Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Sərkisyan istefa verdi

23.04.18, 13:40
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Ermənistanın baş naziri vəzifəsindən istefaya getməsi ilə bağlı bəyanat yayıb. Bəyanatda deyilir: “Əziz həmvətənlər. Ermənistan Respublikasının bütün vətəndaşlarına - yaşlı nəslə və gənclərə, qadınlara və kişilərə müraciət edirəm. Gecə-gündüz “Serjdən imtina et!” çağırışı ilə küçələrdə dayananlara və öz borcunu yerinə yetirmək üçün çətinliklə iş yerinə çatanlara müraciət edirəm. Günlərlə canlı efiri izləyənlərə, ictimai təhlükəsizliyi təmin edənlərə müraciət edirəm. Sərhəddəki mərd döyüşçülərə və zabitlərə, öz silah yoldaşlarıma, partiyadaşlarıma, bütün siyasi qüvvələrə və xadimlərə müraciət edirəm. Sonuncu dəfə ölkə rəhbəri kimi müraciət edirəm. Nikol Paşinyan haqlı idi. Mən yanıldım. Yaranmış durumda bir neçə qərar var, lakin onların heç birinə getməyəcəyəm. Bu, mənə görə deyil. Mən ölkə rəhbəri – Ermənistanın baş naziri vəzifəsini tərk edirəm. Mənim baş nazirliyimə qarşı küçə hərəkatına üz tuturam – mən sizin tələbinizi yerinə yetirirəm. Ölkəmizə sülh, harmoniya və məntiq arzulayıram. Təşəkkür edirəm”.
Maraqlıdır Sərkisyanın istefası Ermənistanda gərginliyi azaldacaqmı və yeni baş nazir bölgədə sülhün yaranması, Ermənsitanın konstruktiv mövqe nümayiş etdirməsi üçün rol oynaya bilərmi?
Siyasi şərhçi Elman Cəfərli bildirdi ki, Serj Sərkisyanın baş nazir vəzifəsindən istefası Ermənistanda gərginliyi azaltmayacaq. Onun sözlərinə görə, əksinə, ölkədə siyasi böhran davam edəcək: “Çünki prezident üsul idarəsindən fərqli olaraq parlament üsul idarəsi sürüşkəndir. Sabitliyə hər zaman təhlükə yarana bilər. Keçid hökumətinə yəqin ki, karapetyan rəhbərlik edəcək. Müxalifətin tələbinə uyğun olaraq 20 günə seçki keçirilməlidir. Seçkilərdə Paşinyanın təmsil etdiyi blok qalib gəlsə belə, Qarabağ klanı boş dayanmayacaq. Bu klan güclüdür və hakimiyyətə təsirini saxlayacaq. Ermənistanda təxminən Moldovadakı vəziyyət yaranacağı gözlənilir”.
Politoloq Zaur Məmmədov isə bildirdi ki, Sərkisyanın istefası mitinqlərin zəifləməsinə gətirib çıxara bilər. O əlavə etdi ki, Sərkisyanın hakimiyyətdən getməsinin əsas səbəbi xalq hərəkatı idi: “Cəmiyyətdə Serj Sərkisyanı dəstəkləyən heç kim yox idi. Polisdən tutmuş hərbçilərə, eyni zamanda həkimlərə müəllimlərə qədər hamı onun istefasını tələb edirdi ki, bu da baş verdi”.
Politoloq, millət vəkili Rasim Musabəyov deyib ki, biz baş verənləri mətbuat və internet üzərindən müşahidə edirik: “Ermənistan hakimiyyəti demokratiyadan çox dəm vururdu, indi buyurub onun əziyyətini çəksinlər. Baş verənlərin altından çıxmaq çətin idi. Serj Sərkisyan güc tətbiq etmədən bu prosesin altından çıxa bilməzdi. Amma güc tətbiq edəcəyi və qan tökəcəyi təqdirdə özü çətin vəziyyətə düşəcəkdi. Bu halda erməni xalqı qalxıb Sərkisyan komandasını süpürərdi. Bir hərbi hissənin və ya camaatın üzərinə göndərilən polislərin müəyyən hissəsinin camaatın tərəfinə keçməsi bəs edərdi ki, qan tökülsün. Bu böyük qan olardı və Sərkisyanın buna cəsarəti çatmazdı. Bu halda başını götürüb Ermənistandan qaçmalı olardı. Ya da böyük qan tökmədən, fövqəladə vəziyyət elan edərək camaatı dağıtsa, bundan sonra qələt edib deyə bilərdi ki, Ermənistan demokratik və sivil ölkədir. Bu halda da hakimiyyətini itirəcəkdi. Bütün variantlarda Sərkisyan bu vəziyyətdən böyük itkilərlə və məhv olaraq çıxmalı idi”.
O, əlavə etdi ki, yeni hakimiyyətin bizə nə istisi, nə də soyuğu var: “Sadəcə olaraq, Sərksiyan Qarabağ danışıqları prosesinin içində olan adam idi. O, getməsəydi, qısa müddətə danışıqlar bərpa oluna, çıxış yolu tapıla bilərdi. Sərkisyan getdiyi üçün yeni hökumət formalaşacaq, sonra deyəcəklər, parlament saxta seçilib, yeni seçkilər keçirilməlidir. Yeni hökumət danışıqlar aparmaq və məsuliyyətli qərarı verməyə hazır olmayacaq. Bu zaman da Azərbaycanın ordudan istifadə etməkdən savayı ayrı əlacı qalmır”.
Türkiyənin Kayseri şəhərində yerləşən Ərciyəs Universitetindəki Ermənişünaslıq bölümünün başqanı, professor Qafar Çaxmaqlı deyib ki, Serj Sərkisyanın istefa verməsi vəziyyəti daha da gərginləşdirəcək: “Ortaya yeni siyasi və xaotik durum çıxır. Əgər qərbyönlü qüvvələr hakimiyyəti ələ almağa çalışsalar o zaman vətəndaş müharibəsi qaçılmazdır. Yerli xalqla Qarabağ erməniləri arsında gərginlik də ola bilər. Onun yerinə yeni bir Rusiyayönlü adamı, konkret olaraq Qaqik Tsarukyanı hakimiyyətə gətirmək istəyəcəklər. Bu isə daha böyük narazılıqlara yol açacaq. Biz bu fürsəti dəyərləndirməliyik”.
Onun fikrincə, biz hər ehtimala qarşı bu prosesləri izləməliyik: “Çünki Ermənistandakı proseslərə bizim təsir imkanlarımız yoxdur...”.
Politoloq Əli Qənbərli dedi ki, Ermənistanda bir həftədən artıqdır ki davam edən aksiyaların əsas məqsədi Sarkisyanın vəzifəsindən istefa verməsi ilə əlaqədardır: “Artıq bu gün aksiya iştirakçıları məqsədlərinə nail oldular. Ermənistanın hazırkı vəziyyəti daha mürəkkəbdir və proseslərin hansı məcrada inkişaf edəcəyini öncədən proqnozlaşdırmaq çətindir. Çünki bildiyiniz kimi Ermənistan artıq parlament üsul idarəsinə keçib. Onların yeni prezidenti faktiki olaraq siyasi proseslərə təsir etmək imkanına malik deyil. Amma bir şeyi öncədən demək olar ki Ermənistanda demokratiya təzahür etdi bu proseslərlə, yəni xalqın proseslərə real təsiri nəticəsini verdi.Bundan sonra da düşünürəm ki Ermənistanda müvəqqəti keçid höküməti qurula bilər və yeni seçkilər keçirilə bilər”.
Siyasi şərhçi Əli Orucov isə dedi ki, Sarksiyan istefası Ermistanı və ermiləri böyük təhlükələrdən, qarişidurmadan, münaqişədən xilas etdi: “11 günlük davamlı etiraz kasiyaları baş naziri mövqeyində çəkilməyə məcbur etdi. Sarkisyanın istefasını şərtləndirən əsas amillərdən biri də Kremlin dəstəyini ala bilməməsidir. Əgər o gücə əl atsaydı əks təsirlə qarşılaşa bilərdi ki, bu da onun üçün çox ağır nəticələrdi. Bu addımı ilə Sarkisyan ölkəsini həm daxili və xarici təhlükələrdən qurtarmaqla yanaşı demokratik imic formalaşdırmaq istədi. Amma baş nazirin istefasının Dağlıq Qarabaş münaişəsinin həllinə müsbət təsir göstərəcəyinə inanmıram. Əvvəla ona görə ki, Ermənistanda kim hakimiyyətə gəlirsə gəlsin, işğalçılıq siyasəti yürüdülən ana xəttdir və dəyişmir. Levon ter Petrosiyandan tutmuş Koçaryan və Sarksiyan hakimiyyətləri dönəmində heç nə dəyişmədi. Əksinə Koçaryan və Sarksiyanın dönəmlərində sülh prosesi dala dirəndi və fakstiki fiaskoya uğradıldı. İkincisi Ermənistan parlamentar respublikadır və 131 nəfərlik parlament üzvlərinin xeyli hissəsi bu və ya digər şəkildə Azərbaycana qarşı həyata keçirilən hərbi əməliyyatlarda iştirak ediblər. Belə olan halda parlament buna imkan verməz”.
"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib ki, Ermənistan cəmiyyətinin qatil Serj Sərkisyandan qurtulması bölgədəki durumu dəyişir. Onun sözlərinə görə, bundan sonra Rusiya və Qərb Ermənistanda yeni lider uğrunda mübarizəyə başlayacaqlar: “Ancaq yeni gələcək baş nazir Rusiya və Qərb arasında manevr etmək imkanında deyil. Ermənistan Rusiyanın təsir dairəsindədir. Kreml Sarqsyanı qorumaq istəmədi, ancaq bu o demək deyil ki, Ermənistandan imtina etmək fikrindədir. Rusiya ya Sarqsyanın yerinə öz adamını oturtmağa çalışacaq, ya da yeni baş naziri "Rusiyasız hərəkət edə bilməzsən" reallığını qəbul etdirməyə çalışacaq. Buna baxmayaraq, Qərb də yeni baş nazir uğrunda mübarizəyə başlayacaq".
Politoloqun fikrincə, rəsmi Bakı da ciddi götür-qoy etməlidir: "20 ildir Ermənistan Köçəryan-Sərkisyan girovluğunda idi və bu şəxslər işğalı həyata keçirənlərdir, heç zaman münaqişənin sülh yolu ilə həllinə yaşıl işıq yandırmayacaqdılar. Necə ki, yandırmadılar. İndi Ermənistanda hakimiyyətə yeni gələnlərə Bakıdan mesaj yollamalıdır ki, əgər işğaldan vaz keçsələr və ədalətli sülhə razılaşsalar, bu Ermənistanın da xeyrinədir".
Dağlıq Qarabağın Azərbaycanlı İcmasının sədri, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov isə Serj Sarkisyanın istefasına sevindiyini bildirib: “Gözümüz aydın olsun! Bəlkə bundan sonra erməni xalqı azadlığa çıxar. Ermənistada baş verən bütün prosesləri çox gözəl dəyərləndirirəm. Çünki Serj Sarkisyanın Ermənistanda ermənilərin başına açdığı oyunlar hər kəsə məlumdur. Onlar çox zülüm çəkdi. Eyni zamanda, Sarkisyan bizim Ermənistanla olan düşmənçiliyimizi dərinləşdirdi, sülh şəraiti yaratmadı. O, işğal altında olan torpaqlarımıza geri qayıtmağa imkan vermədi”.
Bayram Səfərov qeyd edib ki, Serj Sarkisyanın istefası Azərbaycanın xeyrinədir: “Sarkisyan Azərbaycan xalqının düşmənidir. Xocalı soyqırımı zamanı şəhidlərimizin qanının axmasına səbəb olan biridir. Düzdür, Sakisyanın yerinə də erməni təyin olunacaq. Amma ağıllı erməni olsa, millətinin qədrini biləcək və 21-ci əsrdə sülhün vacibliyini dərk edəcək. Onlar bizim ata-baba torpaqlarımızdan gözlərini çəkməlidirlər ki, biz də onlara kömək edə bilək”.
Müsahibimiz bundan sonrakı Qarabağ danışıqları ilə bağlı da fikirlərini bölüşüb: “Mən həmişə ümidlə yaşayıram. Çünki mən Qarabağa, Şuşama getmək istəyirəm”.

Əli

Bu xəbər oxundu
- - -