Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Güney Azərbaycan mətbuatı ana dili uğrunda mübarizənin aparıcı vasitəsi kimi

13.06.18, 12:14
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

1-ci yazı

Davamlı basqılara və qadağalara baxmayaraq, Güney Azərbaycanda mətbuat həmişə fəal mövqedə dayanmış, ana dilinin assimilyasiyasının qarşısının alınmasında müstəsna rol oynayıb və milli mübarizədə əsas yerlərdən birini tutub. Güney azərbaycanlıların ədəbi dilinin formalaşmasında və mətbuatının inkişafında 1941-ci ildə sovet qoşunlarının Təbrizə daxil olmasındakı rolunu xüsusi qeyd etmək lazımdır. Həmin hadisə nəticəsində Güney Azərbaycan Sovet İttifaqının Şərqlə bağlı siyasi oyunları fonunda müvəqqəti olaraq öz milli mətbuatını, dilini inkşaf etdirməyə başlamışdı. Yazılı ədəbi dilin formalaşması qeyd olunan hadisələrin gedişində yaradılmış Azərbaycan Demokrat Firqəsinin 1945-1946-cı illərdə demokratik hərəkata rəhbərlik etməsi ilə mümkün olmuşdu. Güney və Şimali Azərbaycanda ədəbi dil həmin vaxt təxminən eyni şəkildə işlənmək imkanı əldə etmişdi. Bu illərdə “Çelengər”, “Məsləhət”, “Yeni Şərq” kimi dövri nəşrlərin yayımlanması Azərbaycan dilinin sürətli inkişafını təmin edirdi. Azərbaycan Demokrat Firqəsinin rəsmi orqanı olan “Azərbaycan” qəzetinin bu sahədəki xidmətləri çox böyükdür. Təbrizdə nəşr olunan “Fəryad”, “Şahin”, “Ədəbiyyat səhifəsi”, “Vətən yolunda”, “Əxtəre şomal”, Ərdəbildə işıq üzü görən “Yumruq”, Urmiyada çap edilən “Qızıl əsgər” qəzetləri də belə dövri nəşrlərdən idi.
1945-1946-cı illərdə mövcud olmuş Azərbaycan Milli Hökuməti Azərbaycan dili məsələsini tam şəkildə həll etdi və fəaliyyət göstərən bütün qəzetlər ana dilində çap olunurdu. Lakin hökumətin süquta uğradılmasından sonra yenidən məhkum millət vəziyyətinə salınmış azərbaycanlılar etno-milli mənafe uğrunda mübarizəni milli-mədəni sferada yenidən aparmağa başlamışlar. Əsas mübarizə vasitələrindən biri də mətbuat idi. Hərəkatın və milli hökumətin süqutundan sonra 1946-1978-ci illərdə Azərbaycanda fars dilində 20-yə yaxın mətbu orqan buraxılırdı. Yalnız “Adinə” (1965-ci ildə) adlı türkcə-farsca qəzetin gizlincə yayımlandığı məlumdur. Azərbaycanlılar milli kimliyin qorunması, milli şüurun dərinləşməsi və inkişaf etdirilməsi üçün fars dilindən istifadə edərək öz milli kimliyini təsdiqləməyi vacib sayır və bu istiqamətdə də fəaliyyətlərini davam etdirirdilər. 1978-1979-cu illər İran İslam inqilabının qələbəsi ərəfəsində və ondan sonrakı dövrdə tamamilə yeni şəraitdə başlanan milli hüquqlar uğrunda mübarizənin nəticəsi olaraq ana dilinin hüquqları məhdud şəkildə olsa da, Əsas Qanunun XV maddəsində təsbit olundu. Qeyd olunan hüquqların həyata keçirilməməsi isə onun reallaşdırılması uğrunda aparılan mübarizəyə qanuni əsaslar verirdi. Bu maddələr İranda yaşayan azərbaycanlı fəallara türk dilinin vəziyyəti, rolu və statusu ilə bağlı məsələləri öz fəaliyyətnin əsas istiqaməti kimi seçmələrinə hüquqi əsas yaratmışdır. Onların həmin mübarizəsi, əsasən, dövri nəşrlər vasitəsilə ifadə olunurdu.
1978-1979-cu illər inqilabından sonra müvəqqəti azad olan Azərbaycan milli mətbuatı inqilabın yaratdığı ilkin şəraitdən istifadə edərək yenidən ana dilində fəaliyyətə başladı. İran İslam inqilabının gedişində İranda artıq demokratik, o cümlədən azərbaycandilli mətbuatın çapına və yayılmasına imkan yarandı. 1978-ci il oktyabr ayının 14-də mətbuata qoyulmuş senzura ləğv edildi. Şahın İranı tərk etməsindən (1979-cu il yanvarın 16-da) və Xomeyninin “Marksistlər öz baxışlarını ifadə etməkdə tamamilə azaddırlar” leytmotivli müraciətindən sonra 1979-cu il yanvar ayının 17-də Təbrizdə Azərbaycan və fars dillərində “Ulduz” adlı qəzetin ilk sayı dərc olundu. Artıq yeni yaranmış dövri nəşrlər milli ideologiyanın yenidən işlənməsi və yayılması ilə məşğul olurdu. İnqilabdan sonra Tehranda və eləcə də Cənubi Azərbaycanın Təbriz, Urmiya, Ərdəbil, Astara, Miyana, Zəncan, Əhər, Xoy, Maku, Şəbüstər, Muğan və digər şəhərlərində “Odlar yurdu”, “Çənlibel”, “Araz”, “Molla Nəsrəddin”, “Azərbaycan”, “Vətən yolunda”, “Oxtay”, “Səttarxan bayrağı”, “İrəli”, “Muştuluq”, “Bahare Azərbaycan”, “Azərbaycanın gələcəyi” kimi qəzetlər və “Koroğlu”, “Birlik”, “Azadlıq”, “Qardaşlıq”, “Dədə Qorqud”, “İnqilab yolunda”, “Azərbaycan səsi”, “Günəş”, “Ülkər”, “Yeni Yol” kimi dərgilər çap edilərək yayılırdı. Qeyd olunan kütləvi informasiya vasitələrində tarixi keçmişə həsr olunmuş yazıların əksəriyyəti qeyri-elmi və mürtəce paniranist konsepsiyasının təkzibinə yönəlmişdi. Dil və mədəniyyət sahəsində milli zülm siyasətinin ifşasına xüsusi diqqət yetirilirdi. Mətbuat səhifələrində Azərbaycan dilinin inkişaf mərhələləri ilə bağlı yazılar geniş yer tuturdu.
Bəhs olunan dövrdə sayı 30-dan çox olan qəzet və jurnallar, əsasən, siyasi təşkilatların ideya - təbliğat vasitəsi kimi yaradılır və nəşr olunurdu. Hələ 1979-cu ildə Tehranda Həbib Sahirin başçılığı ilə yaranmış Azərbaycan Azadlıqsevərlər Partiyası (sonra özünü Azərbaycan Mədəniyyəti Cəmiyyəti adlandırdı) siyasi və milli tələblər uğrunda mübarizəyə “Yoldaş” dərgisinin nəşri ilə başlamışdı. “Yoldaş” dərgisi sonradan nəşrə başlayan Azərbaycan dilli mətbuatın fəaliyyətində, onların ideya-siyasi yönümlərinin müəyyən olunmasında mühüm rol oynamışdı. Həmin nəşr müəyyən dövrdə İranın mövcud şəraitində solçu mövqe tutaraq yalnız fəhlə və kəndlilərinin mənafeyini müdafiə etsə də, 18-ci sayından sonra başlayan üçüncü dövründə dərginin milli mədəniyyət, Cənubi Azərbaycanın milli hüquqları uğrundakı mübarizəsində daha geniş sosial qüvvələrə əsaslanmağa çalışdığı hiss olunur. Dərgi az sonra “İnqilab yolunda”, daha sonra isə “Yeni yol” adları ilə nəşrini davam etdirmişdi. İranda inqilabın nailiyyətlərinin həyata keçirilməsi uğrunda mübariz yazıçılardan olan Hüseyn Məhəmmədzadə Sədiqin (Düzgün) səyi ilə çıxan dərgi bütün azərbaycandilli mətbuatın müstəqil və vahid bir cəbhədə birləşməsi ideyasını irəli sürürdü. 80-ci illərin əvvəllərində hökumət dərginin fəaliyyətinə qadağa qoydu.
Azərbaycançılığın təbliği ilə bağlı geniş fəaliyyət göstərən dərgilərdən biri də “Varlıq” idi. “Varlıq” məcmuəsini 1979-cu ilin aprelində doktor Cavad Heyət nəşr etməyə başlamışdı. Dərginin ideya-siyasi, ədəbi-ictimai platformasında milli dil, onun dirçəlişi məsələləri başlıca yerlərdən birini tuturdu. “Varlıq” dərgisi öz səhifələrində müxtəlif sənət sahiblərinin, ictimai xadimlərin ana dili haqqında məqalələrini nəşr etməklə milli dilin yaşaması və dövlət dili səviyyəsində işlənməsi uğrunda ardıcıl mübarizə aparırdı. “Varlıq” dərgisi digər tərəfdən Azərbaycan dilinin tarixi, onun türk dilləri sistemində yeri haqqında faktlara əsaslanan məqalələr çap etməklə Güney Azərbaycanda ana dilinin tarixi keçmişi, lüğət tərkibi, üslub zənginliyi haqqında təsəvvürləri genişləndirir, bir çox hallarda isə göstərilən problemlərin öyrənilməsində ilk mənbəyə çevrilirdi.
“Varlıq”ın əsas müəlliflərindən biri olan Həmid Nitqinin aşağıdakı sözləri dərginin milli dillə bağlı fəaliyyətini dolğun əks etdirir: “Bizi istəməyənləri hər şeydən artıq varlığımızın əsası olan dilimiz maraqlandırırdı”. XX əsrin 70-ci illərinin sonu 80-ci illərinin əvvəllərində “Varlıq”ın səhifələrində belə ictimai-siyasi tutumlu elmi-publisistik yazılar çoxluq təşkil edirdi. “Varlıq”da dil problemi, milli dilin tarixi və s. məsələlərlə bağlı bir çox müəlliflərin çıxış etməsinə baxmayaraq, dərginin “dil siyasətini” əsasən Cavad Heyətin silsilə tədqiqatları, elmi-publisistik yazıları təşkil edirdi. Ərəb qrafikasının türkcəyə uyğunlaşdırılması məsələləri haqqında “Varlıq”ın təşəbbüsü ilə təşkil olunan seminarlar və bu seminarlarda qəbul edilən yazı qaydaları diqqəti çəkir. Yazı qaydalarının müəyyən olunması mühüm mədəni hadisə olmaqdan başqa, həm də İranda azərbaycanca yazıların farscanın qəlibindən qurtarılması kimi qiymətləndirilməlidir.
“Varlıq” dərgisində Hüseynqulu Səlimi İran televiziyası və radiosunda Azərbaycan dilinin məsxərəyə qoyulmasına qarşı öz etirazını bildirir və bunu “Zəbane Pidigin Azərbaycan” adlandırırdı. O, qeyd edirdi ki: “Bu proqramlarda istifadə olunan Azərbaycan dili fars sözləri ilə qarışdırılıb. Bu, Azərbaycan dilini məsxərəyə qoymaqdır”. Əgər XX əsrin 80-cı illərinin əvvəllərində “Varlıq” dərgisində ictimai-siyasi mövzuda yazılar dərc olunurdusa, sonralar elmi-publisistik məqalələr üstünlük təşkil etməyə başlamışdı. Yazıların əsas məzmunu ana dili məsələsinin tədqiqi və təbliği ilə bağlı idi. Millətin dirçəlməsi üçün inqilabi şüarçılığa deyil, tarixi və mənəvi dəyərlərin, xüsusən folklorun təbii qüdrətindən milli təsdiq, özünüdərk faktı kimi istifadəyə üstünlük verməsi, yüksək intellektli, elmi-mədəni potensialı olan əməkdaşların bir araya gəlməsi, vahid ideya ətrafında toplanması “Varlıq” dərgisinin öz fəaliyyətini uzun zaman davam etdirməsinin səbəblərindəndir. “Varlıq” dərgisi Qarabağ məsələsində Azərbaycan xalqını müdafiə edir və öz dərin əlaqələrini və etnik bağlılıqlarını elan edirdi.
İnqilabın qələbəsindən dərhal sonra - 1979-cu ilin aprelində Tehranda yaşayan azərbaycanlı ziyalılar və siyasi fəalların yaratdığı “Azərbaycan əncüməni” 1981-ci ilin fevralından “Günəş” məcmuəsini nəşr etdirməyə başlamışdı. Dərgidə Azərbaycan xalqının illər boyu tapdalanmış milli-mədəni hüquqları ilə bağlı məqalələr dərc olunurdu. 1979-cu ildən Tehranda işıq üzü görən “Çənlibel” mətbu orqanı sonra “Azərbaycan səsi” adı ilə nəşr olundu. Əsasən Əlirza Sərrafiyə məxsus “Azərbaycanın səsi” dövri nəşrində milli məsələlərin təhlilinə daha çox yer verilirdi. Nəşrdə 1979-cu il üsyanının tezliklə zəifləməsi və nəticəsiz qalması ilə bağlı maraqlı və cəsarətli mülahizələr irəli sürülürdü. Dərgi yazırdı: “Üsyanda inqilabçı rəhbər təşkilat olmadığından bir qrup “ürəyiyananlar” “üstünlük” əldə edərək xalqın başlıca və mühüm milli, demokratik və antiimperialist tələbləri əvəzinə bütün əhali adından buraxdığı səthi qətnamələrə çoxu ruhanilərin xeyrinə olan bir sıra liberal tələblər irəli sürdülər”.
Bu illərdə ayrı-ayrı cəmiyyətlərlə yanaşı heç bir cəmiyyət və siyasi təşkilata bağlı olmayan şəxslər də dərgi və qəzetlər nəşr edirdilər. Bu sırada Təbrizdə çap olunan “Koroğlu”, “Dədə Qorqud” dərgisi, “Odlar yurdu” və “Araz” qəzetləri xüsusi vurğulanmalıdır. Bu kütləvi informasiya vasitələri əsasən azərbaycanlıların milli mədəniyyətinin bütün sahələrinin azərbaycanlılaşdırılması - ana dilinin azərbaycanlıların bütün mədəni həyatına daxil edilməsi uğrunda mübarizə aparırdı. “Dədə Qorqud” jurnalında fəhlə-kəndli mənafeyindən çıxış edilməklə verilmiş şüar-tələblər bu baxımdan çox səciyyəvidir: “Kargərə iş olsun, əkinçiyə yer olsun, ana dili azad olsun, Amerika nabud olsun”.

Yeganə Hacıyeva

Bu xəbər oxundu
- - -