Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Caspian Energy Forum Nakhchivan – 2018” keçiriləcək

24.05.18, 13:03
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

2018-ci ilin iyunun 14-də Naxçıvan Muxtar Respublikasında keçiriləcək 6-cı Beynəlxalq “Caspian Energy Forum Nakhchivan – 2018”ə deleqatların qeydiyyatı başlayıb. “Caspian European Club”dan verilən məlumata görə “Caspian Energy Forum Nakhchivan – 2018” Naxçıvanın 2018-ci il İslam mədəniyyətinin paytaxtı elan olunduğu vaxta salınıb. Forumun təşkili Heydər Əliyevin hakimiyyətə qayıdışının 25 illiyinə və Azərbaycanın vətəndaş müharibəsindən xilas olunduğu tarixə təsadüf edir. Bu barədə “Caspian European Club”un Sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev məlumat verib.
Telman Əliyev qeyd edib ki, açılış mərasimində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov, hökumətin Naxçıvan Muxtar Respublikasının iqtisadi blokunu təmsil edən üzvləri, həmçinin Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən şirkət nümayəndələri və Caspian European Club-un idarə heyətinin üzvləri iştirak edəcəklər. “Caspian Energy Forum Nakhchivan – 2018”in aparıcı mövzusu “Açıq bazarlar: uzunmüddətli inkişaf perspektivləri” olacaq. 6-cı Beynəlxalq “Caspian Energy Forum Nakhchivan – 2018”ə rəsmi dəstəyi Naxçıvan Muxtar Respublikası Hökuməti və “Caspian European Club” göstərir.
“Caspian Energy Forum Nakhchivan – 2018”də yalnız Caspian European Club-un üzvləri və onların Naxçıvan Muxtar Respublikasında yeni müəssisələrin yaradılmasında və investisiyalaşmasında maraqlı olan partnyorları iştirak edə bilərlər. Telman Əliyevin sözlərinə görə, Xəzər-Qara dəniz və Baltik regionu ölkələrində ildə bir neçə dəfə keçirilən “Caspian Energy Forum” biznes-hökumət dialoqunun aktivləşməsi, neft və qeyri-neft sektoru şirkətləri arasında sıx əlaqələrin qurulması, transmilli şirkətlərlə kiçik və orta biznes nümayəndələrinin görüşü, həmçinin qlobal biznes əməkdaşlığında maraqlı olan investor, ekspert və analitiklər üçün əlverişli şərait yaradan ənənəvi meydandır.
Naxçıvan Muxtar Respublikası 2017-ci ilin nəticələrinə görə, Caspian Energy International Media Group-un tərtib etdiyi və Azərbaycanın Prezidenti, Caspian European Club-un Sədri İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən iqtisadi islahatların və sosial siyasətin nəticələrini əks etdirən Azərbaycanın iqtisadi regionlarının illik investisiya reytinqinin lideri olub. 18 parametr üzrə sıralanan regionlar sosial-demoqrafik göstərici, sosial-iqtisadi vəziyyət, işgüzar mühit, infrastruktur, rifahı və kənd təsərrüfatına altı qrupda bölünüb.
Qeyd edək ki, sıralarında dünyanın 70 ölkəsindən 5 mindən artıq şirkət və təşkilatı birləşdirən Caspian European Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyi və Caspian Energy İnternational Media Group-un fəal iştirakı ilə 2002-ci ilin iyununda yaradılıb. 2016-cı il dekabrın 24-də Caspian American Club, 2018-ci il yanvarın 26-da Caspian Asian Club təsis olunub. Onların hər ikisi iki il ərzində Caspian European Club-un idarə heyətinin üzvləri tərəfindən idarə olunacaqlar. Caspian European Club-a daxil olan bütün şirkətlər avtomatik qaydada Caspian American Club və Caspian Asian Club-un, Caspian American Club və Caspian Asian Club-a daxil olanlar isə Caspian European Club-un üzvü hesab olunurlar.
“Caspian European Club”un sədri Azərbaycan prezidenti İlham Əliyevdir. Beynəlxalq Caspian Energy dünyanın 70 ölkəsində yayılır. 19 il ərzində jurnalda dünyanın müxtəlif dövlətlərinin prezident və baş nazirlərinin, həmçinin nüfuzlu beynəlxalq təşkilat və nəhəng transmilli şirkət rəhbərlərinin müsahibələri, aparıcı ekspertlərin analitik material və xülasələri çap olunur. Müxtəlif qiymətləndirmələrə görə, Xəzər-Qara dəniz və Baltik regionunun aparıcı nəşrlərinin ilk beşliyinə daxil edilmiş “Caspian Energy” jurnalı Xəzər-Qara dəniz və Baltik regionlarının bir çox investorlarının fəaliyyətində əsas oriyentir rolunda çıxış edir.

Bu xəbər oxundu
- - -