Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“İrəvanda siyasi vəziyyətin kritik olması göz qabağındadır”

23.04.18, 11:33
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Vasif Əfəndiyev: “Avropa İttifaqı müxalifətə qarşı təzyiqlərə son qoymağı və həbs olunanların azadlığa buraxılmalarını tələb edir”


Ermənistanda vəziyyət günü gündən gərginləşir. Tələbələr, müəllimlər, həkimlərlə yanaşı hərbçilər də hərbi hissələri tərk edərək aksiyaya dəstək verirlər.
Politoloq Rasim Musabəyov deyib ki, Ermənistanın keçmiş prezidenti və yeni baş naziri Serj Sərkisyan qan tökməsə və bütün Ermənistanı özünə qarşı qaldırmasa vəziyyəti hansısa bir şəkildə nəzarətdə saxlamaq imkanları var. Politoloqun sözlərinə görə, Sarkisyan qan töksə onun vəziyyəti çətin olacaq: "Nə olub-olmayacağını demək çətindir. Sabah onlar qondarma erməni soyqırımını qeyd edəcəklər. Beləcə küçələrə yüz minlərlə adam çıxacaq. Bunun cilovlanması, tədbirin hansı şəkildə həyata keçiriləcəyini söyləmək bir qədər çətindir.
Ermənistanda qondarma erməni soyqırımınının qeyd edilməsi beynəlxalq ictimaiyyətin marağında deyil. Çünki hər kəs öz işi ilə məşğuldur. Onları daha çox indiki Ermənistan narahat edir və maraqlandırır. Beynəlxalq ictimaiyyəti 100 il bundan öncə olub-olmayan hadisələr maraqlandırmır".
Politoloq Vasif Əfəndiyev deyib ki, Nikol Paşinyanın həbsi qızışmış ehtirasları söndürə bilməyəcək: “Prosesi yalnız repressiyalar dayandıra bilər”. Onun sözlərinə görə, dünən gecə meydanda nümayişçilərin sayının 200 min nəfərə çatdığı bildirilir: “İrəvanda siyasi vəziyyətin kritik olması göz qabağındadır. Avropa İttifaqı müxalifətə qarşı təzyiqlərə son qoymağı və həbs olunanların azadlığa buraxılmalarını tələb edir. Hələlik bəzi parametrlərə görə Paşinyan doğru yoldadır. Cəsarətlidir, istəklidir, xalqın dəstəyini əldə edə bilib, Qərb ona qarşı sorumsuz deyil. Serj Sarkisyan Paşinyana görüş təklifi edərək xalqı sakitləşdirməyə çalışdı. Daha doğrusu xalqa nümayiş etdirmək istəyirdi ki, inandıqları lideri ayağına gətirib ram edəcək. Fürsətdən yararlanıb siyasi gediş edərək danışıqdan öncə kamera qarşısına çıxdı. Paşiyan isə Sarkisyanın məkrini anlayıb onunla yalnız istefa mövzusunu müzakirə edəcəyini bildirdi. Sarkisyan pərt vəziyyətdə 3 dəqiqədən sonra görüşü tərk etdi. Bundan sonra Paşinyanı həbs edərək öz gücünü nümayiş etdirməyə çalışsa da onu azadlığa buraxmağa məcbur olacaq.
Ermənistanın elm adamları etiraz əlaməti olaraq kütləvi şəkildə fəxri adlardan imtina kampaniyasına başlayıblar. Kilsə nümayişçilərlə güc strukturları arasında sipər rolunu oynayır. Ermənistandan “məxməri inqilab” qoxusu gəlir. Prosesi yalnız repressiyalar dayandıra bilər. Sarkisyan buna gedəcəkmi, yoxsa xalqın təzyiqinə davam gətirməyərək istefaya gedəcək? Yaxın həftələrdə hər şey aydın olacaq. Xalq ayaqlanmaları repressiv yolla yatırılacağı təqdirdə yay aylarında daha güclü və qarşısı alınmaz proseslər gedəcək. Nəticə olaraq bir fakt var. O da Ermənistanda dəyişikliyin olacağı şübhəsizdir. Nikol Paşinyan Ermənistanın Saakaşvilisi ola biləcəkmi?”
Deputat Zahid Oruc isə hesab edir ki, indi baş verən hadisələrin kökü çox əvvəllərdən gəlir: “Tarixin ironiyasına baxın, o vaxtlar Razdan meydanında üçrəngli bayraqları qaldıran Qarabağ hərəkatının liderləri 16-cı Lüdoviki devirən yakobinçilər kimi tiraniya rejiminə qarşı dirənişin simvoluna çevrilmişdilər. Xankəndində “Miatsum” şüarları ilə başlayan separatizm bir göz qırpımında genişlənib milli-azadlıq hərəkatı ilə çulğaşdı və vahid erməni məsələsinin tərkib hissəsinə döndü.Serj Sarkisyan hərbi karyerasını onda hələ təzəcə başlayırdı. Çox sonralar Koçaryanla birgə sovet-rus tankları üzərində zəbt olunan böyük Azərbaycan əraziləri Ermənistanda hakimiyyət məsələsini özündən asılı edərək, indi İrəvan küçələrində yaşanan vətəndaş itəatsizliyinə yol açdı.
Tarix təkrar olunur-bu dəfə absurd və fars şəklində.Çauşeskini edam kötüyünə aparanlar-inqilabçı demokratlar-fərq etməz, onlar sosialist ölkələrinin hansı bucağına səpələnmişdilər-indi özləri Robespyer kimi məşhərin bir addımlığındadır. Lakin əsas mənzərə odur ki, son 30 ildə erməni xalqını buxovda saxlayan Qarabağ məngənəsi cəmiyyətin sosial-siyasi ayaqlarından daş kimi asılıb onları geriyə dartdıqca,yeni nəslin milli-vətənpərvərlik idealları daha da sarsılır və onlar atalarının ələ keçiridikləri torpaqlar naminə ölmək,yaxud ölkədaxili köləlik rejimində yaşamaq fikrində deyillər. Belə bir mənzərə keçmişdə yaranmışdımı? Bəli,özü də 2 dəfə. Koçaryan rejimi ayağa qalxıb şərqşünas prezidenti devirəndə hamı onu alqışlayırdı,çünki azəbaycanlılarla səngərin qəhrəmanları avtomatik olaraq,birinci kürsüyə əsas namizəd idilər.Sarkisyan da eyni texnologiyadan istifadə etdi”.
Zahid Oruc deyib ki, Ermənistan hakimiyyəti etirazları səngitmək üçün cəbhə xəttindən yanlış xəbərləri dövriyyəyə buraxır: “İndi İrəvan küçələrində gedən nəyin davasıdır?İki cəbhədə vuruşmaq üçün ermənilərin resursları yetərlidirmi,yaxud ənənəvi türk-azərbaycanlı təhlükəsi qarşısında milli birliyə üstünlük verib özünü Baş nazir elan edən adamın təbəələyini qəbul etmək sərfəlidir,yoxsa,təzədən səngərə qayıdıb əbədi düşmənlərinə atəş açmaq məqsədəuyğundur.Etiraf edək ki,çox çətin suallardır. Antiərazi, antimilli, antidemokratik şəraitdə yaşamaq bir xalq üçün demək olar,qeyri-mümkün görünür. Necə yəni, tanklar Ağdərədən çıxıb getsin hökumətin müdafiəsinə və nəticədə yaranmış fürsətdən Bakı istifadə edib hücuma keçsin?
Şantaj hakimiyyətlərin əbədi alətidir.İnsan resursunu və mənəvi limitini tam tükətmiş rejimlərin yeganə çarəsi xalqı barıt qoxusu ilə qorxutmaqdır.Fikir verin, erməni müdafiə naziri Vihen Sarkisyan inqilabçı ata-anaları səngərdəki oğlanları ilə hədələyir və generalitetin daxildə-arxa cəbhədə sabitlik tələb etdiyindən danışır.Sən demə,əlləri tətikdə olan balalar Ali Baş komandanın dürüstlüyünə,vicdanına və liderliyinə o qədər arxayındılar ki, paytaxt qarışıqlığına başı qarışan sərkərdənin enerjisini, vaxtını,gücünü ona yönəltmək xəyanət imiş.Açıq şəkildə silahlı qüvvələrin siyasətə qarışması və mitinqləri qanla boğmaq mesajı effekt vermədiyindən Azərbaycan ordusun cəbhə xəttində hərbi texnika və əskəri sayını kəskin artırmasına dair peyk görüntüləri dövriyyəyə buraxılıb.
Rəsmi Bakının verdiyi operativ təkzib aksiyaçıların xeyrinə işləsə də, ”vətənin keşiyində” duranların əliylə təxribat törədərək, miniaprel müharibəsi ssenarisi hər vəchlə hökumətə yaxın informasiya vasitələrin gündəmini zəbt edib.Necə? Çox sadə.Bako Saakyanın əliylə təşkil olunan “artsax xalqı” ayağa qalxır və Nikol Paşinyanı hər cür satqınlıqda lənətləyib bir vaxtlar tonqala atılan adaşı Nikolay Kopernikin aqibətini ona yaşatmağı tələb edirlər.Əks halda Allah bilir,Cıdır düzündə Tiqranın varisləri hansı hoqqalara əl atacaqlar.Kimsə deyəcək,nə edə bilərlər kiçik bir adada?Yox,cinin canı şüşədə olduğu kimi, İrəvanda istənilən prezidenti Qarabağ “xalq”ı seçmədən ona xeyir-dua vermək olmaz.Birin mindən güclü olması buna deyərlər.Yoxsa, Sarkisyanı devirməyə qalxan xalqa görk üçün onu gətirib Xankəndində hərbi formada təzədən köhnə vəzifəsinə qaytaracaqlar.Onda neynəcək “marselyoza” oxuyan azadlıqsevərlər?”
Deputatın fikrincə, Ermənistan London səfirini president seçəndə məqsədləri geopolitok ayrıcılıqla hakimiyyəti iki yerə bölmək idi:
“Bəs, Gümrü hərbi bazasının səbri nə vaxta qədər çatacaq və rus qoşunlarının, lap elə Bakıya tuşlanan İskəndər raketlərinin kölgəsində Şərəf inqilabına qalxanları boğmaq 24 apreldə dünyadan rəhm uman bir millətin həqiqi genosidə uğrmasına yol açmayacaqmı? Söhbət heç müdaxilə baş verərsə, itkilərin yüzlərlə olmasından getmir, amma 200 ildir rus süngüsünün güvənci altında yaşayan bir xalq sonra hansı ideologiyanın qanadı altına girəcək? Elə bilirsiz, Avropa Birliyinin indi verdiyi həyəcandolu raportlar axırda gətirib Poroşenko kimi birisinin taxt-taca əyləşməsi ilə nəticələnəcək? Hər halda belə cəfəng ssenariyə yalnız sadəlövhlər inanar. Onsuz da hakim partiya yaradıclıq edib London səfirini prezident qoyanda məqsədləri hakimiyyəti geoplotik ayrıcılıqla iki yerə bölmək idi-qoy Armen Brüsseli təmsil etsin,Serj də Moskvanı.
Belə şəraitdə Bakı Ermənistanda hakimiyyət dəyişikliyinə təsir edə bilərmi? Yəqin,ilk ağlınıza gələn xüsusi xidmət orqanları vasitəsilə aparılan gizli əməliyyatlar olacaq,lakin söhbət iki cəbhədə-daxildə oliqarxiyaya, xaricdə Azərbaycana qarşı döyüşən erməniləri parçalamağa qadir olan planın işlənməsindən gedirsə,onda düşünməyə dəyər.Axı əvvəldə dedik,əgər 90-cı illərin səhra komandirləri erası bitirsə və Seyran Ohanyan,onun işğalla yüksələn general dostları kimi nəhayətdə,baş komandir taxtından düşürsə,onda alternativ hansı partiya Putinin xeyir-duası üçün Kremlə çağrılcaq?”
Zahid Oruc vurğulayıb ki, Ermənistan hakimiyyətində qüvvələr nisbəti dəyişdiyi üçün mərkəzdənqaçma tendensiyası güclənəcək:
“Hər halda hazırki Baş nazirin parlamentli modelə keçən kimi qüvvələr nisbətinin dəyişəcəyi və mərkəzdənqaçma tendesiyasının güclənəcəyi bəlliydi. Lakin ölkəyə on illik rəhbərliyi dövründə yarım milyon insanı evindən didərgin salan və tam təcridə məruz qoyan adamın erası başa çatsa,daha güclü rəhbər-söhbət heç arxasında Qarabağ klanının durmasından getmir, ya da demokratik imicli birisindən də danışmırıq, onda regionda və cəbhədəki durum dəyişəcək.
Əgər Bakı Sarkisyan soyadlı bir xalq qatilini-öz millətinə genosid edən şəxsi ümumerməni ideallarının tərksilahında davam etməsini istəyirsə, müxtəlif tədbirlər həyata keçirə bilər. 90-cı illərin Bakısının mənzərəsini gözləriniz önündə canlandırın, “torpaqları vermərik” şüarı altında milyonlarla insan sinxron olaraq paralel müstəvilərdə hərəkət edib Razdanın millətçi və işğalçı kükrəyişlərinə cavab reaksiyası kimi meydana çıxmışdı.Lakin sonralar sabitlik tamam pozulanda Qarabağ Bakının siyasi havasını qarışdırdı və prezidentlərin dayanıqlığı səngərdən asılı qaldı. İndi Xankəndinin cəbhəsi parçalanıb və öz sehrli qüvvəsini paşinyanlara göstərmək üçün yollar arayır. Əgər mərkəzdə dumandırsa, ucqarda fırtına qopacağına şübhə yoxdur!”

Bu xəbər oxundu
- - -