Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Ermənistanda maraqlı hadisələr hələ qabaqdadır”

25.04.18, 8:53
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Elxan Şahinoğlu: “Məxməri inqilab davam edəcək”

Akif Nağı: “Vəziyyət vətəndaş müharibəsi həddinə gəlib çata bilər”

Aydın Hüseynov: “Sarkisyan Azərbaycan xalqı ilə yanaşı, ermənilərə qarşı da cinayətlər törədib”

Ermənistanda gərginlik davam edir. Ekspertlər hesab edirlər ki, Sərkisyanın istefası heç nəyi həll etməyəcək. İrəvanda gərginlik, hakimiyyət böhranı davam edəcək.
Qeyd edək ki, aprelin 23-də Ermənistanın baş naziri Serj Sarkisyan istefa verib. S.Sarkisyanın baş nazir seçilməsinə qarşı etiraz aksiyaları aprelin 13-dən İrəvanda müxalif deputat Nikol Paşinyanın rəhbərliyi ilə başlayıb.
Politoloq Elxan Şahinoğlu deyib ki, ABŞ Dövlət Departamentindən Ermənistandakı hadisələrlə bağlı maraqlı açıqlama yayınlanıb. Departamentin rəsmisi Hezer Hauert Ermənistanda tərəfləri konstuktiv dialoqa çağırıb. Amerikalı rəsminin sonrakı cümləsi diqqəti cəlb edir: “Ermənistanda sülh yolu ilə hakimiyyətin ötürülməsi Ermənistan Konstitusiyasına əsaslanmalıdır və biz Ermənistanın yeni hökuməti ilə dialoqa açığıq”. Bu cümlənin qayəsi sonuncu hissədədir”. Onun sözlərinə görə, Vaşinqton Ermənistanda hələ yeni hökumət qurulmadan köhnə-yeni hökuməti aşırmağa çalışan yeni qüvvələrin legitimliyini dəstəkləyib. E.Şahinoğlu əlavə edib ki, Ermənistanda maraqlı hadisələr hələ irəlidədir: “Nikol Paşinyan Serj Sərkisyanı istefaya məcbur etdi. Ancaq bu hələ birinci mərhələnin sonudur. Ermənistanda məxməri inqilab davam edəcək. Paşinyan da bunda israrlıdır. Bizi işğalçı dövlətdə növbəti gərgin mərhələləri seyr etməliyik”.
Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı bildirib ki, Ermənistanda narazı xalq yeni prezident Armen Sərkisyanı və köhnə prezident Serj Sərkisyanı qəbul etmir, Ermənistanda kəskin siyasi hakimiyyət böhranı yaranıb. Onun sözlərinə görə, hazırda da Ermənistanda gərgin vəziyyət davam edir və qarşıdurma ortadadır: “Bu proses tez başa çatan bir proses deyil və hərtərəfli iddialıdır. Müəyyən xarici qüvvələrdə həm hakimiyyət, həm də müxalifət tərəfdə dayanır. Kütləvi aksiyaların keçirilməsi təbiidir. Çünki əhalinin içərisində böyük narazılıq var. Ona görə də Nikol Paşinyan Serj Sarkisyanın istefasına nail oldu. Uzun müddət idi ki, Sarkisyan Ermənistandakı xalqın iradəsinin ziddinə olaraq yenə də hakimiyyətdə qalmaq istəyirdi. Ümumiyyətlə bu məsələlər heç zaman öz həllini tapa bilməyəcək. Yəni artıq Paşinyanda Ermənistanda baş nazirlik postuna iddialıdır. Təbiidir ki, hakim Respublika Partiyasını və onun nümayəndəsi Karen Karapetyan da geri çəkilmək istəməyəcək. Sarkisyanın da qüvvələri öz istəklərində təkidlidirlər. Bir sözlə, mürəkkəb bir situasiya yaranıb. Eyni zamanda Ermənistan həm də Qərblə Rusiya arasındakı qarşıdurmanın meydanına çevrilib. Qərb Ermənistanda öz təsir imkanlarını artırmağa çalışır. Rusiya da çalışacaq ki, Sarkisyan olmasa da yerinə kim gələcəksə o rəsmi Kremlin maraqlarını təmin etsin. Ola bilər ki, Ermənistandakı vəziyyət silahlı qarşıdurma, vətəndaş müharibəsi həddinə gəlib çatsın”.
Millət vəkili Elman Məmmədov deyib ki, Azərbaycanda və Ermənistanda eyni ayda keçirilmiş seçkilərin nəticələri bu ölkələr üçün tam fərqli perspektivlər yaratdı. Onun sözlərinə görə, Azərbaycan Ermənistanla müqayisə edilə bilməz: “Çünki Ermənistan seçkilərə tam saxtakarlıq şəraitində getdi. Məsələn, iqtisadi, siyasi böhran, hərcmərclik, saxtakarlıq, siyahıda olan seçicilərin yarısından çoxusu belə heç Ermənistanda yox idi və s. Belə bir vəziyyətdə Ermənistan seçkilərə gedirdi. Bəs gəlin görək, Azərbaycan hansı şəraitdə seçkilərə gedirdi? Azərbaycan beynəlxalq aləmdə nüfuz qazanmış bir ölkə kimi, güclü iqtisadiyyata malik bir ölkə kimi, daxili stabilliyin, sabitliyin tam təmin olunması vəziyyətində olan bir dövlət kimi, xalq-iqtidar birliyinin güclü özünü göstərdiyi bir ölkə kimi, güclü orduya malik bir ölkə kimi və şəffaf, demokratik seçki keçirmək üçün bütün hüquqi əsasları olan ölkə kimi seçkilərə getdi. Bunların müqayisədi belədir. Seçkilərin nəticələri də bu dediklərimi təsdiq etdi.
Seçkilərin nəticələri Azərbaycanda ümumxalq bayramına çevrildi. Amma seçkilərin nəticələri Ermənistanda siyasi böhrana və bugünkü çaxnaşmalara, iğtişaşlara gətirib çıxardı. Serj Sarkisyan klanının süpürülüb atılması hələ başlanğıcdır. Ancaq çox ciddi siyasi, iqtisadi və hərbi böhran nəticəsində Ermənistan hələ uzun müddət özünü düzəldə bilməyəcək. Bizdə seçkilər baş tutan gecə xalq meydanlara, küçələrə axışaraq bunu toy, bayram etdi. Ermənistanda isə xalq ayağa qalxdı rejimi, xuntanı devirib atmağa və buna da nail oldular”.
Deputatı Aydın Hüseynov deyib ki, Azərbaycanda və Ermənistanda keçirilən seçkilərdən sonra yaranan vəziyyət iki ölkə arasında böyük fərq olduğunu bir daha göstərdi: “Seçkilərdən sonra Azərbaycanda inkişafa doğru islahatlar aparıldı, yeni hökumət formalaşdırıldı, Ermənistanda isə siyasi xaos, qarşıdurma baş verdi, hökumətin istefası tələb olundu. Deputat qeyd edib ki, Azərbaycanda seçkilər tam sabit şəraitdə keçdi: "Çünki bu illər ərzində Azərbaycan Prezidenti İlham Əliyev, ilk növbədə, xalqın maraqlarını qoruyub, Azərbaycan vətəndaşlarının sosial rifahının yüksəldilməsini ön plana çəkib, ölkə iqtisadiyyatı 3.2 dəfə artıb, böyük layihələr həyata keçirilib. Ermənistanın prezidenti isə ölkəni iflic vəziyyətinə salıb, ölkəni dağıdıb, talayıb. Hər il 250 minə qədər insan Ermənistanı aclıq, səfalət, yoxsulluq və işsizlik səbəbindən tərk edir. Azərbaycanda isə bu illər ərzində təqribən Yerevan əhalisinin sayı qədər iş yeri açılıb, vətəndaşların əməkhaqları, pensiyaları dəfələrlə artıb. Yəni Azərbaycanla Ermənistan arasında müqayisəolunmaz dərəcədə fərqlər yaranıb. Ona görə də Ermənistan xalqı öz sözünü dedi, ayağa qalxdı".
O bildirib ki, Ermənistandakı gərginlik hələ bundan sonra da davam edəcək, hətta bir az da dərinləşəcək. A.Hüseynov qeyd edib ki, Serj Sarkisyan həm Azərbaycan xalqına, həm də ermənilərin özlərinə qarşı qatı cinayətlər törədib: "Sarkisyan özü etiraf edib ki, Azərbaycan xalqına qarşı Xocalı soyqırımının törədilməsində birbaşa iştirak edib. Buna görə də o, beynəlxalq tribunala verilməlidir və veriləcək də. Sarkisyan Dağlıq Qarabağda gedən proseslərə 1988-ci ildən 1993-cü ilə qədər rəhbərlik edib, ondan sonra da müdafiə naziri olub. Ümumiyyətlə, Qarabağda tökülən qanların birbaşa baiskarı, təşkilatçısı Sarkisyandır. O, Azərbaycan xalqına qarşı törətdiyi soyqırımla yanaşı, ermənilərin də qanını töküb. Ermənistan parlamentində deputatların qətlə yetirilməsi də, 2008-ci ildəki mart hadisələri də Sarkisyanın əməlləridir. Yəni Sarkisyan qatı cinayətkardır və beynəlxalq məhkəməyə verilməlidir. Elə ermənilərin özü onu məhkəməyə verməlidir. Bu adam bütün bəşəriyyətin, insanlığın düşmənidir".
Deputat Musa Quliyev bildirib ki, Ermənistandakı hərbi xunta rejimi xalqın kütləvi etirazları nəticəsində layiq olduğu sonuna çatdı: “Erməni xalqı ölkəni öz biznesinə çevirmiş mafioz klandan canını qurtardı. Hərbi xuntadan yaxasını qurtaran erməni xalqı öz hakimiyyətini formalaşdırmaq imkanı qazandı”. Musa Quliyev bildirib ki, Serj Sarkisyanın hakimiyyətə gəlməsi qeyri-qanuni idi. Onun hakimiyyəti əldə saxlaması da qeyri-qanuni və qeyri-demokratik idi. Nəhayət, bu, öz məntiqi sonuna gəlib çatdı. Ermənistanda klanlararası mübarizə, Ermənistan erməniləri ilə Qarabağdan gəlmiş ermənilər arasında hakimiyyət uğrunda qarşıdurma, ölkədəki ağır iqtisadi, maliyyə böhranı, qanunların işləməməsi, erməni xalqının çox ağır səfalətə düçar olması, hüquqlarının pozulması, nəhayət, xalqın etirazlarına səbəb oldu. Xalqın kütləvi şəkildə etirazları Serj Sarkisyanın sonunu gətirib çıxardı.
O vurğulayıb ki, Azərbaycanda və Ermənistanda eyni ayda keçirilmiş seçkilərin nəticələri bu ölkələr üçün tam fərqli perspektivlər yaratdı. Azərbaycanda xalqla iqtidar arasında möhkəm birlik var, Ermənistanda isə xalqla iqtidar arasında böyük uçurum mövcuddur. Bu gün Yerevanda cərəyan edən gərginlik və Bakıda Formula 1 yarışlarına hazırlıq hər iki ölkədə kəskin fərqli mənzərəni aydın göstərir. Tənəzzülün, səfalətin hökm sürdüyü, sabitliyin pozulduğu, iqtisadiyyatın məhv olduğu Ermənistan hələ uzun müddət özünə gələ bilməyəcək. Azərbaycan isə sabitliyin, təhlükəsizliyin, dinamik iqtisadi inkişafın hökm sürdüyü, yüksək beynəlxalq nüfuza malik bir ölkədir: "Yəqin ki, bundan sonra Sarkisyanın aqibəti daha ağır olacaq. Çünki o, törətdiyi cinayətlərə, hətta Ermənistandakı cinayətlərinə görə cavab verəcək, nəhayət, Azərbaycan xalqına qarşı törətdiyi soyqırımı cinayətlərinə görə o, mühakimə olunacaq. Sadəcə, bunun zamana ehtiyacı var".

Əli

Bu xəbər oxundu
- - -