Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Məni 3 saat dindirdilər...”

16.05.18, 13:32
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Səməd Seyidov: “Təsir göstərirdilər ki, etmədiyimiz əməli etiraf edək"

“Sanksiyaya məruz qalanlar Ermənistanın işğalına münasibətdə Azərbaycanın ərazi bütövlüyünü tam dəstəkləyən şəxslərdir”

“Azərbaycan nümayəndə heyətini heç kim Avropa ŞurasıParlament Assambleyasından uzaqlaşdıra bilməz. Çünki qurumda nümayəndə heyətini Azərbaycan özü müəyyən edir”.
Bunu Azərbaycan Milli Məclisinin AŞPA-da nümayəndə heyətinin rəhbəri Səməd Seyidov ona qarşı qurum tərəfindən tətbiq olunan sanksiya ilə bağlı keçirdiyi mətbuat konfransında bildirib.
O qeyd edib ki, sanksiya qərarı Azərbaycana qarşı ikili standartların təzahürüdür: “Bu, təzə hadisə deyil. Dəfələrlə o qurumda Azərbaycana qarşı ikili standartların şahidi olmuşuq. Ona görə də sanksiya qərarının heç bir əsası yoxdur, başdan ayağa qərəzliidir”.
Səməd Seyidov bildirib ki, AŞPA-da Ermənistana qarşı fərqli münasibət var: “Ermənistanda keçmiş hakim rejimlə bağlı daim müsbət fikir ifadə edirdilər. Amma nə oldu? Ermənilər özləri həmin rejimi tarixin zibilliyinə atdı. Əlbəttə, AŞPA içində sağlam qüvvələr var, amma bəzi şəxslər qərəzli çıxış edirlər. Onlar Azərbaycanı AŞPA-dan uzaqlaşdırmaq istəyirlər. Bu, sanksiya da buna xidmət edir”.
Səməd Seyidovun sözlərinə görə, bu sanksiya nə bizim söz demək imkanlarımıza məhdudiyyət qoya, nə də hansısa sənədlərin hazırlanması ilə bağlı məhdudiyyət yarada bilər.
O qeyd edib ki, sanksiyalar sadəcə hansısa seçki missiyalarında iştirak, hansısa ölkəyə məruzəçi və sair bu kimi sahələrə tətbiq ediləcək: "Bu Azərbaycanın qurumda normal fəaliyyəti, Dağlıq Qarabağ probleminin çatdırılmasında fəaliyyəti üçün heç bir məhdudiyyət yaratmayacaq. Azərbaycan AŞPA-da fəaliyyətini davam etdirəcək".
Səməd Seyidov bildirib ki, AŞPA-da sanksiyaya məruz qalan şəxslər Ermənistanın işğalına münasibətdə Azərbaycanın ərazi bütövlüyünü tam dəstəkləyən şəxslərdir.
O deyib edib ki, Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması istiqamətində fəaliyyət göstərən insanlar daim qurumda sanksiyaya məruz qalıb: “Ən əsası da bir neçə komitədə, bir neçə iclasda Dağlıq Qarabağ və ətraf rayonların azad olunması ilə bağlı məsələlər qaldıran insanlar bu gün sanksiyaya məruz qalıb.
Əsas hədəf hansısa şəxs deyil. Nümayəndə heyətimizin rəhbəri bu gün bir şəxsdir, sabah başqa şəxs ola bilər. Əsas məsələ Azərbaycanın milli maraqlarıdır. Biz buna müdaxiləyə imkan verməyəcəyik. Azərbaycanın AŞPA-da fəaliyyətini daha da yüksək formada təşkil edəcəyik. Bu sanksiya Azərbaycana deyil, AŞPA-nın öz nüfuzuna mənfi təsir göstərəcək. Biz növbəti sessiyada iki nəfərlə də olsa, təmsil olunacağıq, boş qalan yerlərə də şəxslər seçiləcək”.
Səməd Seyidov bildirib ki,AŞPA-da tətbiq olunan sanksiyalarla bağlı yaradılan qrup onu 3 saat dindirib və nümayəndə heyətinin başçısı bu müddət ərzində onların suallarına cavab verib.
O qeyd edib ki, suallar hər şeyin təkrar soruşulmasından ibarət olub: “Bizə təsir edirdilər, deyirdilər ki, “sadəcə etiraf edin ki, burda başqa işlərlə məşğul olursunuz, o zaman sizin adınıza qarşı heç bir siyahı tətbiq olunmayacaq” və sair və ilaxır. Təbii ki, etiraf etmədik, çünki bunlar uydurma idi, etiraf etmək mümkün deyildi.
Bax, bunların məqsədi elə burdan da məlumdur. Qərəzli niyyətləri vardı, yerinə yetirdilər”.

Bu xəbər oxundu
- - -