Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Ombudsmanların XV Bakı Beynəlxalq Konfransı keçirilib

20.06.18, 8:54
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Bakıda "Hüquq bərabərliyinin təmin olunmasında və təşviqində milli insan hüquqları təsisatlarının rolu" mövzusunda Ombudsmanların XV Bakı Beynəlxalq Konfransı keçirilib. Konfrans Azərbaycan Respublikasında "İnsan Hüquqları günü", AXC-nin yaradılmasının 100 illiyi, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyi və Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin qəbul edilməsinin 70 illiyinə həsr olunub.
Tədbirə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman), Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev, Milli Məclisin sədr müavini Bahar Muradova, BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai, dövlət və hökumət rəsmiləri, xarici ölkələrin ombudsmanları, insan hüquqları sahəsində beynəlxalq ekspertlər, Milli Məclisin deputatları, ölkəmizdə akkreditə olunan diplomatik korpusun nümayəndələri, QHT-lərin və KİV-lərin təmsilçiləri qatılıblar.
Konfransdan öncə qonaqlar Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət ediblər. Konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Tədbirdə çıxış edən Ombudsman Elmira Süleymanova bildirib ki, "Azərbaycan inkişafına görə ölkələr arasında qabaqcıl yer tutub". Tarixə nəzərə salan Ombudsman Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi və həmin dövrdə ölkəmizin əldə etdiyi uğurlardan söz açıb. O bildirib ki Azərbaycanda qadınlara ilk seçki hüququ, ordumuzun yaranması, Bakı Dövlət Universitetinin yaranması 23 aylıq AXC-nin əldə etdiyi ən mühüm uğurlardan sayılıb. Azərbaycanın ikinci dəfə 1991-ci illərdə qazandığını dilə gətirən Ombudsman söyləyib ki, bu müstəqilliyin qorunması Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra mümkün olub: Ulu Öndərin hakimiyyəti dövründə Azərbaycan qısa müddətdə çox böyük inkişaf yolu keçib. Azərbaycanın bir çox ölkələrlə diplomatik əlaqələri var".
Azərbaycanda insan hüquqlarının yüksək səviyyədə qorunduğunu deyən E.Süleymanova söyləyib ki, bir sıra ölkələrdə ölüm cəzası qalsa da Azərbaycanda ölüm cəzası ləğv edilib. O əlavə edib ki, Azərbaycan insan hüquqlarının qorunması sahəsində beynəlxalq təşkilatlar qarşısında götürdüyü öhdəlikləri yerinə yetirir.
Elmira Süleymanova ölkəmizin 30 ildən artıq müddətdə davam edən Ermənistanın hərbi təcavüzü nəticəsində ərazilərimizin 20 faizinin işğal altında olmasına baxmayaraq, sürətlə inkişaf edərək dünya dövlətləri arasında özünə layiqli yer tutduğunu vurğulayıb.
Ölkəmizdə ombudsman təsisatının 15 illik uğurlu fəaliyyətindən danışan E.Süleymanova insan hüquq və azadlıqlarının qorunması məqsədilə həyata keçirilən müxtəlif tədbirlərdən, o cümlədən geniş maarifləndirmə işindən danışıb.
Elmira Süleymanova əlavə edib ki, Azərbaycanın müstəqilliyinin ilk illərində ölkədə yoxsulluğun dərəcəsi 85 faiz müəyyən edilmişdi: “Sonradan həyata keçirilən iqtisadi islahatlar nəticəsində bu rəqəm əhəmiyyətli dərəcədə aşağı düşüb". O bildirib ki, Azərbaycanda işsizlik 5 faizə endirilib. E. Süleymanovanın sözlərinə görə, ölkə daxilində 240 müəssisə var ki, insanlar həmin yerləri öz iradəsi ilə tərk edə bilmir: "Bizim Milli Preventiv Qrup tərəfindən bu müəssisələrdə monitorinqlər aparılır".
Ombudsman sonuncu seçkilərdən sonra bələdiyyələrdə qadınların sayının 35 faizə çatdığını qeyd edib. E. Süleymanov illər öncə bələdiyyələrdə qadınların sayının 4 faiz olduğunu xatırladıb.
Konstitusiya Məhkəməsininin sədri Fərhad Abdullayev vurğulayıb ki, 2018-ci il çox əlamətdar ildir: "Bildiyiniz kimi bu il dövlət başçısı İlham Əliyev tərəfindən Cümhuriyyət ili elan edilib. Bununla bağlı silsilə tədbirlər keçirilir və bu tədbirlər davamlı olacaq". Bu yaxınlarda Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 100 illiyi ilə bağlı mühüm tədbirin keçiriləcəyini dilə gətirən Məhkəmə sədri söyləyib ki, 2018-ci ildə eyni zamanda Ulu Öndər Heydər Əliyevin 95 illiyinin tamam olması bizim üçün əlamətdardır: "Azərbaycan müstəqilliyini asan şəkildə əldə etməyib. Ümumiyyətlə müstəqillik asan yolla əldə edilmir. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı və həyata keçirdiyi mühüm işlər nəticəsində ölkəmizin müstəqilliyi qorunub saxlanıb".
Ümummilli liderin Azərbaycan Konstitusiyasının qəbulundan gördüyü işlərdən söz açan F.Abdullayev söyləyib ki, Azərbaycanın çətin bir dövründən müstəqil Konstitusiyanın qəbulu, ölkə qanunvericiliyinin qurulması çox vacib məsələ idi ki, bu da Ulu Öndərin fəaliyyəti nəticəsində mümkün olub: "Ümummilli Liderin bu istiqamətdə fəaliyyəti Onun şah əsəridir".
F.Abdullayev qeyd edib ki, bir sıra qanunvericilik aktlarında aparılan dəyişiklər nəticəsində Azərbaycanda vətəndaşlarımız stabil şəraitdə yaşayır: "Azərbaycan müstəqil siyasətini həyata keçirir. Hüququ dövlətin inkişafı müstəqil siyasətimizlə bağlıdır".
Ombudsmanın fəaliyyəti haqqında fikir bildirən Konstitusiya Məhkəməsinin sədri söyləyib ki, məhkəmə tərəfindən 30-da yaxın qərarlarda ombudsmanın təşəbbüsü öz əksini tapıb: "Biz çalışırıq ki, Konstitusiya müddəaları anlaşıqlı düzgün başa düşülməsi üçün daha da asanlaşsın, yüngülləşsin".
Milli Məclisin sədr müavini Bahar Muradova deyib ki, beynəlxalq ictimaiyyət hər bir insan, xalq, millət üçün təhlükəsiz yaşamağa şərait yaratmalıdır və hər insan, millət bundan bəhrələnməlidir: “Bizim bundan başqa yolumuz qalmayıb”. Onun sözlərinə görə, 18 iyun bütün ölkələrdə Insan Hüquqları Günü kimi qeyd edilir: "Lakin çox təəssüf ki, insan hüquq və bərabərliyinin təmin olunmasını nəzərdə tutan beynəlxalq sənədin nəzərdə tutduğu müddəaları yerinə yetirməli olan ayrı-ayrı təşkilatlarlar, beynəlxalq ictimaiyyət bu müddəaları yerinə yetirmir. Çox təəssüf ki ki, biz getdikcə belə hallarla daha çox qarşılaşırıq. Bu gün dünyada milyonlarla qaçqınlar bu günü qeyd etməyə məcbur olurlar. Bu günün qeyd olunmasının vacibliyi beynəlxalq təşkilatlara bir daha onu göstərir ki, insanlar öz ölkələrində, yaxud da sərbəst şəkildə seçdikləri ölkələrdə heç bir dini, irqi fərq qoyulmadan öz hüquqlarını reallaşdıra bilməli, bir ölkədə qəbul olunmuş qaydalar digər ölkədə keçərli olmalıdır".
BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai bildirib ki, milli insan hüquqlarını rolu, insan hüquqlarının təmini beynəlxalq sənədlərdə öz əksini tapıb: “Milli insan hüquqlarının təsisatının medianın, təhsilin rolu böyükdür”. Azərbaycanda Cümhuriyyətin 100 illiyinin qeyd olunduğunu deyən İshaqzai söyləyib ki, Şərqdə qadınlara ilk seçki hüququ Azərbaycanda verilib. O bildirib ki, Azərbaycan dövlətinin Konstitusiyasında insan hüquq və azadlıqları əsas olaraq götürülüb: "BMT-nin insan hüquqları ilə bağlı 9 sənədindən 8-i Azərbaycanda ratifikasiya olunub. BMT ilə Azərbaycan arasında insan hüquqlarının qorunması istiqamətində səmərəli əməkdaşlıq qurulub. Qaçqın və məcburi köçkünlərlə bağlı silsilə tədbirlər keçirilir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin qəbul edilməsindən 70 keçsə də, bu gündə bu istiqamətdə səmərəli işlər görüb, maarifləndirmə işləri aparıla bilər. 70 illik dövrdə insan ləyaqətinin möhkəmlənməsi istiqamətində mühüm işlər görülüb. Biz Azərbaycanda davamlı inkişaf məqsədlərinin həyata keçirilməsi üçün mühüm işlər görəcəyik".

Bu xəbər oxundu
- - -