Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Qüds müsəlmanların - Fələstinin paytaxtıdır“

15.05.18, 8:58
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Hacı Allahşükür Paşazadə: “Başqa bir dövlətin Qüdsə müdaxiləsi ciddi fəlakətə yol açacaq”

“Biz Qafqaz müsəlmanları bəyan edirik ki, Qüds müsəlmanların - Fələstinin paytaxtıdır”. Bu bəyanatla Ramazan ayının başlanması ilə bağlı tədbirdə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə çıxış edib.
O qeyd edib ki, başqa bir dövlətin Qüdsə müdaxiləsi ciddi fəlakətə yol açacaq: “Artıq bu baş verir. 59 müsəlman həlak olub, 2 minə yaxını yaralanıb. 1990-cı ilin yanvarında biz bu təcavüzü yaşamışıq. İndi bu, orda təkrar olunur. Ermənilərin bizə təcavüzü də bunun eynisidir”.
Şeyxülislam bildirib ki, Qüds müsəlmanların doğma və müqəddəs torpağıdır: “Qüdsdə bu gün baş verənlərin səbəbi müsəlman dövlətləri arasında birliyin olmamasıdır. Bəzi dövlətlər də bu birliyin olmamasından məharətlə istifadə edir”.
Allahşükür Paşazadə orucluq vaxtı iftardan əvvəl imkanlı adamların məclislərinə qatılan axund və imamlara xəbərdarlıq edib.
Şeyxülislam bildirib ki, iftardan əvvəl imkanlı şəxslərin orucluğu saymayaraq, guya ehsan verirmiş kimi məclis təşkil etməsi, xüsusən də bizim mollaların ora qatılması Allaha qarşı çıxmaqdır.
O qeyd edib ki, belə hal aşkarlanarsa həmin din xadimi cəzalandırılacaq: “Belə hal dinə şəkk, Allaha üsyan etməkdir. Kiminsə imkanı varsa, bu, o demək deyil ki, orucluğun əleyhinə çıxmalıdır”.
“Azərbaycanda saxta molla problemi var. Yalançı mollaların fəaliyyət göstərdiyini görürük”-deyən Paşazadə qeyd edib ki, QMİ-də qeydiyyata alınmayan, icazəsi olmayan insanlar molla paltarı geyinib fətva verirlər və bu, ciddi problemdir: “Faktiki olaraq bu, qanun pozuntusudur. Bizim tərəfimizdən təyin edilməyən insanların dini mərasimlər aparmasının qarşısı alınmalıdır və bu istiqamətdə iş gedir. Mən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən də xahiş edərdim ki, bu işdə bizə kömək etsin”.
QMİ sədri bildirib ki, regionda bəzi dairələr daxildən və xaricdən dindarların əli ilə Azərbaycana təsir göstərmək istəyir, qarışıqlıq yaratmaq istəyir.
O qeyd edib ki, bu dairələrin məqsədi ilk mərhələdə Azərbaycanda dini qarşıdurma yaratmaqdır: "Din amilindən istifadə edərək, İraq və Suriyada vəziyyəti qarışdırdılar. Azərbaycanda da bu hadisələri törətmək istəyənlər var”.
Şeyxülislam dindarları bu məsələlərdə diqqətli olmağa çağırıb: “Bu məsələlərdə diqqətli olmalıyıq, heç kimə imkan verməməliyik ki, Azərbaycanda dini qarşıdurma yaratsın”.
“Azərbaycan prezidenti Bakıdakı Hacı Cavad məscidinin sökülməsinin əleyhinə olub, eşidəndə ki, ora sökülüb, bərk qəzəblənmişdi”-deyən Şeyxülislam vurğulayıb ki, prezidentin göstərişi ilə başqa yerdə dərhal yeni məscidin tikintisinə başlanılıb: “Çox şükür ki, Hacı Cavad məscidi bizə qaytarıldı. Prezidentimizə buna görə bütün dindarlar adından çox təşəkkür edirəm. Çünki məscidi sökmək olmaz, ora sınıq-salxaq olsa belə, sökmək olmaz. Şükür ki, prezidentimiz Hacı Cavad məscidini daha gözəl və geniş formada tikdirib dindarlara təhvil verdi”.
Allahşükür Paşazadə ilahiyyatçıların şou-proqramlara qatılmasından narahatlığını və iradını da bildirib:”Hansısa verilişdə ilahiyyatçı və ya ilahiyyatçı alim kimi təqdim olunan şəxslər çağırılır. Ona bu adı kim verib? QMİ-də bu qeydə alınıbmı? İlahiyyatçı adı altında çıxış ağzına gələni danışır, cəmiyyəti çaşdırır”.
Şeyx televiziyalarda şou-proqramla ilahiyyatçıların cəlb edilməsinin doğru olmadığını deyib: “Hər şey dini dəyərlərimizə, şəriətə uyğun olmalıdır. Adını şou-proqram qoyub, baxılmayacaq şeylər göstərirlər. Hətta oraya ilahiyyatçı adı altında kimisə dəvət də edirlər. Belə yerdə ilahiyyatçının nə işi var? Dini təbliğ yeridirmi ora?”
Allahşükür Paşazadə daha sonra ölkədə kolbasaların halal adı altında satılmasından da narahatlığını bildirib.
“Üstünə “halal” yazılan kolbasalara halallığı kim ver? Halallığı dini idarə verə bilər. Orucluq ayında bu cür kolbasaların istehlakında diqqətli olmaq lazımdır”, - deyə QMİ sədri əlavə edib.

Bu xəbər oxundu
- - -