Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Azərbaycan təhsili Xalq Cümhuriyyəti illərində

26.04.18, 11:16
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Aprelin 26-da Təhsil Nazirliyi və Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) birgə təşkilatçılığı ilə professor-müəllim heyətinin, doktorantların və gənc tədqiqatçıların beynəlxalq elmi konfransı keçirilib. AzMİU-dan bildirilib ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr olunmuş konfransa Kiyev Milli İnşaat və Memarlıq Universitetindən, Ufa Dövlət Texniki Universitetinin Memarlıq İnşaat İnstitutundan və digər universitetlərdən, ölkəmizin aparıcı ali təhsil müəssisələrindən 100-dən çox mütəxəssis qatılıb. Konfransda, eyni zamanda, dövlət qurumlarından, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Geologiya və Geofizika İnstitutu, Respublika Seysmoloji Xidmət Mərkəzi, Torpaqşünaslıq və Aqrokimya İnstitutu, İqtisadiyyat İnstitutundan nümayəndələr iştirak ediblər.
Təşkilat komitəsinin sədri, AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova “Azərbaycan Xalq Cümhuriyyəti: Şərqin ilk demokratik respublikası” mövzusunda məruzəsində 1918-ci il mayın 28-də xalqımızın həyatında misilsiz hadisə baş verdiyini, müsəlman Şərqində ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) qurulduğunu bildirib. Rektor qeyd edib ki, cəmi 23 ay yaşamış AXC zəngin dövlət quruculuğu təcrübəsi ilə milli dövlətçilik tariximizdə silinməz izlər qoyub, xalqın qəlbində azadlıq və istiqlal duyğularını gücləndirməklə respublikanın gələcək müstəqilliyi üçün etibarlı zəmin hazırlayıb. Azərbaycanın ilk universiteti təsis olunub, təhsil milliləşdirilib, xalqın sonrakı illərdə mədəni yüksəlişi üçün zəmin hazırlayan, ictimai fikir tarixi baxımından müstəsna əhəmiyyətli işlər görülüb. O, dövlətimizin başçısı tərəfindən 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olunduğunu və bu təşəbbüsün hər bir soydaşımız tərəfindən böyük rəğbətlə qarşılandığını söyləyib.
AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov “Azərbaycan təhsili Xalq Cümhuriyyəti illərində” məruzəsində qeyd edib ki, AXC fəaliyyəti dövründə bir çox sahələrdə mühüm addımlar atıb, milli tələblərə və demokratik prinsiplərə uyğun dövlət orqanları qurub, maarifin və mədəniyyətin inkişafına xüsusi diqqət yetirib. M.Mərdanov bildirib ki, AXC-nin təhsil sahəsində həyata keçirdiyi ilk tədbirlərdən biri də hökumətin 1918-ci il 27 iyun tarixli qərarı ilə Azərbaycan (türk) dilinin dövlət dili elan edilməsi təşəbbüsü olub. Azərbaycan Hökuməti ilk günlərdən başlayaraq, milli kadrların hazırlanmasına, bu sahədə təhsilin tamamilə yenidən qurulmasına xüsusi əhəmiyyət verib. AXC-nin təhsil sahəsində həyata keçirdiyi ilk və ən mühüm tədbirlərdən biri də məktəblərin milliləşdirilməsi olub.
Ümumilikdə iki gün davam edəcək konfransın 8 bölmə iclasında Azərbaycan, rus və ingilis dillərində 174 məruzə dinləniləcək. Konfransda memarlıq, inşaat, su təsərrüfatı və ekologiya, təbiət elmləri, mexanika və informasiya texnologiyaları, iqtisadiyyat, dilçilik və ictimai elm sahələrini əhatə edən mövzularda müzakirələr aparılacaq.

Bu xəbər oxundu
- - -