Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Prezident İlham Əliyevin ilk səfərini Türkiyəyə etməsinin böyük mənası var”

26.04.18, 11:30
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Musa Qasımlı: “Münasibətlərimizin dərin mədəni, etnik, dini kökləri var”
Fəzail İbrahimli: “Bizi tanrı bir kökdən yaradıb və budaq formasında şaxələnmişik”
Musa Quliyev: “Artıq bu münasibətlər ənənə halını alıb”

Prezident İlham Əliyev seçkidən sonra ilk rəsmi səfərini qardaş Türkiyəyə etdi. Həm prezident İlham Əliyev, həm də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirdilər ki, dövlət başçısı səviyyəsində ilk səfərin qarşılıqlı olaraq Türkiyə və Azərbaycana edilməsi artıq ənənə halını alib və bu təsadüfi deyil.
Millət vəkili Musa Qasımlı deyib ki, seçildikdən sonra cənab Prezidentimiz İlham Əliyevin ilk səfərini Türkiyəyə etməsinin böyük mənası var. Onun sözlərinə görə, Türkiyə bizim üçün qardaş ölkədir. Ümummilli lider Heydər Əliyevin dediyi kimi, biz bir millət, iki dövlətik: “Münasibətlərimizin dərin mədəni, etnik, dini kökləri var. İki ölkə arasında münasibətlərin böyük potesialı mövcuddur. Səfər xüsusən ticarət və hərb-sənayesi sahəsində əməkdaşlıq üçün geniş imkanlar açacaqdır”.
Millət vəkili Fəzail İbrahimli diqqətə çatdırıb ki, Azərbaycan və Türkiyə iki qardaş ölkədir: “Azərbaycan üçün Türkiyə güvən yeridir. Eynilə, Türkiyə üçün sözün əsil mənasında dost bir ölkə varsa, sevincinə sevinən, kədərinə kədərlənən bir ölkə varsa, o da Azərbaycandır. Bu iki qardaş xalqın kökü, soyu birdir. Bizi tanrı bir kökdən yaradıb və budaq formasında şaxələnmişik”.
Bildirib ki, bu gün dünyanın ən böyük, güclü ölkələrindən biri Türkiyədir. Regionun ən sabit, inkişaf etmiş ölkəsi isə Azərbaycandır: “Prezident İlham Əliyev həmişə prezident seçildikdən sonra ilk səfərini Türkiyəyə edir. Bu, istiqanlılığın, güclü münasibətin, dostluğun, qazanılmış uğurun bölüşdürülməsinin göstəricisidir. Xatırlayırsınızsa, prezident tədbirlərin birində Türkiyə əleyhinə fikirlər səsləndirilərkən demişdi ki, Türkiyə dövlət başçısı burda deyilsə, mən varam. Prezident qardaş dövlət üçün sinəsini irəli verib mərdliyini göstərmişdi. Bu məqam tarixin sınaqlarından uğurla çıxmağın göstəricisi idi. Onlar da bizim prezidenti necə istiqanlılıqla qarşılayırlar, Qarabağ münaqişəsinə görə bizə dəstək göstərib sərhədi bağlayırlar. Bu iki dövlət arasında münasibətlər nümunəvidir və hər iki dövlət bir-birinə dəstəkdir. Ona görə də prezidentin ilk səfərini Türkiyəyə etməsini yüksək qiymətləndirirəm”.
Millət vəkili Musa Quliyev deyib ki, Azərbaycan və Türkiyə həmişə bir-birinin yanındadır: “Hər iki ölkə qardaş və strateji partnyor ölkələrdir. Azərbaycan Prezidenti İlham Əliyevin orada Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanı seçkilərdən sonra Bakıya dəvət etməsi və Ərdoğanın da birinci səfərinin Bakıya edəcəm söyləməsi göstərdi ki, artıq bu münasibətlər ənənə halını alıb”. Onun sözlərinə görə, artıq neçənci dəfədir ki, Azərbaycan Prezidenti ilk səfərini Türkiyəyə edir, eləcə də qarşılıqlı olaraq Türkiyə Prezidenti ilk səfərini Azərbaycana edir: “Bunun dünya üçün, eləcə də ölkə xalqları üçün çox böyük əhəmiyyəti var. Cənab İlham Əliyev Türkiyə Prezidenti ilə görüşü zamanı çox ciddi mesajlar verdi. Bu mesajlar Dağlıq Qarabağla bağlı idi, Azərbaycanın həmişə Türkiyənin, Türkiyənin də hər zaman Azərbaycanın yanında olması ilə bağlı idi. Eyni zamanda, orada Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VII iclası keçirildi və bir sıra müqavilələr, sənədlər imzalandı. Bu, bir daha göstərir ki, Azərbaycan və Türkiyə Ümummilli Lider Heydər Əliyevin söylədiyi kimi “bir millət, iki dövlətdir”. Bu siyasət cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir”.
Millət vəkili Sahib Alıyev deyib ki, Prezidentin ilk səfərini Türkiyəyə etməsi artıq çox şeydən xəbər verir: “Hazırda dünyada bu iki qardaş dövlət qədər bir-birinə yaxın olan dövlət tapmaq çox çətindir. Düşünürəm ki, bu səfər yeni mərhələnin başlanğıcı sayıla bilər. Səfər daha dayanıqlı strateji müttəfiqlik, daha dərin əməkdaşlıq mərhələsinin başlanğıcıdır”. O bildirib ki, prezidentlər arasında müxtəlif məsələlər müzakirə olunub: “Mənim diqqətimi ən çox cəlb edən hərbi-texniki və hərbi-siyasi sahədə əməkdaşlığın dərinləşdirilməsi yönündə verilən açıqlamalardır. Hər iki ölkənin maraqlarına cavab verən yöndə iqtisadi addımların atılması məsələsi də diqqətimi çəkdi. Xüsusilə, qarşılıqlı ticarət barədə deyilənlər. İki ölkə arasında ticarət dövriyyəsinin artıq milli valyutalarla aparılması ilə bağlı gəlinən razılıq hər iki ölkədə milli valyutanın kursuna müsbət təsir göstərməlidir. İki qardaş dövlətin bu cür dərin əlaqələrinin həm də üçformatlı əməkdaşlıq çərçivəsində yürüdülməsi məsələsi də çox önəmli məqamdır. Boşuna Azərbaycan-Türkiyə-Gürcüstan, Azərbaycan-Türkiyə-Türkmənistan kimi formatlardan danışılmadı”.
Millət vəkili qeyd edib ki, çox əhəmiyyətli səfərin məhz aprelin 24-də gerçəkləşdirilməsi də təsadüfi deyil: “Bu tarixdə Türkiyədə Çanaqqala zəfərinin 103 illiyi qeyd olunurdu. Bu zəfərdə azərbaycanlılar da öz qardaşları ilə çiyin-çiyinə savaşıblar. Səfəri çox yüksək qiymətləndirirəm və nəticə olaraq, səfərdən böyük gözləntilərim var”.
Deputat Tahir Süleymanov deyib ki, Prezident İlham Əliyevin Türkiyəyə səfəri və səfər zamanı keçirilən Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VII iclası iki ölkə arasında əməkdaşlıqda yeni bir mərhələ açacaq. Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VII iclası çərçivəsində imzalanan sənədlərin hər iki ölkə üçün mühüm əhəmiyyət kəsb etdiyini deyən deputat söyləyib ki, bir sıra sahələr üzrə imzalanan sənədlər qardaş ölkə arasında əməkdaşlığın daha da dərinləşməsinə və inkişafa xidmət edəcək. “Ümumiyyətlə, Türkiyə və Azərbaycan dünyada bir-birinə ən yaxın olan ölkələrdir. Bu ölkələr arasında əlaqələrin böyük tarixi var. Türkiyə Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanı dəstəkləyir və hər zaman ölkəmizin yanında olduqları açıq şəkildə ifadə olunur. Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VII iclasında da bu bir daha bəyan edildi”, - deyə T.Süleymanov qeyd edib. Deputat əlavə edib ki, iki ölkə arasında münasibətlər bundan sonra daha da möhkəmlənəcək.
"Bakı Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə səfəri bir neçə nöqteyi-nəzərdən əlamətdardır, diqqət çəkəndir və tarixi əhəmiyyətlidir. Hər şeydən öncə Azərbaycan-Türkiyə prezidentlərinin rəhbərlərinin seçkidən sonra ilk səfərinin bir-birinə etməsi kimi çoxdan formalaşmış bir ənənəyə sadiqlik nümunəsi kimi dəyərlidir”. Onun sözlərinə görə, cənab İlham Əliyevin bu səfərdə Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanı iyunun 24-də keçiriləcək seçkidən sonra ilk səfər olaraq Bakıya dəvət etdi: “Bu bir daha onu təsdiqləyir ki, Azərbaycan Prezidenti ilk səfərinin Türkiyəyə etməsi ənənəsinə sadiq qaldığı kimi Türkiyə rəhbərlərinin də bu ənənəni gələcəkdə də davam etdirməsini bir o qədər arzulayır və bunu məqsədə müvafiq sayır. Türkiyədə imzalanan çoxsaylı sənədlər iki ölkənin münasibətlərinin keyfiyyətcə yeni mərhələyə daxil olmasını şərtləndirəcək. Əldə olunmuş razılaşmalar Türkiyə-Azərbaycan qardaşlığının, əməkdaşlığının, birliyinin əbədi olduğu barədə bütün dünyaya verilən çox labüd bir mesaj kimi dəyərləndirilə bilər. Türkiyə-Azərbaycan strateji dostluğu sözün həqiqi mənasında regionda stabilliyin və təhlükəsizliyin böyük qarantlarından biridir. Eynilə də Türkiyə-Azərbaycan qardaşlığı, dostluğu iki ölkənin mövcud potensiallardan tam şəkildə istifadəsi təkcə region üçün yox, bütün dünya üçün, o cümlədən Avropa üçün stabillik, rifah, enerji təminatçısıdır və balans yaradan bir faktordur. Ona görə də Türkiyə ilə Azərbaycanın münasibətlərinin daha da inkişaf etdirilməsi, təkcə iki ölkəyə yox, ətrafda olan digər dövlətlərə və bütün Avropanın mənafelərinə uyğundur. Amma çox təəssüflər olsun ki, həm ətraf ölkələrdən, həm də Avropa ölkələrindən elələri tapılır ki, Türkiyə-Azərbaycan münasibətlərinə qısqanc yanaşırlar və bəzi hallarda bunu pərdələməyə çalışırlar. Amma bu münasibətlərin fundamenti o qədər möhkəmdir ki, göstərilən səylərin heç biri onu zədələyə bilməz”.
Əli

Bu xəbər oxundu
- - -