Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Müqaviləsi bitənlər: kimlər yola salınmalıdı?

16.05.18, 13:27
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Mövsüm sona yaxınlaşdığından, bir çox futbolçunun klubu ilə müqavilə müddəti də başa çatır. Bu məqam aparıcı oyunçuları yeni sözləşməyə razı salmaq baxımından çətinlik yaradacaqsa, lazımsız futbolçuların problemsiz yola salınması üçün şansdı. Bu yazıda anlaşması bitmək üzrə olan və bu mövsüm heç bir varlıq göstərə bilməyən oyunçuları sıraladıq.

“Qarabağ”
Çempion bu yay kifayət qədər əziyyət çəkməli olacaq. Çünki müqavilə müddəti bitən oyunçu sayı yetərincədi. Təbii ki, onların arasında Qurban Qurbanova lazım olmayanlar da az deyil. Məsələn, icarədə olan Ramil Şeydayev Ağdam klubunda özünü doğrulda bilmədi. Həmçinin, “Zirə”də eyni şərtlərlə çıxış edən Elşən Abdullayevi qaytarmağa ehtiyac yoxdu. Millimizin kapitanı Rahid Əmirquliyev, həmçinin Arif Daşdəmirov və gününü əvəzedicilərdə keçirən Ağabala Ramazanovun gedişi də “Qarabağ”ı zəiflətməz. Milli üzvləri olduqlarını nəzərə alsaq, həm onlar, həm də Əfran İsmayılov oyun praktikasından əziyyət çəkməmək üçün müntəzəm oynaya biləcəyi komandaya keçsə, daha yaxşı olar. O ki qaldı Ansi Aqolliyə, yaşı çox olsa da, avrokuboklarda stabil çıxış edə bilir. Əgər “Qarabağ” müdafiənin sol cinahına daha yaxşısını tapa bilsə, Aqollini yola salmaq olar. Əks təqdirdə, Donald Gerye və Abbas Hüseynov onu əvəz edəcək gücdə deyil.

“Qəbələ”
“Qəbələ”də ciddi islahata ehtiyac görünmür. Təbii ki, anlaşması davam edənlər arasında lazımsızlar mövcuddu. Ancaq müqavilə müddəti bitənlərə nəzər yetirsək, əsasən yerlilərin ümidləri doğrultmadığını görərik. Roman Qriqorçukun o qədər də güvənmədiyi və ehtiyat qüvvə gözü ilə baxılan Elvin Camalov digər komandalarda özünü “tapa” bilər. Eyni sözləri Elvin Məmmədova da şamil etmək olar. O da bu cür davam edəcəyi təqdirdə, yoxa çıxacaq. Rasim Ramaldanovun “Qəbələ” səviyyəsində oyunçu olmadığını deməyə ehtiyac yoxdu. Aqil Məmmədov isə nisbətən zəif komandalardan birinə yollanıb, müntəzəm çərçivədə dayana bilər.

“Neftçi”
“Neftçi”də qalmaqallı futbolçu Elnur Cəfərov çox güman yola salınacaq. Qışda heyətə cəlb olunan İlkin Qırtımov isə kobud oyundan və vərəqələrdən başqa heç nə ilə yadda qalmır. Rəşad Sadiqov əsas heyət üzvü olmasa da, onu yalnız alternativ kimi saxlamaq olar. 27 oyunun 26-da iştirak edən Derlis Meza Kollinin də anlaşması bitmək üzrədi. Aydındı ki, Tərlan Əhmədov başqa variantı olmadığı üçün paraqvaylını müntəzəm meydana buraxır. Ancaq Meza Kolli əvvəlki formasından çox uzaqdı. Fikrimcə, “Neftçi” dayaq yarımmüdafiəçisi mövqeyinə daha güclü transfer axtarmalıdı.

“Zirə”
“Zirə”nin qış fasiləsindən sonrakı uğursuz çıxışını başa düşmək olar. Çünki gələnlər gedənlərin yerini doldura bilmədi. İcarə əsasında gətirilən Comal Evans Uilyams paytaxt klubunda sadəcə, kiminsə yerini tutur. Aleksandr Şemonayev və Orxan Əliyev də avrokuboklar barədə düşünən komanda üçün gərəksiz oyunçular olar.

“Sumqayıt”
“Gənclik şəhəri” təmsilçisi Avropa Liqasına vəsiqə qazansa da, qazanmasa da, qapı xəttində dəyişiklik etməli olacaq. Komandanın hər iki qolkiperi – Fərhad Vəliyev və Mehdi Cənnətovun anlaşma müddəti bitir. Yaşının çoxluğundan əvvəlki çevikliyini itirən Fərhadla yəqin ki, yollar ayrılacaq. Mehdi isə bu mövsüm meydana çıxdığı oyunlarda ən yaxşı halda elə ikinci qapıçı kimi qala biləcəyini göstərdi. Yarımmüdafiəçi Kamal Mirzəyevi də yalnız alternativ kimi saxlamaq olar.

“Keşlə”
Yuri Maksimovun gəlişindən sonra gözlənilmədən yüksəlişə keçən “Keşlə”nin qışdakı əcnəbi transferləri fiaskoya yaxın oldu. Hər halda Andre Klennon, Nemanya Stoyanoviç və Pablo Podio kimi oyunçular nəinki avrokubok, heç Azərbaycan çempionatı səviyyəsində deyillər. Əksər matçlarda meydanda olan Ebrima Sohna isə azarkeşlər üçün gülüş mənbəyinə çevrilib. Adıçəkilən əcnəbilərin müqavilə müddətinin bitməsi onlarla problemsiz vidalaşmaq üçün yaxşı imkandı. Yerlilərdən isə Məmməd Quliyev “Keşlə”yə uyğun oyunçu deyil.

“Səbail”
Samir Əliyev indidən gələn mövsümün planlarını cızmağa başlamalıdı. Yəqin ki, “Səbail”də ciddi “təmizləmə işləri” aparılacaq. Bəzilərinin müqavilə müddətinin bitməsi çalışdırıcının işini asanlaşdırır. Məsələn, Aqşin Qurbanlı, Orxan Qurbanlı və Ruslan Əmircanovla yeni sözləşmə bakılılara heç nə qazandırmaz. Əcnəbilərdən Vaxit Orazsaxetovun gətirilməsi özü bir yanlış addım idi. Elman Taqayev və Faruk Miya barədə Samir Əliyevin qərarı maraqla gözlənilir. Hər halda bu futbolçular pis-yaxşı, oyunlarda müntəzəm iştirak ediblər. Ancaq yola salınmaları heç də təəccüblü olmaz. O ki qaldı Kamal Qurbanova, “Səbail”in əgər gələn mövsüm ciddi bir hədəfi olmasa, o zaman onu saxlamaq olar.

Bu xəbər oxundu
- - -