Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Bu il 7 şəhərdə su və kanalizasiya şəbəkələrinin tikintisi yekunlaşacaq

26.04.18, 12:11
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

“Azərsu” ASC-nin bu ilin yanvar-mart ayları üzrə fəaliyyətinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib. “Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, iclası giriş sözü ilə açan “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov bildirib ki, prezident İlham Əliyev tərəfindən həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində 2018-ci ilin birinci rübündə ölkə iqtisadiyyatı dinamik inkişaf edib, bütün sahələrdə müsbət irəliləyiş təmin olunub. Aprelin 11-də keçirilmiş prezident seçkilərinin mühüm hadisə olduğunu xatırladan sədr “Azərsu” ASC-nin kollektivi adından İlham Əliyevi növbəti müddətə Azərbaycan Respublikasının Prezidenti seçilməsi münasibətilə təbrik edib.
Q. Hüseynov bu ilin birinci rübündə istehlakçılara göstərilən içməli su təchizatı və kanalizasiya xidmətlərinin yaxşılaşdırılması istiqamətində mühüm layihələrin həyata keçirildiyini vurğulayıb: “Cari ilin fevral ayında Mingəçevir şəhərinin su təchizatı sistemlərinin yenidən qurulması işləri başa çatıb və Prezident İlham Əliyevin iştirakı ilə açılış mərasimi keçirilib. Ümumilikdə su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasına başlanmış 50 şəhər və rayon mərkəzinin 23-də su və kanalizasiya şəbəkələrinin, 10-da isə su şəbəkələrinin inşası yekunlaşıb. “Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq ölkənin 28 rayonunun 170 yaşayış məntəqəsində layihələrin icrası tam yekunlaşıb. Bu layihələrin icrası nəticəsində həmin kəndlərdə 271 min nəfər içməli su ilə təmin olunub. Cənab Prezidentin bununla bağlı imzaladığı növbəti sərəncam çərçivəsində bu il 13 rayonun 30 yaşayış məntəqəsində su layihələri icra olunacaq”.
Qeyd olunub ki, 2018-ci ilin yanvar-mart aylarında 224 km içməli su, 48 km kanalizasiya xətləri çəkilib. Görülmüş işlər nəticəsində 8 min nəfər ilk dəfə mərkəzləşdirilmiş qaydada içməli su ilə təmin edilib, 28 min nəfərin su təchizatı fasiləsiz rejimə keçirilib. Beləliklə fasiləsiz rejimdə su təchizatı səviyyəsi ölkə üzrə 67,5%, Bakı şəhəri üzrə isə 81,5% təşkil edib. Daha sonra “Azərsu” ASC-nin Satınalmaların təşkili və idarə olunması departamentinin rəisi Qabil Kərimov, İnformasiya və kommunikasiya texnologiyaları departamentinin rəisi Emil Əhmədov, “Bakı Sukanal” İdarəsinin rəisi Habil Quliyev, Ceyranbatan Su Təchizatı İdarəsinin rəisi Əhliman Mansurov, Sumqayıt Sukanal İdarəsinin rəisi Darvin Hüseynov, Xəzər rayon Sukanal İdarəsinin rəisi Mübariz Nəsirov hesabat məruzəsi ilə çıxış edərək müvafiq sahələr üzrə 2018-ci ilin yanvar-mart ayları ərzində görülmüş işlər və həyata keçirilmiş tədbirlər barədə ətraflı məlumat veriblər.
Q.Hüseynov iclasa yekun vuraraq görüləcək işlər və qarşıda duran vəzifələr barədə tapşırıqlarını verib. Qeyd olunub ki, bu il 7 şəhərdə su və kanalizasiya, 1 şəhərdə isə su şəbəkələrinin tikintisi yekunlaşacaq. 2018-ci ildə Qazax şəhərində içməli su və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin icrasına başlanacaq, 42 kənddə su layihələri icra ediləcək. Cari ildə Şamaxı, Gədəbəy, Lerik, Tovuz və Ağstafa şəhərləri üçün alternativ mənbələrin yaradılması layihələri həyata keçiriləcək. Daşkəsən, Göyçay, Qəbələ şəhərlərində, həmçinin Pirşağı qəsəbəsində tullantı sutəmizləyici qurğuların tikintisi yekunlaşacaq, 10-dan çox şəhərdə isə belə qurğuların tikintisinə başlanılacaq.

Bu xəbər oxundu
- - -