Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“TANAP-ın açılışına qatılmadığı üçün prezidenti qınayıram”

14.06.18, 12:44
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Gürcüstan parlamentinin deputatı, “Gürcü Arzusu” Partiyasının funksioneri Mahir Dərziyevin “Gündəlik Teleqraf”a müsahibəsini oxucularımıza təqdim edirik:

- Mahir bəy, Əskişəhərdə baş tutan TANAP layihəsinin açılış mərasimində Gürcüstanın yüksək səviyyədə iştirak etməməsi diqqəti cəlb etdi. Rəsmi Tiflisinbelə əhəmiyyətli layihənin açılış mərasimində səfir səviyyəsində təmsil olunmasına səbəb nə olub?
- Açığını deyim ki, bunun səbəbini biz özümüz də bilmirik. Mən bilmirəm ki, hansı mülahizələrlə bu regional tədbirdə yüksək səviyyədə iştirak edilməyib. Adətən, belə tədbirlərdə Gürcüstanın prezidenti iştirak edir. İki ölkə rəhbərliyinin biri-birinə münasibəti də sizə bəllidir. Açığı, mən bu məntiqi anlamıram və başa düşmürəm. Gürcüstana ən yaxın dost və qardaş ölkələrin qatıldığı, bilavasitə onların iştirakı ilə həyata keçirilən və Gürcüstan üçün çox əhəmiyyətli olan layihənin açılış törənində yüksək səviyyətə iştirak etməmək qaranlıq və anlaşılmazdır. Prezidentin Əskişəhərdə TANAP-ın açılış mərasimində iştirak etməməsini qınayıram.
- Prezident Georgi Marqvelaşvilinin tədbirdə iştirak etməməsi Gürcüstanda müşahidə olunan daxili proseslər, siyasi vəziyyətlə bağlı ola bilərmi?
- Gürcüstanın daxilində ictimai-siyasi vəziyyətlə bağlı gərginlik, problemlər yoxdur. Tiflisdə baş verən aksiyalar əslində Gürcüstan üçün normal, demokratik ənənələrin oturuşması ilə bağlıdır. Burada demokratik ənənələrə, dəyərlərə yüksək qiymət verilir. Ölkədə baş verən son mitinqlərin səbəbi ilə bağlı ola bilsin ki, təhrif olunmuş informasiyalar yayılır. Bu aksiyalara səbəb Tiflisdə bir məktəbdə şagirdlər arasında dava düşməsi ilə bağlıdır. Sonradan bu cinayət işinin istintaqından narazılıq olub. Həmin sağırın atası etiraz edib, insanlar da onu dəstəkləyib. Bu zaman bizim hökumətin dəstəyi ilə baş prokuror olan şəxs istefaya getdi, istintaq komissiyası yaradıldı, cinayət işinin araşdırılması prokurorluqdan alınaraq Daxili İşlər Nazirliyinə verildi. Qısa müddətdə işlə bağlı 3 nəfər həbs edildi. Bu aksiyalarla, xüsusilə 4-5 min insanın mitinqi ilə hökumətin istefaya getməsi haqda fikir yayanlar sadəcə olaraq, vəziyyətdən istifadə edirlər. Ölkədə ictimai-siyasi durum bizim rəqiblərimizin iddia etdiyi kimi, heç də gərgin deyil. Normal proses gedir.
- Əgər ölkədə hər şey qaydasındadırsa, Baş nazir Giorgi Kvirikaşvilinin istefaya getməsinə səbəb nədir?
- Baş nazirin istefasına gözlənilməz demək olardı da, olmazdı da. Komandanın ayrı-ayrı üzvlərinin baş nazirə iradları var idi. O cümlədən ayrı-ayrı nazirlərin ünvanına iradlar səslənirdi. Bütövlükdə bu hökumətin fəaliyyətini uğurlu hesab etmək olar, amma inkişaf, islahatlar, bir növ yeni nəfəs lazımdır. Bu istefa baş nazirin özünün şəxsi qərarıdır. Giorgi Kvirikaşvili qərar qəbul edərək, istefaya getdi. Əlbəttə, burada bir çox mülahizələr ola bilər. Yəni baş nazirin hakim komandanın müəyyən iradları ilə razılaşmaması və s.
- Bu istefa, etiraz aksiyaları, TANAP-ın açılış mərasiminə münasibət Rusiyanın təsirinin nəticəsi ola bilərmi?
- Rusiyanın bizim ölkədə gedən proseslərə heç bir təsiri yoxdur. Rusiya Gürcüstana dolayısı ilə təsir edə bilər. Gürcüstanda Rusiyameylli qüvvələr var, əhalinin bir hissəsi Rusiya ilə münasibətlərdə başqa mövqe sərgiləyir. Amma Gürcüstan hökumətinə Rusiyanın təsir etmək imkanları və rıçaqları yoxdur. Hətta ABŞ-ın da buna təsir imkanı yoxdur. Düzdür, ABŞ və Avropa Gürcüstanın strateji tərəfdaşıdır. Amma ölkədə yaşananlar suveren ölkənin sırf daxili işləridir. Bura hər hansı bir xarici ölkənin, hətta müttəfiq və dost ölkənin təsiri istisna edilir.
- Gürcüstanın yeni baş nazirinin kimliyi haqda informasiya varmı?
- Bu gün saat 17:00-da “Gürcü Arzusu”nun parlament çoxluğu yeni baş nazirin namizədliyini müzakirə etmək üçün toplaşacaq. Mövcud qanunvericiliyə əsasən, yeni baş nazirin namizədliyi bir həftə ərzində prezidentə təqdim edilməli, həmin namizəd isə prezidentə hökumətin tam tərkibini təqdim etməlidir. Prezident də bir həftə ərzində bunu parlamentin təsdiqinə təqdim edəcək. Prosedur budur. Bu gün biz yeni baş nazirliyin kimliyi haqda müzakirələr aparacağıq.
- Kimin namizədliyinin irəli sürüləcəyi bəllidirmi?
- Biz iqtidar partiyası və parlament çoxluğu olaraq bu barədə məsləhətləşmə aparmamışıq. Amma cəmiyyətdə, mətbuatda yeni baş nazirin kimliyinə dair müxtəlif adlar çəkilir. O cümlədən Gürcüstanın daxili işlər naziri və maliyyə nazirinin adları qeyd edilir. Həmçinin cəmiyyətin bir xeyli hissəsi Bidzina İvanişvlinin yenidən dövlət hakimiyyətinə qayıtmasını istəyir. Müxtəlif fikirlər var. Amma real olaraq məsləhətləşmə aparılmayıb. Dünən axşam saat 18:30-da Baş nazir Giorgi Kvirikaşvili mətbuat konfransı keçirərək, istefasını elan edib. Bundan sonra partiya olaraq məsləhətləşmə aparmamışıq. Bu gün ilk dəfə toplaşacağıq.
- Aydındır ki, Rusiya TANAP layihəsinin baş tutmasında maraqlı deyildi. Gürcüstan isə TANAP-dan tranzit haqqı kimi milyonlar qazanacaq. Mümkündürmü Gürcüstan Rusiyadan ehtiyat edərək TANAP-ın açılış mərasimi ilə bağlı açıq mövqe sərgiləməsin?
- Mən bunu birmənalı olaraq istisna edirəm. Təbii ki, biz Rusiya ilə münasibətdə praqmatizmin tərəfdarıyıq. Saakaşvili dövründəki ritorikadan, hədə-qorxu siyasətindən uzağıq. Eləcə də yaxın qonşuluq siyasətinin tərəfdarıyıq. Amma “Gürcü Arzusu” hökuməti Rusiyanın diktəsi ilə Gürcüstanın milli maraqlarına zidd olacaq addımı heç vaxt atmaz. Gürcüstan üzərindən həyata keçirilən layihələr bizim üçün həyatı və strateji əhəmiyyətə malikdir. Həm iqtidarımız, həm də cəmiyyətimiz buna önəm verir. Bu məsələdə hökumətimizin Rusiyanın diktəsi ilə addım atmasını istisna edirəm.
- Gələcəkdə Gürcüstan tərəfindən TANAP-la bağlı anlaşılmaz problem yarana bilərmi?
- Xeyr! Bu mümkün deyil. Bizim ölkəmiz iqtisadi inkişaf xəttini müəyyən edərkən, prioritetlərdən biri turizm olub. Bilirsiniz ki, Gürcüstanın böyük turizm potensialı var. Bundan daha önəmlisi isə ölkəmizin energetika və nəqliyyat layihələrində iştirakıdır. Gürcüstanı bir növ dünya çapında nəqliyyat və energetika dəhlizinə çevrilməsidir. Bu bizim istəyimiz və hədəfimizdir. Bu məsələdə bizim iqtidar böyük uğurlar qazanıb. Son dövrlər Bakı-Tiflisi-Qars dəmir yolunun işə salınması bunun göstəricisidir. Bu vaxta qədər Gürcüstan üzərindən keçən qaz və neft kəmərlərinin reallaşmasına hər cür dəstək verilib, heç bir problem yaradılmayıb. Bundan sonra da belə olacaq. Hər hansı bir problem və təhlükə yoxdur.

Bu xəbər oxundu
- - -