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı imzaladığı fərman hər şeydən əvvəl Ali Baş Komandan kimi tabeçiliyindəki hərbi qulluqçulara göstərdiyi diqqət və qayğının əsgəri nümunəsi, indiyədək ordu quruculuğu sahəsində atılan mühüm addımların davamıdır.
O bildirib ki, bu, mürəkkəb və gərgin vəziyyətlərlə xarakterizə olunan ordu müstəvisində müəyyənedici əhəmiyyət daşıyır: “Bu əhəmiyyət məsələnin maddi yükündən çox, mənəvi tərəfini önə çəkir və bir sıra məqamlara aydınlıq gətirir. Yəni, ilk növbədə döyüşən əsgərin etimadını qazanmaq, əgər bir tərəfdən daim onun yanında, səngərdə olmaq deməkdirsə, digər tərəfdən ölkənin milli maraqlarının qorunmasına, ərazi bütövlüyünün təminatına, suverenlik və müstəqillik kimi strateji dəyərlərə verilən önəmdir. Eyni zamanda, yürüdülən dövlət siyasətinin ana xətti haqqında dolğun təəssürat yaradan, gələcək prioritetlərin müəyyənləşdirilməsində müstəsna əhəmiyyət daşıyan, ordu və dövlət, ordu və xalq birliyini şərtləndirən mühüm sənəddir”.
“Fərmanın yeni prezidentlik dövründə ilk sənəd kimi imzalanması və tarixə düşməsi təsadüfi xarakter daşımır”, - deyən ekspert əlavə edib ki, indi o, dövlət başçısı və Ali Baş Komandan kimi fövqəladə statusları az qala eyni məxrəcdə birləşdirən, bununla da, siyasi iradəni əsgəri fədakarlıqla cilalayan mühüm vəhdət rolunu oynayır: “Bəzi məqamlarda məmur etinasızlığı ilə yadda qalan problemlərin qarşısına sədd çəkir, səlahiyyət sahiblərinə öz həddini və vəzifə borclarını tanıdır. Nəhayət, Silahlı Qüvvələrimizin nüfuz dairəsini daha da genişləndirir. Fərmanın hərbi vətənpərvərlik tərbiyəsi işində müstəsna rol oynayacağı danılmazdır. Çünki tətbiq sahəsinə görə cəmiyyətin mühüm qismini özündə ehtiva edir. Bu mənada xüsusilə yeni yetişən gənc nəslin ordu ilə bağlı düşüncələrində əhəmiyyətli təsirləri ilə yadda qalacaq. Silahlı Qüvvələrimizin vətənə, xalqa və dövlətə sədaqətli hərbi qulluqçularla komplektləşdirilməsinə təkan verəcək, müdafiə qüdrətimizin etibarlı özüllər üzərində qurulmasına əsaslı zəmin yaradacaq”.
İ. Rüstəmli qeyd edib ki, burada məqsəd ərazi bütövlüyümüzün təmin olunması, suverenliyimizin bərpası kimi strateji hədəflərdir: “Bu hədəflər həm də yad tapdağı altında qalmış torpaqlarımızı və o torpaqlar uğrunda öz həyatını qurban verənlərin, itkin düşənlərin haqqını qaytarmaq üçündür – xüsusilə, məzarsız qəhrəmanlarımızın ana südü kimi halal haqqını”.
Millət vəkili Aydın Mirzəzadə bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin andiçmə mərasimindən sonra imzaladığı ilk Fərman “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Fərman oldu: “Ölkədə təqribən 13 minə qədər bu statusda olan şəxs var. Büdcədən təqribən 100 milyondan bir qədər çox vəsait buna xərclənəcək”. Deputatın sözlərinə görə, cənab Prezidentin bu Fərmanı imzalaması şəhid ailələri və ona bərabər tutulan şəxslərin ailələrinin sosial vəziyyətinin daima diqqətdə saxladığına bir daha bariz nümunədir: “Qeyd edim ki, bundan əvvəl də bu insanlara böyük diqqət yetirilirdi. Onların dövlət hesabına mənzillə təmin edilməsi, övladlarının Ali məktəbdə təhsil haqqlarının ödənilməsi, sosial məsələlərinin yerli hakimiyyət orqanları tərəfindən daima diqqətdə saxlanılması və həll edilməsi bu qəbildən olan məsələdir. Prezidentin siyasətində ilk növbədə hər bir vətəndaşa əsasən də diqqətə ehtiyacı olan əsas təbəqəyə daima diqqət edəcəyi artıq gün kimi aydındır. Məhz bu fəaliyyətdir ki, seçkidə cənab Prezident 86 faizə qədər səs toplaya bildi. İqtisadiyyatın güclənməsi, təhlükəsizliyimizin təmin edilməsi, sosial məsələlərlə ciddi surətdə məşğul olmağa imkan verir. Dünəki Fərman bir daha göstərdi ki, Azərbaycan dövləti öz vətəndaşının qayğısına qalır və büdcəyə gələn gəlirlər artdıqca bundan da böyük addımlar atılacaqdır”.

Əli

Bu xəbər oxundu
- - -