Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

DİN-in tibb müəssisələrində yeni texnologiyaların və elmi yeniliklərin tətbiqi

23.05.18, 10:42
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Tibb İdarəsi daxili işlər orqanları əməkdaşlarının, nazirlik sistemi işçilərinin, təqaüdçülərinin, habelə onların ailə üzvlərinin sağlamlığının qorunması yönündə kompleks profilaktika, müalicə, sanatoriya-kurort və başqa tədbirləri həyata keçirən müstəqil struktur hissədir. İdarənin tabeliyində general-leytenant A.N.Heydərov adına Respublika Hospitalı, poliklinikalar, Gigiyena-Epidemiologiya Mərkəzi, Stomotoloji Mərkəz, Xüsusi Həkim Komissiyası, onun nəzdində Psixofizioloji laboratoriya, əczaxana, ambulatoriyalar, tibb məntəqələri, Müalicə-bərpa Mərkəzi fəaliyyət göstərir. Yazıda general-leytenant A.N.Heydərov adına Respublika Hospitalında yeni texnologiyaların və elmi yeniliklərin tətbiqi ilə bağlı danışacağıq.
Kliniki diaqnostik laboratoriya Amerikanın dünyada məşhur olan Becman şirkətinin ən müasir tibb avadanlıqları ilə təchiz olunub. Hemotoloji analizlərin təyini üçün olan LH500 cihazı 3 dəqiqə ərzində qanın 27 parametrini lazer üsülu ilə mükəmməl şəkildə təyin edir. Biokimyəvi cihaz Becman COULTER UNİCEL DC600 1 saat ərzində 1000 müxtəlif analizi dəqiqliklə müəyyənləşdirir.
Laboratoriyanın texniki imkanlarının artırılması istiqamətində görülmüş tədbirlər nəticəsində burada 26 parametr üzrə qanın ümumi analizi, tam şəkildə qanın biokimyəvi, hormonal və infeksion xarakterli laborator təhqiqatları, ümumilikdə 50 növ üzrə müxtəlif xarakterli yaxmalarda geniş yayılmış yoluxucu amillərin (xlamidioz, mikoplazma, ureaplazma, trixomonoz, sifilis, herpes, hepatitlər və s.) təhqiqatı, sidik, likvor, bəlgəm, prostat şirəsi və duodenal möhtəviyyatın tam analizləri yerinə yetirilir. Neuro-MEP-8 cihazı klinik araşdırmalarda istifadə edilən, geniş imkanları olan cihazdır.
Kliniki diaqnostik laboratoriyada HemoCue WBC (qanda leykositlərin ekspress üsulu ilə sayılması), HemoCue Hb (qanda hemoqlobinin ekspress üsulu ilə təyin olunması), CEDY-40 eritrositlərin çökmə sürətinin təyin edilməsi, Glukose (qanda şəkərin təyin edilməsi) və HemoCue ALB (sidikdə albuminin təyin edilməsi) aparatları var. Tredmil test (fiziki yük sınağı) – zamanı ürəyin fiziki gərginlikdə fəaliyyəti dəyərləndirilir. Müayinə zamanı xəstələr aparat üzərində yeriməyə başlayır, seçilmiş proqramdan asılı olaraq sürətin artırılması ilə nəbzin, qan təzyiqinin, EKQ-nin fasiləsiz qeydi aparılır.
Kompüter tomoqrafiyası prosesində şüalar insan orqanizmini bir neçə istiqamətdə “dəlib keçir“ və detektorlarda toplanır. Həmin detektorlar alınan məlumatı kompüterə ötürür, kompüter şüaların toxumalar tərəfindən udulma dərəcəsindən asılı olaraq laylar üzrə təsvirlər yaradır. Yüksək texnologiyalı avadanlığın köməyi ilə mərkəzi sinir sistemi, döş qəfəsi orqanları, ürək-damar sistemi, mədə-bağırsaq traktı, sidik-cinsiyyət sistemi, ginekoloji xəstəliklərin, damarların, onurğa sütunu, çanaq sümükərinin və bütövlükdə dayaq-hərəkət aparatının degenerativ-destruktiv dəyişikliklərinin vaxtında və dəqiq diaqnostikası həyata keçirilir. KT orqanizmin toxuma və sahə mühitlərinin sıxlığının müəyyənləşdirilməsini, məsələn duru və qatılaşmış qanı, maye ilə dolmuş kistanı və şişi, toxumaların şişinin sərhədlərini və b. dəqiq şəkildə diferensiasiya etməyə imkan verir. Eləcə də orqanizmin orqan və müxtəlif toxumalarında patoloji prosesin lokallaşma, yayılma dərəcəsinin müəyyənləşməsi, müxtəlif patofizioloji proseslərin dinamikasının izlənməsi, operativ müdaxilənin yanaşma və həcminin seçilməsi, şişlərin biopsiyasının həyata keçirilməsi, müalicənin nəticələrinin qiymətləndirilməsi mümkün olur. İnsanın bütün anatomik strukturlarının həcmli, 3 D (üçölçülü) təsvirlərin alınması, stomotologiya və implantologiyada əvəzsiz olan «Dental» proqramı ilə ciyər toxumasının sıxlığı və qaraciyər transplantasiyasında informativ müayinə üsulu olan qaraciyər həcminin hesablanması, orqanların 3 fazalı (arterial, venoz və parenximatoz) dinamik müayinəsi, virtual traxeobronxoskopiya və s. mümkündür.
Hospitalın fizioterapiya şöbəsi dünyanın müxtəlif ölkələrinin (Almaniya, İtaliya, Rusiya, Türkiyə) ən yeni fizioterapevtik avadanlıqları ilə təchiz olunub. Avadanlıqların hər biri elmi-texniki tərəqqi ilə bağlı müasir kompyuter sistemi ilə nizamlanan, kombinə olunan aparatlardan ibarətdir. Bu aparatların köməyi ilə fizioterapevtik müalicələri aparmaq mümkündür.
Travmatologiya şöbəsi dayaq-hərəkət aparatının travmatoloji və ortopedik patologiyalarının müalicəsində dünyada tətbiq olunan ən müasir tibbi avadanlıqlarla və bunları mükəmməlliklə tətbiq etməyi bacaran mütəxəssislərlə təmin olunub. Dayaq-hərəkət aparatının seqmentlərinin sınıqlarında anadangəlmə və yaxud qazanılmış qüsurlarında müxtəlif metalkonstruksiyaların tətbiqi, distraksion-kompression üsullarla qüsurların bərpası, oynaqlarda artroskopla əməliyyatlar, oynaqların endoprotezləşdirilməsi uğurla həyata keçirilir.
Uronefrologiya şöbəsində ən müasir avadanlıqlarla təmin olunmuş endoskopik kabinet, sarğı otağı, distansion dalğa zərbə litotripsiya bölməsi, uroloji əməliyyatxana fəaliyyət göstərir. Burada açıq cərrahiyyə (böyrək və sidik axarlarında cərrahiyyə əməliyyatları, daş, şiş, plastik əməliyyatlar), sidik kisəsinin şişləri, daşları, divertikulları, prostat vəzinin hiperplaziyası və s., əməliyyatdan sonrakı yırtıqlar, sidik axarları daşlarının endoskopik parçalanması və s. aparılır.
Kardilologiya, endokrinologiya, terapiya şöbələri də dünya standartlarına uyğun səviyyədə fəaliyyət göstərir. Endoskopik müayinə otağında İtaliyanın “Euroclinic” LOR kombaynı qulaq, burun, boğaz və səs tellərində olan patoloji dəyişikliyi monitorda izləmək imkanı verir. Almaniyanın “Karl Storz” çevik endoskopu burun, burun-udlaq, udlaq və qırtlağın monitorda görüntülənməsi ilə yanaşı işlək kanal vasitəsi ilə bu üzvlərdə qalan yad cisimləri (balıq sümüyü və s.) xüsusi tutucu ilə xaric etmək mümkündür.
Reanimasiya və intensiv terapiya şöbəsində ürək-damar sistemi patologiyası (infarkt, aritmiya, kəskin ürək və damar çatışmazlığı və s.), sinir sistemi patologiyası (insult, beyin infarktı, tromboemboliya və s.), trombolitik terapiya, tənəffüs sistemi patologiyası (tənəffüs çatışmazlığı, pnevmo və hidrotoraks və s), mədə-bağırsaq sistemi patologiyası (mədənin, bağırsağın, mədəaltı vəzinin kəskin patologiyası, mədə-bağırsaq qanaxması və s.), mürəkkəb əməliyyatlardan sonrakı durumda olan xəstələr müalicə olunur. İntensiv terapiya palataları ən müasir, Hollandiyanın “Filips” şirkətinin, tənəffüs-narkoz və mərkəzi hemodinamikanı müşahidə edən aparatlar, dərman dozatorları, rentgenoloji avadanlıqla təchiz olunub.
Cərrahiyyə şöbəsində və əməliyyat blokunda olan müasir müalicəvi və diaqnostik avadanlıq Ethicon, Olympus, Karl Storz tibbi avadanlıq istehsalçıları tərəfindən təchiz olunub. Burada aparılan açıq və laparoskopik cərrahiyyə əməliyyatlarından qaraciyərin yeni törəmələri (bədxassəli şişlər, exinokokk sistləri, abseslər və s.) zamanı aparılan açıq və laparoskopik cərrahiyyə əməliyyatları, qaraciyərin bədxassəli törəmələrinin radiotezlikli ablasiyası, qaraciyər serrozlarının cərrahi müalicəsi, öd kisəsi və öd yollarında vizual xolangioskopiya və rentgenoloji xolangioqrafiya manipulyasiyaları ilə birgə aparılan açıq və laparoskopik cərrahiyyə əməliyyatları, öd daşı xəstəliyi və onun ağırlaşmalarının (xoledoxolitiaz, mexaniki sarılıq, kəskin forma xolesistitlər) açıq və laparoskopik üsulla cərrahi müalicəsi, qaraciyərin USM altında biopsiyası və öd yollarının kateterizasiyası, mədəaltı vəzin, dalağın açıq və ya laparoskopik üsulla tam və hissəvi çıxarılması, qida borusunun, mədə və onikibarmaq bağırsağın, nazik və yoğun bağırsağın, böyrəküstü vəzlərin xəstəlikləri və şişləri zamanı aparılan açıq və laparoskopik cərrahiyyə əməliyyatları, laparoskopik appendektomiya, diafraqmanın qida borusu dəliyinin yırtıqlarının açıq və laparoskopik plastikası, diaqnostik laparoskopiya və torakoskopiya, döş qəfəsində, divar aralığında, ağ ciyərlər üzərində aparılan açıq və laparoskopik cərrahiyyə əməliyyatları, peritonarxası sahənin törəmələrinin açıq və ya laparoskopik üsulla çıxarılması, qarının ön divarının birincili və cərrahiyyə əməliyyatından sonrakı yırtıqların açıq və laparoskopik üsulla plastikası, ginekoloji açıq və laparoskopik cərrahiyyə əməliyyatları və s.) kimi əməliyyatlar aparılır.
Oftalmologiya şöbəsindəki ən müasir avadanlıqlardan Yaponiyanın “TOPCON” firmasının son model cihazları göz xəstəliklərinin diaqnostikasında, profilaktikasında, müalicəsində mühüm rol oynayır. “FOROPTER” çoxfunksiyalı olmaqla xəstənin görməsini yoxlamağa, eynəyin təyin edilməsinə, biomikroskop gözün ön və arxa seqmentini müayinə etməyə imkan verir. Avtoreftometr gözün refraksiyasını ölçür, dəqiq eynək təyin edir. “Pnevmotonometr” vasitəsilə gözə təmas etmədən, gözdaxili təzyiqi ölçmək olur.
Fakoemulsifikasiya deyilən ən müasir katarakt cərrahiyyəsi növündə buynuz qişadan çox qısa bir kəsikdən göz içinə alətlə girilərək ultrason enerjisi ilə büllur çox kiçik parçalara bölünərək vakuumla çəkilir. Bu kiçik kəsikdən gözə uyğun linza yerləşdirildikdən sonra tikiş qoyulmadan əməliyyat tamamlanır. Anesteziologiya və əməliyyat şöbəsi də dünyanın aparıcı ölkələrinin tanınmış şirkətlərinin tibbi avadanlıqları ilə təchiz olunub. Əməliyyat otaqlarında olan ən müasir kardiomonitorlar (Siemens-Almaniya) xəstələrin ən vacib olan ürək-qan damar sistemi parametrlərinin dinamikasının nəzarətdə saxlanmasına imkan verir (arterial təzyiq, nəbz, kardioqramma, bədən temperaturu və s.)
Hospitalın hemodializ zalında cihaz insan böyrəyinin müəyyən funksiyalarını (azot qalıqlarının xaric edilməsi, su-duz mübadiləsi, homeostazın tənzimlənməsi və s.) yerinə yetirmək imkanı verən xüsusi materialdan hazırlanmış yarımkeçirici membran-dializator (hemofiltr) və qanın qaz və elektrolit tərkibinə uyğunlaşdırılmış xüsusi tərkibli osmotik aktivliyə malik olan dializat (qan tərkibinə uyğun buffer məhlulu-asetat və bikarbonat) keçirməklə qanın təmizlənmə prinsipi ilə işləyir. Cihaz cərrahi əməliyyat vasitəsi ilə yaradılmış xüsusi damar yolunu (fistulanı) fistula iynəsi ilə punksiya edilərək qan dövranına birləşdirilir. Maqistral şuntlar vasitəsilə qan dializatora təmizlənmək üçün daxil olur. Bu zaman xəstənin qanının müəyyən hissəsi (200-300 ml) bədəndən xaricdə olur, fasiləsiz olaraq dövr edir, zərərli maddələrdən təmizlənir və sonda orqanizmin qan dövranına qayıdır.
Göründüyü kimi, hospitalın maddi-texniki bazası dünya standartlarına tam cavab verir. Ardıcıl olaraq yeni texnologiyaların və elmi yeniliklərin tətbiqi isə çoxprofilli tibbi xidmətin müasir səviyyədə aparılması üçün yeni imkanlar açır.

Elçin Qaliboğlu
“Daxili İşlər Nazirliyinin Azərbaycan Polisinin 100 illiyi münasibəti ilə keçirdiyi yazı müsabiqəsinə təqdim edilir”

Bu xəbər oxundu
- - -



___

Tehrandan Bakıya dil uzadanlar – Azərbaycandan düşmən yaratmaq onların nəyinə lazımdır?(ardı...)