Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Bu, Azərbaycan, türk etnosuna qarşı düşmənçilikdir”

23.05.18, 13:55
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Siyavuş Novruzov: "Rüstəm İbrahimbəyov filmdə qorxaq azərbaycanlı obrazını yəqin ki, özünü düşünərək yaradıb"

“Biz Rüstəm İbrahimbəyovun dəfələrlə belə əməllərinin şahidi olmuşuq. Bu baxımdan məhz Rüstəm İbrahimbəyovun ssenari müəllifliyi ilə “Qafqaz üçlüyü” kimi filmin çəkilməsində də təəccüblü heç nə yoxdur”.
Bunu APA-ya açıqlamasında ssenari müəllifi Rüstəm İbrahimbəyov, rejissoru Eldar Şengelaya, Fuad İbrahiumbəyov olan “Qafqaz üçlüyü” filmində azərbaycanlıların vəhşi, qəddar, riyakar, mədəniyyətsiz, milli kökü olmayan obrazda, ermənilərin isə alicənab, sülhsevər, “vəhşi türkün qurbanı” kimi təqdim olunmasına münasibət bildirən Yeni Azərbaycan Partiyası icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov bildirib.
Siyavuş Novruzov deyib ki, Rüstəm İbrahimbəyovun bir müddət əvvəl Rusiya mətbuatında azərbaycanlıları aşağılayan yazısı dərc olunub: “O cümlədən digər xalqların nümayəndələrinin Bakıdan köçməsinin ziyalılıq səviyyəsinin aşağı düşməsinə səbəb olması, azərbaycanlıları vəhşi kimi qələmə verməsi barədə fikirlərinə müxtəlif mətbuat orqanlarına verdiyi müsahibələrdə, yazdığı yazılarda rast gəlmişik. Ermənilərlə şərikli filmlər çəkməsi, ermənilər tərəfindən maliyyələşməsi də dəfələrlə qeyd olunub. “Qafqaz üçlüyü” filmi də bunun davamıdır. Biz mütəmadi deyirdik ki, Milli Şura layihəsi ermənilər tərəfindən maliyyələşdirilir. Rüstəm İbrahimbəyovu Milli Şuranın sədri seçən, onu təmtəraqla prezidentliyə namizəd göstərən qüvvələr indi bu filmə diqqətlə baxsınlar, özlərini əsl azərbaycanlı hesab edirlərsə, münasibətlərini bildirsinlər. Rüstəm İbrahimbəyovun mitinqlərdə şəkillərini qaldıran o partiyaların sıravi üzvləri bu məsələdən xəcalət çəkirlərmi? Erməniyə dəstək verən bir insanın şəklini əllərində qaldırıb mitinqdə gəzdirirdilər. Budur onların xisləti. Bu filmdə Azərbaycan xalqı, türk xalqı təhqir olunur. İnsan hakimiyyətə qarşı müxalifətdə ola bilər, amma dövlətinə, millətinə qarşı müxalifətdə olmaq olmaz. Bu, dövlətə, dövlətçiliyə, millətə, Azərbaycan, türk etnosuna qarşı düşmənçilikdir. Bu, ermənilərin 100 ildən artıq apardığı düşmənçiliyin ən mərkəz nöqtəsidir ki, bu gün bu düşmənçilik adı azərbaycanlı qoyulan Rüstəm İbrahimbəyovun əli ilə aparılır”.
Siyavuş Novruzov qeyd edib ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra indiyə qədər Azərbaycanın müstəqilliyi, Xalq Cümhuriyyəti, Dağlıq Qarabağ, azərbaycanlıların Ermənistandan qovulması, uşaqların, qadınların, yaşlıların vəhşiliklə qətlə yetirildiyi, başlarının dərilərinin soyulduğu, gözlərinin çıxarıldığı, ayaqlarının qırıldığı Xocalı soyqırımı ilə bağlı Rüstəm İbrahimbəyov hər hansı film, yazı ortaya qoymayıb: “Dünyanın bir çox ölkəsinin parlamenti Xocalı soyqırımını tanıyıb, Rüstəm İbrahimbəyovun gözü bunu görmür?! Bütün bunlar hansısa əsrdə baş verməyib, XX əsrin sonunda olan hadisədir, faktlar lentə alınıb. Bu adam bunu görmürsə, deməli, o adamda azərbaycanlı qanı, azərbaycanlı düşüncəsi yoxdur. Rüstəm İbrahimbəyov ermənilərin əhatəsində olub və filmdə göstərdiyi qorxaq azərbaycanlı da elə onun özüdür, yəqin ki, özünü düşünərək o obrazı yaradıb. Çünki istənilən anda azərbaycanlılar həmişə ermənilərdən üstün olublar. Biz sovet dövründə hərbi xidmətdə olmuş insanlarıq, ermənilər həmişə bizim himayəmizdə dolanıblar. Hərbi xidmətdə biz onları başqa millətlərin nümayəndələrindən qorumuşuq, döyülmələrinin qarşısını almışıq. Filmdə azərbaycanlını aşağılamaq, ermənini qəhrəman kimi təqdim etmək ancaq erməni qanı olan şəxsə xas olan əməldir. Mən çox təəssüf edirəm ki, Maqsud İbrahimbəyov kimi bir insan onun qardaşıdır. Mən inana bilmirəm ki, Maqsud İbrahimbəyov kimi bir insanın, böyük bir ziyalının, böyük bir azərbaycanlının bu cür ermənipərəst qardaşı olsun”.

Bu xəbər oxundu
- - -