Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Keçmiş nazir oğru generalla əlaqələrini inkar edir

20.06.18, 8:28
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Ohanyan Manvel Qriqoryanın əməllərindən "ürək ağrısı" keçirdiyini deyir

Ermənistan parlamenti təqaüddə olan məşhur generalı deputat toxunulmazlığından məhrum edib. Buna səbəb onun mülklərinə keçirilmiş reyd zamanı çox sayda silah-sursat, ərzaq və Ermənistan ordusu üçün nəzərdə tutulmuş başqa malların aşkar edilməsi olub.
Azadlıq radiosu xəbər verir ki, müdafiə nazirinin keçmiş müavini və 1990-cı illərdə Qarabağ müharibəsinin veteranı olmuş Manvel Qriqoryan Ermənistan hərbiyyəsində nüfuzlu fiqur və keçmiş prezident Serj Sarkisyanın Respublikaçı Partiyasının üzvü idi.
Bundan əvvəl verilən xəbərlərdə deyilirdi ki, Ermənistanda bu həftəsonu həbs edilmiş təqaüddə olan ordu generalı Manvel Qriqoryan ona qarşı irəli sürülmüş ittihamları rədd edir. Ona qarşı qanunsuz silah saxlamaq və mənimsəmə ittihamları irəli sürülüb.
Qriqoryan israr edir ki, onun özünə məxsus şəhərcikdə aşkar olunmuş ərzaq, dava-dərman və başqa ləvazimatın ona heç bir dəxli yoxdur. Bütün bunlar Ermənistan ordusu üçün nəzərdə tutulmuş təchizat malları idi.
Onun vəkillərindən biri – Karen Kamalyan mətbuat konfransında deyib ki, general bu şəhərciyə nadir hallarda, ildə bir-iki dəfə baş çəkərmiş. Bundan başqa vəkilin sözlərinə görə malların aşkar olunduğu anbara məxsus açarlar generalda olmayıb.
Başqa bir vəkil – Arayik Alvanian isə iddia edib ki, sözü gedən mallar anbara Qarabağ müharibəsi veteranlarının Yerkrapa İttifaqının başqa vəzifəli rəsmiləri tərəfindən gətirilib və oradan çıxarılıb. Vəkilin sözlərinə görə generalın bütün bunlardan xəbəri olmayıb. Qriqoryan Ermənistan ordusuna yaxın bu təşkilata 20 ilə yaxın rəhbərlik edib.
Bazar ertəsi yazdığı açıq məktubda Qriqoryan bildirir ki, onda sözü gedən malların mənimsənilmədiyinə və Yerkrapa təşkilatının legitim fəaliyyətinə sərf olunduğuna dair sənədlər var.
Ermənistanın Milli Təhlükəsizlik Xidməti ötən bazar Qriqoryanın bahalı villalarında və başqa mülklərində aparılmış axtarışın videosunu yayıb.
Aşkar edilmiş mallar arasında Ermənistan Silahlı Qüvvələrinin əsgərləri üçün nəzərdə tutulmuş alt paltarları, tibbi dərmanlar və konservlər var idi. Buradakı mallar arasında habelə 2016-cı il Qarabağ müharibəsi zamanı yerli icmalar, məktəblər və başqa mülki təsisatlar tərəfindən ianə edilmiş əşyalar da aşkar edilib.
2016-cı ildə Qarabağ müharibəsinin getdiyi günlərdə Ermənistanın müdafiə naziri olmuş Seyran Ohanyan deyib ki, Milli Təhlükəsizlik Xidmətinin videosuna baxanda “ürək ağrısı” keçirib. O israr edib ki, ianələrin mənimsənməsi barədə heç bir məlumata malik olmayıb.
Ohanyan “Azadlıq” radiosunun Erməni xidmətinə deyib ki, adamların orduya yardımını sənədləşdirmək üçün xüsusi komissiya təşkil olunmuşdu. Bu komissiya ianə edilmiş malların təyinatı üzrə istifadəsinə cavabdeh idi. Ohanyan bütün günahın ianələri ordu hissələrinə çatdırmalı olan “adsız” strukturlarda olduğunu deyib.
Ötən həftə Ohanian 2014-2017-ci illərdə Ermənistan Müdafiə Nazirliyində baş vermis pozuntuları araşdıran vergi müfəttişləri tərəfindən dindirməyə dəvət edilib. Dövlət Əmlak Komitəsi bildirib ki, keçmiş nazir dindirməyə şahid qismində dəvət olunub.
Bu yaxınlarda Ermənistan ordusunun qərargah rəisliyinə təyin edilmiş general-mayor Artak Davtyan deyib ki, bundan sonra “cəzasızlıq davam edə bilməyəcək”.
Davtyan bildirib ki, Ermənistan hərbiyyəsi “ən əhəmiyyətsiz pozuntulara qarşı mübarizədə” ölkə hökumətinə dəstək verəcək.

Bu xəbər oxundu
- - -