Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Trampdan İrana qarşı növbəti plan

25.04.18, 11:15
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

ABŞ prezidenti Donald Tramp bu həftə iki yüksək vəzifəli avropalı siyasətçi ilə görüşəcək. Əvvəlcə o, Vaşinqtonda səfərdə olan Fransa prezidenti Emmanuel Makronu qəbul edib, ardından da – aprelin 27-də ABŞ-a işgüzar səfərə gələcək Almaniya kansleri Angela Merkellə görüşəcək. Hər iki avropalı lider Trampı İranla nüvə sazişini ləğv etməməyə razı salmağa çalışacaq.
2015-ci ildə – keçmiş prezident Barak Obamanın dövründə əldə edilən bu saziş İranla 6 ölkə – ABŞ, Rusiya, Çin, Britaniya, Fransa, Almaniya arasında imzalanıb. Avropada İranla bu razılaşmanı böyük uğur kimi qiymətləndirirlər. O səbəbdən ki, nüvə silahının yayılmasının qarşısını məhz diplomatik vasitələrlə almaq mümkün olub. Donald Tramp prezident seçiləndən sonra avropalılar Birləşmiş Ştatların bu sazişdən çıxmasına mane olmağa çalışırlar.
Nüvə sazişinin şərtinə uyğun olaraq ABŞ 2018-ci ilin 12 yanvarında İrana qarşı sanksiyaların ləğvi rejimini uzadıb. Lakin Tramp eyni zamanda sazişə qoşulan Avropa ölkələrindən 120 gün ərzində İrana qarşı daha sərt şərtlər müəyyənləşdirməyi tələb edib. “Sanksiyalar hələ dondurulmuş vəziyyətdə qalır. Amma razılaşmanın üzərində yenidən işləmək lazımdır. İrana qarşı daha sərt şərtlər irəli sürülməlidir. Əgər yaxın vaxtlarda yeni şərtlər üzrə razılığa gəlmək mümkün olmasa, mən dərhal sazişdən çıxacam”, – deyə Tramp bildirib. Trampın bu ultimatumunun vaxtı mayda başa çatır.
ABŞ prezidenti bir müddət əvvəl Tehranı nüvə proqramı üzrə birgə plana riayət etməməkdə də ittiham etmişdi. 2017-ci ilin oktyabrında isə İranın sazişin şərtlərinə əməl etdiyini təsdiqləyən sənədi imzalamaqdan boyun qaçırmışdı. Bundan sonra Konqres 60 gün ərzində ABŞ-ın sazişdə iştirakının dayandırılması və İrana qarşı sanksiyaların bərpası məsələsinə baxmalı idi. Lakin həmin vaxt bu baş vermədi.
Birləşmiş Ştatların sazişdən çıxmasını önləmək üçün E3 ölkələri (Almaniya, Fransa, Britaniya) ABŞ-ın tələblərinin yerinə yetirilməsi və razılaşmanın şərtlərinin dəyişdirilməsi istiqamətində danışıqlar aparır. Makron və Merkelin səfəri ərəfəsində avropalı deputatlar amerikalı həmkarlarına açıq məktubla müraciət edərək Konqresi İranla nüvə sazişini dəstəkləməyə çağırıblar.
ABŞ-ın Beynəlxalq Atom Enerjisi Agentliyindəki keçmiş təmsilçisi Lora Holgeyt Trampın nüvə sazişi ilə bağlı mövqeyində israrlı olacağını düşünür: “Təəssüf ki, ABŞ-da heç kim Trampın İrana qarşı sanksiyaların dondurulması ilə bağlı sənədi növbəti dəfə imzalayacağına inanmır”. Sazişin İran tərəfindən icrasını izləyən Beynəlxalq Atom Enerjisi Agentliyi Tehranın razılaşmanı pozmadığını bildirir.

Bu xəbər oxundu
- - -