Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Yaşı 18-dən 65-dək olan hər kəsin qan donoru olması mümkündür

14.06.18, 13:20
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Qan başqasına verilməsi mümkün olan ən qiymətli hədiyyə, həyat bəxşişidir. Donorun qanından alınan eritrosit, trombosit və plazma komponentləri müəyyən xəstəlikləri olan, bir və ya bir neçə nəfərin həyatını xilas edə bilər. Qan vermək insan həyatını xilas edir və sağlamlığı yaxşılaşdırır. Xüsusilə uşaqlıqdan kənar hamiləlik, doğuş müddəti və prosesində qanaxma ağırlaşmaları, qanazlığı, ağır travmalar, cərrahi əməliyyatlar və bu kimi bir sıra digər problemlər, o cümlədən xərçəng, talassemiya və oraqvari hüceyrə qanazlığı xəstəlikləri zamanı qan köçürülür. Bundan əlavə hemofiliyadan əziyyət çəkənlərə qan laxtalanma faktorları məhsullarının hazırlanması üçün qan lazım olur. Qanın orqanizmdə kəskin azalması da həyat üçün təhlükəlidir.
Bu barədə müsahibəsində B. Eyvazov adına Elmi Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunda donorların tibbi müayinəsi şöbəsinin həkim-terapevti Günel Əliyeva deyib. Onun verdiyi məlumata görə, yaşı 18-dən 65-dək olan hər kəs donor ola bilər. Bəzi hallarda milli qanunvericilik icazə verirsə, 17 yaşda da qan vermək mümkündür.
-Qan verməzdən əvvəl hansı qaydalara əməl etmək lazımdır?
-Qan verməzdən üç gün qabaq aspirin, analgin, no-şpa və digər qanı duruldan dərmanlar qəbul etmək olmaz. Əgər hansısa bir dərman qəbul edilibsə, o zaman qan verənə kimi donor qan köçürmə stansiyasının tibb işçilərindən konsultasiya almalıdır. Bu qayda hormonal kontraseptivlərə şamil olunmur. İki gün əvvəl isə alkoqol qəbuluna icazə verilmir. Qan verməzdən əvvəl yaxşı yatmaq və yüngül səhər yeməyi mütləqdir. Lakin qızardılmış, istiotlu, duzlu, hisə verilmiş yeməklər, bundan əlavə banan, yumurta, süd məhsulları və yağ yemək məsləhət deyil. Qidalanma zamanı şirin çay, kompot, mineral su, mürəbbə, çörək, suxarı, suda qaynadılmış yarma, balıq, tərəvəz və meyvə qəbul edilməsi daha məsləhətlidir. Qan verməzdən əvvəl içilən iki stəkan şirə və ya su qan verdikdən sonra yaxşı əhval-ruhiyyəni təmin edir. Həmin qaydalara əməl olunması xüsusən trombositlər və ya plazma verərkən daha vacibdir. Belə ki, onların pozulması tədarük olunan qan komponentlərinin keyfiyyətinə mənfi təsir edə bilər. Həmçinin qan ianə edilən gün intensiv fiziki işlə məşğul olmamaq məsləhətdir.
- Siqaret çəkməyə icazə verilirmi?
-Siqaret çəkmək donorluq üçün əks göstəriş deyil. Lakin həkimlər qan verməzdən bir saat əvvəl və bir saat sonra siqaret çəkməyi məsləhət görmürlər. Qana düşən nikotinin zəhərli təsiri xəstələr üçün, xüsusən yeni doğulan körpələr üçün təhlükəlidir, donorun əhvalına da pis təsir edə bilər.
- Qan vermə prosesi necə həyata keçirilir?
-18 yaşına çatmış donor 28 sualdan ibarət anket doldurur. Anketdə donor öz sağlamlığı, sürdüyü həyat tərzi və içdiyi dərmanlar barədə lazımi məlumatı göstərir. Donorun nəbzi və qan təzyiqi yoxlanılır. Qanverənin nəbzi müntəzəm olaraq dəqiqədə 50-100 vurğu olmalıdır. Qan təzyiqi adətən dəyişkəndir və müxtəlif ola bilər. Lakin sistolik təzyiq 180 mm, diastolik təzyiq isə 100 mm civə sütunundan artıq olmamalıdır. Donorun terapevt tərəfindən keçirilən tibbi müayinəsinə isə qanın kliniki və biokimyəvi analizləri, o cümlədən hepatit, sifilis, İİV və digər xəstəliklərin müayinəsi daxildir. Həmçinin qan qrupu və rezus-faktor da müəyyən edilir. Analizlərin nəticələri məxfi saxlanılır və yalnız donora bildirilir.
Qan verilməsi donor üçün maksimal rahat şəraitdə, xüsusi donor kreslosunda həyata keçirilir. Donorun bazusu rezin jqutla sıxılır, adətən dirsək çuxurundan nazik plastik boruya birləşdirilmiş iynə ilə qan konteynerə çəkilir. Prosesin daha yaxşı getməsi üçün donorun bir neçə dəfə intensiv olaraq əlini sıxıb açması kifayətdir. Alınan qanın standart dozası 450 ml təşkil edir.
Prosedur başa çatandan və iynə çıxarılandan sonra qan götürülən yerə tarım çəkilmiş sarğı qoyulur və həmin sarğını 3-4 saatdan sonra çıxarmaq olar.

Bu xəbər oxundu
- - -