Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Rusiya getdikcə ABŞ-ın rəqibinə deyil, düşməninə çevrilir”

25.05.18, 12:34
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

İran və İsrail tədricən Yaxın Şərqdəki güclərin yenidən müəyyənləşməsinə gətirib çıxara biləcək iri miqyaslı müharibəyə yaxınlaşırlar. Bu arada isə Vaşinqtondakı ekspertlər ABŞ-ın 2012-ci ildəki kimi nə etməli olacağını müzakirə edirlər. Amma indi 2018-ci ildir və bu regionda Moskva Vaşinqtonun yerini tutur. Bu əsas fakt olsa da, keçirilən debatlarda nəzərə alınmır. “СNBC” (ABŞ) yazır ki, artıq demək olar ki, olmayan nüvə müqaviləsinə hədsiz çox diqqət ayırmaqla, ABŞ mühüm bir məsələni unudur: ABŞ İranla və hətta Yaxın Şərqlə mübarizə aparmır, ABŞ Rusiya ilə mübarizə aparır! ABŞ Rusiya təhlükəsinə ciddi yanaşmadığına görə, o, xarici siyasətdə Yaxın Şərqin əhəmiyyətli hissəsini Moskvaya güzəştə gedir.
Əksər israillilər hesab edirlər ki, İranla müharibə qaçılmazdır. İsrailin qırmızı xətti sadədir – Suriyada İran qoşunları olmamalıdır. Həmçinin, İranın da şərtləri sadədir – o, Yaxın Şərqdə söz sahibi olmaq istəyir. Bu amillər və hadisələrin belə inkişafı münaqişənin təminatçısıdır və son aylar gərginliyin şiddətlənməsi müşahidə olunur. Yaxın Şərqdə mühüm oyunçu artıq ABŞ yox, Rusiyadır. Amerika ekspertləri Yaxın Şərqdəki bu “barıt çəlləyi”nə böyük ölçüdə Putin nəzarət edir -deməyə hazırdırlar.
İsrailin “F-16” qırıcı təyyarəsi Suriya ordusu tərəfindən vurulduqdan sonra ona “sakit” dayanmağı kim söyləyib? Rusiya! Kim İrana ağır nəticələr verəcək anti-İsrail bəlağətini yığışdırmağı söyləyib? Yenə Rusiya! Kim İsrailə Suriyaya qarşı aviazərbələrinə son qoymasını söyləyib? Rusiya! Özünün yeddi hərbçisini itirdikdən sonra kim İrana “dinc” dayanmasını söyləyib? Rusiya! İranı mövcud qaydalar çərçivəsində fəaliyyət göstərməyə məcbur etmək üçün keçən həftə Netanyahu kiminlə görüşdü? Rusiyayla! Hətta Rusiya İranın hücumundən İsraili müdafiə edəcəyi sözünü də verib. Nə üçün İsrail özünün düşməni olan İranı dəstəkləyən Rusiyaya müraciət edir? Çünki o, İran kimi mövcud təhlükə ilə qarşılaşıb. İsrail bilir ki, Moskva Tehrana təsir edə bilər, Vaşinqton isə yox.
Daha mühüm olanı odur ki, İsrail Rusiya ilə çox sıx bağlıdır və onlar arasında dərin köklər var. ABŞ yəhudi dövləti ilə “xüsusi münasibətləri olan” yeganə ölkə deyil. Hələ 1990-cı illərin əvvəllərində İsrail rusiyalı milyon yəhudini qəbul edib ki, bunun da nəticəsində onun əhalisinin sayı 20% artıb.
Bu gün İsraildə ikinci dil rus dilidir və İsrailin böyük aviaşirkəti “EL Al” gündə iki dəfə Moskvaya birbaşa uçuş həyata keçirir. Əksər İsrail vətəndaşında Rusiya pasportu var və Netanyahu Trampa sərf etdiyi zaman qədər Putinlə yaxınlaşmağa da xeyli vaxt ayırır. Rusiya getdikcə daha çox ABŞ-ın sadəcə rəqibinə deyil, onun düşməninə çevrilir. İranın nüvə sövdələşməsi sadəcə ikinci dərəcəli məsələdir. Rusiya ABŞ üçün problem hesab olunur. Moskva ortadan çəkilmək istəmir və o, Vaşinqtonu kənara itələyib. Bu, təkcə bir partiyanın problemi yox, bütövlükdə Amerikanın problemidir. Bəs nə etmək lazımdır?
Birincisi – ABŞ Rusiyanın bu regiondakı təsir imkanlarına qarşı çıxmalıdır. Burada soyuq müharibənin məntiqinə uyğun şəkildə ”kim kimi” prinsipinə əsasən yox, daha incə yanaşma ilə fəaliyyət göstərmək vacibdir. Başlanğıc olaraq Rusiyanı onun işgüzar tərəfdaşı Türkiyə kimi ölkələrdən aralamaq lazımdır. Belə ki, Türkiyə və Rusiya arasında bir neçə əsr ərzində qarşıdurma olub.
Sonra isə Moskva üçün həmişə strateji əhəmiyyət daşıyan Misirə keçmək lazımdır. Hərçənd ki, hələlik Misir Rusiyanın düşərgəsinə daxil deyil. Hazırda yeni rəhbərlik seçən Livan kimi ölkələrdə Rusiyanı qabaqlamaq gərəkdir. Livanda heç də hamı İran və Rusiyanın aparıcı rol almasından razı deyil. Digər tərəfdən Amerika terrorizmlə mübarizə aparmaqla işini bitmiş hesab etməməlidir, çünki təkcə bu istiqamətdəki mübarizə liderliyə can atmağa kifayət etmir.
İkincisi - Rusiyanın istifadə edə biləcəyi imkanlar azaldılmalıdır. İraqa müdaxilə edəndən ABŞ vəziyyəti kəskinləşdirən və sabitsizləşdirən güc kimi tanınır. ABŞ vəziyyəti elə həddə gətirib ki, münaqişəli vəziyyətlərdə Putin özünün vasitəçilik gücünə hədsiz əmin olmağa başlayıb. Nəticədə Netanyahu Vaşinqtona deyil, Moskvaya gedib. Bu regiondakı tərəfdaşlar münaqişə edən zaman onları qızışdırmaq yox, onlarla işləməyin vacib olması anlamına gəlir. Məsələn, Tramp İsraildə səfirliyin yerini dəyişməklə münaqişəni qızışdırır. Bunun əvəzinə ABŞ problemlərin böhrana, böhranların isə münaqişələrə çevrilməməsinə rəhbərlik etməlidir. Putini regionda sülhün yaranmasına vasitəçilik rolu oynamaqdan məhrum etmək gərəkdir.
Üçüncüsü – Rusiya gücünü Yaxın Şərqə cəmləyib, çünki onun fikrini ətrafındakı inadkar və aqressiv peyk dövlətlər yayındırmırlar. ABŞ və onun müttəfiqləri soyuq müharibədə olduğu kimi, yenidən bu peyk dövlətlərə dəstək verməyə başlamalıdır. Bu, özgənin əliylə hibrid müharibəsinin aparılması deyil, əksinə, bu, insan haqlarının qorunması və Rusiyanın marionetkasına çevrilən dövlətlərdəki anti-korrupsiya təşəbbüslərinin dəstəklənməsi mənasını daşıyır. Moskvanı özünün daxili cəbhəsində narahat olmağa məcbur etmək lazımdır. Və onda onun Yaxın Şərqə vaxt ayırmağa çox az imkanı olacaq.

Bu xəbər oxundu
- - -